Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyinin “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində Xorvatiyanın paytaxtı Zaqrebin rəmzi məkanı olan Avropa meydanında növbəti fotoekspozisiyası keçirilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən “İki sahil”ə bildirilib ki, bu, Cenevrə, Brno, Lyublyana və Sarayevodan sonra oktyabr ayı ərzində Avropada keçirilən sayca 5-ci fotoekspozisiyadır.
Avropa Komissiyasının Xorvatiyadakı nümayəndəliyinin önündə sərgilənən 22 sənədli fotoşəkil müharibə bitsə də, torpağın altında pusquda duran "gizli ölüm" təhlükəsinin dinc insanların həyatında buraxdığı silinməz izləri nümayiş etdirib.
Ekspozisiyada diqqətə çatdırılıb ki, minalar müharibə bitdikdən sonra da dinc əhaliyə qarşı səssiz hücumu davam etdirir.
Qeyd olunub ki, vaxtilə Xorvatiyanın özünün də üzləşdiyi uzunmüddətli mina böhranı göstərir ki, minalanmış ərazilər uzun illər dinc əhalinin təhlükəsizliyinə və sosial-iqtisadi bərpaya böyük əngəl olur.
Ekspozisiyada mina probleminin lokal münaqişə çərçivəsini aşaraq humanitar böhran xarakteri daşıdığı vurğulanıb.
Bildirilib ki, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla çirkləndirməsi və dəqiq mina xəritələrini təqdim etməkdən yayınması müharibədən sonra da dinc əhalinin həyatına təhdid olaraq qalır.
Sərgidə xüsusilə diqqətə çatdırılıb ki, Azərbaycan hazırda dünyada mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdən biridir. Oktyabrın 8-də Cəbrayılın Dağmaşanlı kəndində iki dinc sakinin yaralanması ilə müharibədən sonrakı mina qurbanlarının sayının 443 nəfərə çatması təhlükənin hələ də sovuşmadığını göstərir.
“Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.
Alyona Əliyeva rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimindən paylaşım edib
ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq
Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək