İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Bakı Regional Ofisi oktyabrın 21-dən 25-dək keçiriləcək 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində xüsusi mədəni-maarifləndirici proqramla təmsil olunacaq.
“İki sahil” xəbər verir ki, bu barədə ICESCO-nun Bakı Regional Ofisi məlumat yayıb.
“Dəyərli tərəfdaşımız olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etməkdən böyük məmnunluq duyuruq. Kitab sərgisi insanların, ideyaların və mədəniyyətlərin görüş yeridir. Belə tədbirlər dillər, nəsillər və ölkələr arasında əlaqələr yaradır. ICESCO-nun Bakı Regional Ofisi üçün bu sərgi ortaq irsimizi tanıtmaq, eyni zamanda xəttatlıqdan və İpək yollarından süni intellektə və yeni nəslin yaradıcılığına qədər müxtəlif mövzularda yeni ideyaları müzakirə etmək imkanıdır”, - deyə ICESCO-nun Bakı Regional Ofisinin direktoru Əbdülhəkim Əlsənan bildirib.
Beş gün davam edəcək sərgi ərzində ICESCO pavilyonunda Bakı Regional Ofisinin mandatını, strateji prioritetlərini, əsas fəaliyyət istiqamətlərini və nailiyyətlərini əks etdirən xüsusi videoçarx və təqdimat nümayiş olunacaq. Hər gün təqdim ediləcək materiallarda ofisin regional əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də ICESCO-nun təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrindəki missiyasının həyata keçirilməsi istiqamətində fəaliyyəti işıqlandırılacaq.
Proqram çərçivəsində oktyabrın 23-də və 24-də mədəni irs, ədəbiyyat, tərcümə, süni intellekt, əlyazmalar, İpək yolları və mütaliənin gələcəyini əhatə edən beş tematik sessiya baş tutacaq. Açılış sessiyasında Şuşanın ədəbi-bədii irsi araşdırılacaq və Şuşa haqqında kitabın ərəb dilində nəşri diqqətə çatdırılacaq.
Sərgidə, həmçinin “Ginnesin Rekordlar Kitabı”nın rekordçusu, xəttat və abstrakt rəssam Rübab Zəhranın canlı xəttatlıq nümayişi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqlarının təqdimatında ənənəvi rəqs nümunələri, eləcə də ICESCO-ya üzv 5 dövlətin (Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan) mədəni ənənələri nümayiş olunacaq.
Alyona Əliyeva rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimindən paylaşım edib
Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək