07 oktyabr 2026 15:09
107

Hicran Hüseynova şəhid Şəhriyar Quliyevin ailəsini ziyarət edib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputat Hicran Hüseynova Vətən müharibəsi şəhidi Şəhriyar Quliyevin Sumqayıt şəhərinin 6-cı mikrorayonunda yaşayan ailəsini ziyarət edib.

“İki sahil” xəbər verir ki, görüş zamanı şəhid ailəsinin qayğıları, müraciətləri və gündəlik həyatında qarşılaşdığı məsələlərlə maraqlanılıb. Söhbət zamanı Şəhriyar Quliyevin Vətən qarşısındakı xidmətlərindən, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi qəhrəmanlıqdan danışılıb, şəhidin şərəfli döyüş yolu xatırlanıb və əziz xatirəsi dərin ehtiramla yad edilib.

Hicran Hüseynova şəhidin həyat yoldaşı Pərvin xanıma göstərdiyi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, şəhid ailələri ilə görüşlər Azərbaycan qadınının mənəvi gücünü, dözümünü və mətinliyini bir daha nümayiş etdirir. Vətən müharibəsində həyat yoldaşını Vətənə qurban verən qadınların ailələrini qoruyub saxlaması, övladlarını böyütməsi, şəhidlərin adını və xatirəsini yaşatması böyük hörmət və ehtirama layiqdir.

Deputat vurğulayıb ki, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərin ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər dövlətin öz qəhrəman övladlarının ailələrinə yüksək diqqətinin göstəricisidir.

Hicran Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qadınlara və uşaqlara göstərdiyi diqqət və qayğının da xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, şəhid ailələrinin sosial və mənəvi dəstəklə əhatə olunması, övladlarının gələcəyə inamla böyüməsi cəmiyyətin ümumi məsuliyyətidir.

Görüşdə şəhid Şəhriyar Quliyevin övladlarının Vətənimizin gələcəyi olduğu vurğulanıb. Qeyd edilib ki, onların sağlam, xoşbəxt və layiqli vətəndaşlar kimi böyüməsi, atasının adını və şərəfli yolunu gələcəyə daşıması hər kəs üçün mənəvi əhəmiyyət daşıyır.

Sonda şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların ailələrinə göstərilən diqqət və qayğının davamlı olmasının vacibliyi vurğulanıb. Şəhriyar Quliyev kimi Vətən uğrunda canından keçən qəhrəmanların adı və xatirəsinin daim yaşayacağı bildirilib.