Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində “44” bədii filminin nümayişindən əvvəl mətbuat konfransı təşkil olunub.
“İki sahil” xəbər verir ki, konfransda media nümayəndələrinin suallarını filmin yaradıcı və texniki heyətinin üzvləri cavablandırıblar.
Əvvəlcə filmin treyleri nümayiş etdirilib.
Filmin bədii rəhbəri Anar Ələkbərov 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində mühüm iz qoyduğunu bildirib. O, Azərbaycan xalqının öz əsgərinə və Ali Baş Komandanına inandığını vurğulayıb, bu mövzuya müraciət etmək imkanı yaratdığına görə Ali Baş Komandana təşəkkürünü bildirib. Qeyd edib ki, layihə üzərində böyük həssaslıqla çalışıblar və media nümayəndələri hər zaman onların yanında olub.
Ekran əsərinin quruluşçu rejissorları İsmayıl Səfərəli və Maksim Smetana filmin böyük məsuliyyət daşıdığını diqqətə çatdırıblar. Onların sözlərinə görə, ekran əsəri şəhidlərimiz və qazilərimiz qarşısında məsuliyyətin ifadəsidir. Filmin əsas motivini isə Vətənə sevgi təşkil edir.
Filmin prodüseri Orman Əliyev “44” bədii filminin gələcəkdə daha çox beynəlxalq platformada nümayişi və beynəlxalq festivallarda iştirakı üçün çalışacaqlarını bildirib. O, 30 ildən çox müddətdə hər bir azərbaycanlının bu qələbəni gözlədiyini və belə bir mövzuya müraciət etməyin böyük məsuliyyət tələb etdiyini vurğulayıb. Layihənin beynəlxalq xarakter daşıdığını, filmdə xarici ölkələrin nümayəndələrinin də iştirak etdiyini diqqətə çatdırıb.
“15 ilə yaxındır fəaliyyət göstərən Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva kino sahəsinə xüsusi diqqət göstərir. Mərkəz müasir texniki bazaya malikdir. Layihənin müxtəlif mərhələlərinə beynəlxalq mütəxəssislər də cəlb olunub. Filmin kaskadyorluq və trük səhnələrinin quruluşu, pirotexniki effektlər, çəkiliş meydançasında səs yazılışı, operator dəstəyi, qrim işləri, musiqinin yazılışı, səs miksi və səs dizaynı, kompüter qrafikasının yaradılması, rəng korreksiyası və görüntünün yekun emalı, eləcə də premyera nümayişi üçün texniki avadanlıqların təchizatı 13 ölkədən – ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Estoniyadan olan mütəxəssislər tərəfindən həyata keçirilib”, - deyə O.Əliyev əlavə edib.
Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir obrazını canlandıran Türkiyənin tanınmış aktrisası Özge Gürel çəkiliş meydançasındakı təəssüratlarını bölüşüb. O, real hadisələrə əsaslanan filmdə yer almağın böyük məsuliyyət olduğunu vurğulayıb.
“Bir xalqın yaşadığı ağrıları, mübarizəsini və bu mübarizənin sonunda qazandığı qələbəni ekran vasitəsilə çatdırmaq həm məsuliyyətli, həm də duyğusal baxımdan əhəmiyyətli təcrübədir. Çəkilişlər zamanı özümü sanki doğma evimdə, dost məclisindəki kimi hiss etdim. Proses həyəcan və xoşbəxtlik içində keçib. Bu filmin bir parçası olmaqdan məmnunam”, – deyə aktrisa əlavə edib.
Xalq artisti Mehriban Zəki 44 gün ərzində baş verən hadisələrin hər birimizin xatirəsində yaşadığını bildirib. O, həmin dövrün duyğu və emosiyalarını yenidən canlandırmağın həssas və məsuliyyətli iş olduğunu qeyd edib.
“Aktyor kimi özüm də hiss edirdim ki, burada kamera qarşısında sadəcə aktyor oyunu yoxdur. Çünki 44 günlük müharibə dövründə söhbət oyundan getmirdi. Bu, həyatın özü idi. Həmin həyatı yaşayan, canları bahasına qələbəmizi təmin edən şəhidlərimiz var. Müharibədə iştirak edən, döyüşən qazilərimiz var. Bütün bu prosesə rəhbərlik edən, hərbi təcrübəsi və qətiyyətli siyasəti ilə ölkəmizi qələbəyə aparan Ali Baş Komandanımız, Prezidentimiz var. Ona görə də düşünürəm ki, bu filmdə ənənəvi aktyor oyunundan, xüsusi texnikalardan istifadə etmək doğru olmazdı. Burada əsas olan reallıq, səmimiyyət və yaşanmış hadisələrin həqiqətini tamaşaçıya çatdırmaqdır”, – deyə M.Zəki bildirib.
Xalq artisti Qurban İsmayılov filmdə rola təsdiqləndikdən sonra obrazı daha dərindən anlamaq və emosional hazırlıq keçmək üçün çoxsaylı videolara baxdığını deyib: “Aktyorluq sənətində emosional yaddaş mühüm rol oynayır. Aktyor dramatik səhnələri canlandırarkən həyatında baş vermiş hadisələri xatırlayaraq obrazın duyğularını daha inandırıcı şəkildə çatdırmağa çalışır”.
Filmdə Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov obrazını canlandıran İbrahim Çingiz xarici filmlərdə, adətən, kişi obrazının ön cəbhədə döyüşdüyünü, bu ekran əsərində isə hər iki obrazın müharibədə iştirak edən döyüşçülər olduğunu bildirib. Onun sözlərinə görə, obrazlar insanlığı və vətəndaşlıq borcunu ön planda tutduqları üçün digərlərindən fərqlənirlər.
Filmin ssenari müəlliflərindən biri İsmayıl İman ekran əsərinin tərbiyəvi məqsədlər daşıdığını bildirib. O, dialoqların səsləndirilməsinə də xüsusi diqqət yetirildiyini vurğulayıb. Qeyd edib ki, əsas məqsəd filmi gələcək nəsillərə ötürmək və geniş auditoriyaya çatdırmaqdır.
Xüsusi əməliyyat qrupunun komandiri, polkovnik Ramazan Kərimov obrazını canlandıran İlqar Musayev bir neçə hərbi filmdə rol aldığını bildirib. O, “44” filminin ərsəyə gəlməsi üçün böyük zəhmət çəkildiyini, çəkilişlər zamanı hava şəraitinin yaratdığı çətinliklərlə qarşılaşdıqlarını diqqətə çatdırıb.
Filmin montaj rejissoru Elşad Rəhimov, bəstəkarı Ruslan Ağababayev, musiqi prodüseri Vüqar Camalzadə və icraçı prodüser Fariz Əhmədov ekran əsərinin ərsəyə gəlməsi prosesindən, filmin texniki və yaradıcı həllərindən, musiqi və montaj işinin ümumi atmosferin yaradılmasındakı rolundan danışıblar.
Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub