09 oktyabr 2026 01:25
124

Müəllimlər üçün geyim standartı məktəbdə nəyi dəyişəcək?

Təhsil eksperti: Etik qaydalara uyğun olmayan geyim şagirdin diqqətini dərsdən yayındıra bilər

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Nazirlər Kabinetinin qəbul etdiyi qərarla müəllimlərin məktəbdə və məktəbdənkənar rəsmi tədbirlərdə geyimlərinə dair əsas çərçivə müəyyən olunub. Yeni yanaşmanın əsas məqsədi təhsilverənlərin geyimi ilə bağlı vahid yanaşmanın formalaşdırılması və məktəbdə işgüzar geyim mədəniyyətinin təşviq edilməsidir.

Qərara əsasən, təhsilverənlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, eləcə də məktəbi təmsil etdikləri məktəbdənkənar rəsmi və təntənəli tədbirlərdə müəyyən edilmiş tələblərə riayət etməlidirlər. Bu yanaşma müəllimlərin yalnız dərs prosesində deyil, məktəbi təmsil etdikləri digər rəsmi tədbirlərdə də vahid geyim mədəniyyətinə uyğun davranmasını nəzərdə tutur.

Yeni tələblərin mühüm istiqamətlərindən biri geyimin ümumi təhsil müəssisəsinin fəaliyyət xüsusiyyətlərinə uyğunlaşdırılmasıdır. Belə ki, təhsilverənlərin geyimi, o cümlədən istifadə etdikləri geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalıdır. Bununla yanaşı, qaydalar milli dəyərlərlə bağlı tədbirlər zamanı fərqli yanaşmaya da imkan verir.

Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir. Bu, bir tərəfdən gündəlik işgüzar geyim yanaşmasının qorunmasını, digər tərəfdən isə xüsusi tədbirlərdə milli geyim və mədəni irsin nümayiş etdirilməsini mümkün edir.

Tələblərin praktikada necə tətbiq olunacağı da qərarda müəyyənləşdirilib. Belə ki, təhsilverənlərin geyimlə bağlı müəyyən edilmiş qaydalara riayət etməsinə məktəbin rəhbərliyi nəzarət edəcək. Təhsilverənlərin tələblərə riayət etməsi ilə bağlı yaranan məsələlər isə məktəbin Pedaqoji Şurası tərəfindən həll ediləcək.

Bu baxımdan yeni qaydalar yalnız geyim formasının müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Burada məktəbdə ümumi işgüzar mühitin və peşəkar davranış mədəniyyətinin formalaşdırılması da əsas istiqamətlərdən biri kimi çıxış edir. Müəllimin məktəbdəki görünüşü onun peşəkar fəaliyyətinin ümumi mühitinin bir hissəsi kimi qiymətləndirilir.

Müəllimin geyimi şagird üçün də nümunə ola bilər

Təhsil eksperti Ramin Nurəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, tədris prosesində həm təhsil verənlərin, həm də təhsil alanların müəyyən qaydalara uyğun olması məktəblərdə nizam-intizamın təmin edilməsi baxımından əhəmiyyətlidir. Şagirdlər üçün vahid məktəbli formasının tətbiqi ilə yanaşı, müəllimlərin də müəyyən geyim standartlarına uyğun olaraq tədris prosesinə cəlb olunması bu baxımdan müsbət addımdır.

Onun sözlərinə görə, hər hansı məktəbdə müəllim müəyyən geyim qaydalarına riayət edirsə, bu, şagirdlərə də nümunə olur və onların vahid məktəbli geyim formasından kənara çıxmamasına təsir göstərir. Müəllimlər üçün müəyyən standartların tətbiqi məktəbdə nizam-intizamın qorunması ilə yanaşı, bərabərlik prinsipinin təmin olunmasına da müəyyən qədər töhfə verə bilər.

R.Nurəliyev hesab edir ki, bəzi hallarda maddi imkanları daha yüksək olan müəllimlərin fərqli üslubda geyimlərə üstünlük verməsi, eləcə də etik qaydalara uyğun olmayan geyimlərdən istifadə etməsi müşahidə olunur. Bu cür hallar istər-istəməz şagirdlərin diqqətinin dərsdən yayınmasına və fərqli istiqamətlərə yönəlməsinə səbəb ola bilər. Bu baxımdan Nazirlər Kabinetinin müəllimlərin geyimi ilə bağlı qəbul etdiyi qərar məqsədəuyğundur.

İşgüzar görünüşün arxasında daha geniş bir yanaşma dayanır

Beynəlxalq təcrübəyə nəzər saldıqda, bir sıra ölkələrdə, o cümlədən Türkiyədə də orta təhsil müəssisələrində müəllimlərin geyimi ilə bağlı müəyyən standartların tətbiq olunduğunu söyləyən ekspert Azərbaycanda müəyyən edilən qaydaları da bu baxımdan uyğun və məqsədəuyğun hesab edir.

Məsələn, kişi müəllimlər üçün kostyum, köynək və müəyyən rəng standartlarına uyğun geyim tövsiyə olunur. Qalstuk taxılması isə məcburi deyil, müəllimin istəyindən asılıdır. İdman geyimlərinin, o cümlədən idman ayaqqabılarının istifadəsinə yalnız müvafiq dərslər çərçivəsində yol verilir. İdman müəlliminin öz dərsində bu tip geyimdən istifadə etməsi isə tədrisin xarakterinə uyğundur.

Qadın müəllimlər üçün də müəyyən standartlar nəzərdə tutulur. Ətəyin dizdən aşağı olması, şalvar və pencəkdən ibarət kostyumlara, köynək və koftalara üstünlük verilməsi tövsiyə olunur. Geyim tərzinin etik və davranış qaydalarına uyğun olması əsas şərtlərdəndir. İdman ayaqqabılarının istifadəsi də müəllimlər üçün uyğun hesab edilmir.

Seçimlərə çərçivə gəlir, vahid yanaşma önə çıxır

Ekspertin qənaətinə görə, bu standartlar müəllimlərin tədris prosesində daha səliqəli və peşəkar görünüşünün təmin olunmasına xidmət etməklə yanaşı, məktəblərdə nizam-intizamın və müəyyən balansın qorunmasına da istiqamətlənib. Məktəbə daxil olan zaman həm müəllimin, həm də şagirdin müəyyən standartlara uyğun şəkildə tədris prosesində iştirakı həmin təhsil müəssisəsində nizam-intizamın formalaşmasına müsbət təsir göstərə bilər.

R.Nurəliyev əlavə etdi ki, artıq müəllimlərin geyim seçimində müəyyən çərçivələr olacaq. Onlar istədikləri formada geyim seçə, eləcə də qaydalara uyğun olmayan aksesuarlardan və zinət əşyalarından istifadə edə bilməyəcəklər. Müəyyən olunmuş standartlara riayət edilməsi məktəb mühitində vahid yanaşmanın formalaşmasına xidmət edəcək.

Nigar Orucova, "İki sahil"