13 oktyabr 2026 21:21
123

Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır

2026-cı ilin oktyabrında Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakçı kimi iştirakı regional əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar açır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə keçirilən təntənəli qəbulda bildirib.

“Bu, cənab Qurbanqulu Berdiməhəmmədovun tarixi təşəbbüsü və qardaş Mərkəzi Asiya ölkələrinin yekdil dəstəyi sayəsində ölkəmizin bu formatın tamhüquqlu üzvü kimi iştirak etdiyi ilk Məşvərət Görüşüdür”, – deyə M. Cabbarov bildirib.

M. Cabbarovun sözlərinə görə, görüş Azərbaycanın region dövlətləri ilə tərəfdaşlığının daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün mühüm platforma olub.

Nazir həmçinin Azərbaycan və Türkmənistan arasında siyasi dialoqun əhəmiyyətini qeyd edərək, dövlət başçıları arasında etimada əsaslanan münasibətlərin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və yüksək səviyyədə müntəzəm qarşılıqlı səfərlərin rolunu vurğulayıb.

“Azərbaycan və Türkmənistanı ortaq tarix, mədəniyyət, dostluq və qardaşlıq əlaqələri birləşdirir”, – deyə o qeyd edib.

M. Cabbarov xatırladıb ki, 2026-cı il iyunun 22-23-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri zamanı tərəflər iqtisadi əməkdaşlıq da daxil olmaqla, müxtəlif sahələri əhatə edən mühüm sənədlər imzalayıblar. Dövlət başçıları, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və tikinti işləri ilə tanış olublar.

Nazir Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşası məsələsinə də xüsusi toxunub.

“Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri cənab Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində inşa edilən məscid qardaş xalqlarımız arasında dostluğun rəmzidir”, – deyə M. Cabbarov vurğulayıb.

Nazir Türkmənistanı milli bayramı münasibətilə təbrik edib və iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.