08 oktyabr 2026 23:37
151

Hövsan Yarış Kompleksinə media-tur təşkil olunub - FOTOLAR

Azərbaycanın ev sahibliyi edəcəyi futbol üzrə U-15 Dünya Çempionatı və Festivalının oyunları ilə əlaqədar yeni inşa olunmuş Hövsan Yarış Kompleksinə media nümayəndələri üçün tur təşkil edilib. Tədbirdə 30-dan çox media nümayəndəsi iştirak edib.

Media-tur zamanı jurnalistlərə kompleksin infrastrukturu, tikinti prosesi, layihənin əsas məqsədləri və ərazidə görülən işlər barədə ətraflı məlumat verilib. AFFA-nın baş katibi Cahangir Fərəcullayevin müşaviri Ramazan Səmədov media nümayəndələrini kompleks ərazisində müşayiət edib, burada yaradılan futbol meydançaları və digər infrastruktur obyektləri ilə onları yaxından tanış edib.

Hövsan Yarış Kompleksinin imkanları, ta mamlama işlərinin gedişatı və gələcək planlarla bağlı jurnalistlərin suallarını cavablandıran Ramazan Səmədov ərazidə qısa müddətdə böyük işlərin görüldüyünü diqqətə çatdırıb: “Qısa müddət ərzində burada tikinti işləri tam başa çatdırılıb və FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazır vəziyyətə gətirilib. Xüsusi vurğulamaq istəyirəm ki, bütün bu böyükhəcmli işlər cəmi 66 gün ərzində görülüb. Bu uğurun arxasında böyük insan əməyi dayanır. Bütün işlər Prezident İlham Əliyevin Sərəncamından irəli gələrək, AFFA-nın prezidenti Rövşən Nəcəfin rəhbərliyi və baş katib Cahangir Fərəcullayevin tapşırıqları əsasında həyata keçirilib. Həmçinin Baş nazirin müavini Samir Şərifovun və digər dövlət qurumlarının dəstəyini xüsusi qeyd etmək istəyirəm. Onlar tikintinin ilk günlərindən yanımızda olub, gecə-gündüz bizə dəstək göstəriblər.” 

O, layihənin baş podratçısı olan SOCAR-ın “Neftqaztikinti” Trestinin rolunu da yüksək qiymətləndirib: “Əsas podratçı kimi SOCAR-ın “Neftqaztikinti” Trestinin gördüyü işlər Azərbaycan futbolu üçün böyük töhfədir. Buna görə SOCAR rəhbərliyinə və kollektivinə minnətdarlığımı bildirirəm”. 

Baş katibin müşaviri əlavə edib ki, 15 yaşlılar arasında keçiriləcək dünya çempionatı bu layihə üçün bir təkan olsa da, əsas məqsəd daha uzunmüddətlidir: “Bizim ən böyük arzumuz uşaq futbolunun inkişafı üçün belə şəraitin yaradılması idi. Artıq milli komandalarımız və xüsusilə də uşaq futbolunun inkişafı üçün müasir infrastruktur mövcuddur”.

SOCAR-ın "Neftqaztikinti" Trestinin müdiri Qağaməli Seyfullayev media nümayəndələrinə bildirib ki, Bakıda U-15 dünya çempionatının keçirilməsi üçün nəzərdə tutulan kompleksdə tikinti işləri yekunlaşmaq üzrədir: “Obyektin tikintisində layihənin sifarişçisi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), baş podratçı təşkilat qismində isə SOCAR-ın “Neftqaztikinti” Tresti çıxış edir. Layihə üzrə görülən işlərə SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanmış layihə əsasında başlanılıb. Tikinti prosesində SOCAR-ın Nəqliyyat İdarəsinin texnika və mexanizmlərindən də istifadə olunub. Bundan əlavə, xüsusi və spesifik işlərin yerinə yetirilməsi üçün tender yolu ilə müəyyənləşdirilmiş subpodratçı təşkilatlar prosesə cəlb edilib.”

Q.Seyfullayev vurğulayıb ki, ərazi ümumilikdə iki hissədən ibarətdir. Əsas, daimi ərazi 12 hektardır. 480 metr uzunluğunda, 250 metr enində olan bu ərazidə ümumilikdə 10 ədəd stadion layihələndirilib, inzibati bina və əsas infrastrukturlar yerləşir. 6,6 hektarlıq köməkçi ərazidə isə media qrupları, xidməti personalın qidalanması, sanitar qovşaqlar və geyinib-soyunma otaqları üçün 23 müxtəlifölçülü çadır quraşdırılıb: "Hazırda isə son tamamlama işləri həyata keçirilir. Buraya ehtiyat oyunçular üçün oturacaqların quraşdırılması, ara setkaların asılması, küləkdən qorunmaq üçün tentlərin çəkilməsi, həmçinin proyektor dayaqlarının quraşdırılması daxildir".

Trestin müdiri qeyd edib ki, 10 stadionun hamısında işlər artıq başa çatıb, yaşıl örtüklər döşənib. Hazırda ehtiyat oyunçular üçün oturacaqların yerləşdirilməsi, küləyə qarşı torların çəkilməsi, projektorların quraşdırılması kimi son tamamlama və sınaq işləri aparılır. Kompleksin texniki göstəricilərindən söz açan Q.Seyfullayev vurğulayıb ki, stadionlarda yağış sularının kənarlaşdırılması üçün perimetr boyunca xüsusi qurğular, yerin altında ümumi uzunluğu 3200 metr olan boru xətləri quraşdırılıb, 114 ədəd quyu qazılıb: “Ərazidə FİFA standartlarına tam cavab verən, 40 dayağın üzərində ümumilikdə 360 ədəd projektor yerləşdirilib. Bundan əlavə, ərazi boyunca 210 işıqlandırma dirəyi, 134 videomüşahidə kamerası və mərkəzləşdirilmiş səs sistemi quraşdırılıb. Bütün bu sistemlər 10 otaqdan ibarət inzibati binadan idarə olunacaq.

Ərazidə böyük həcmdə asfaltlama və yaşıllaşdırma işləri görülüb. Ümumilikdə 186 min 300 kvadratmetr əraziyə asfalt örtüyü vurulub. Köməkçi hissədə 337 minik avtomobili və 60 böyüktutumlu avtobus üçün dayanacaqlar hazırlanıb. İdmançıların paltardəyişmə yerləri Atletlər Kəndində nəzərdə tutulduğundan, onlar yarışdan sonra xüsusi avtobuslarla geri qayıdacaqlar. Köməkçi sahədə işçilər üçün 41 məişət evciyi, sanitar qovşaqlar və İT otaqları təşkil edilib”.

Qeyd edək ki, hazırda Hövsan Yarış Kompleksində ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının  təşkili üçün hazırlıq işləri davam etdirilir. FIFA standartlarına uyğun şəkildə qurulan kompleksdə turnir çərçivəsində oyunların keçirilməsi üçün 10 müasir futbol meydançası inşa edilib.

FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində dünyanın 190-a yaxın ölkəsindən FIFA-ya üzv assosiasiyaların prezidentləri, baş katibləri, rəsmi nümayəndə heyətləri, eləcə də 4 minə yaxın gənc futbolçu və məşqçi heyətinin Azərbaycana səfəri gözlənilir.

Yarışlardan sonra isə Hövsan Yarış Kompleksinin Azərbaycan futbolunun inkişafına, xüsusilə də uşaq və yeniyetmə futbolunun daha da inkişaf etdirilməsinə xidmət edən idman infrastrukturu kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Kompleksin gələcəkdə müxtəlif yaş qrupları üzrə milli komandaların, futbol akademiyalarının və digər yerli komandaların hazırlıq prosesində istifadə olunması planlaşdırılır.

Orxan Vahidoğlu, "İki sahil"