17 oktyabr 2026 08:23
189

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Avropa İttifaqı (Aİ) Şurasının Brüsseldə keçirilmiş ikigünlük Sammitində iqtisadi rəqabətqabiliyyətlilik, enerji qiymətləri, Ukraynaya dəstək, 2028-2034-cü illər üçün uzunmüddətli büdcə, Avropanın müdafiəsi, miqrasiya və Aİ-nin genişlənməsi ilə bağlı məsələlər üzrə yekun sənədlər qəbul edilib. Liderlər, həmçinin Yaxın Şərqdəki vəziyyəti və beynəlxalq hüququn müdafiəsini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, iqtisadi sahədə “Bir Avropa, bir bazar” gündəliyinin sürətləndirilməsi, şirkətlər üçün vahid hüquqi rejimin (EU Inc.) yaradılması, sənaye və elektrik şəbəkələri üzrə təşəbbüslərin irəlilədilməsi, inzibati maneələrin azaldılması əsas prioritetlər olub. Ərzaq və yem təhlükəsizliyi, bazar inteqrasiyası və nəzarət, avtomobil sənayesi üzrə qanunvericilik danışıqlarının ilin sonunadək yekunlaşdırılmasına çağırış edilib. Enerji qiymətlərinin artması fonunda sənayenin dövlət dəstəyi ilə qorunması, neft emalı imkanlarının səmərəliliyinin artırılması və qiymət dəyişkənliyinin azaldılması üçün əlavə tədbirlərin araşdırılması gündəmə gətirilib. Liderlər bərpaolunan enerjinin, elektrik şəbəkələrinin və enerji saxlama sistemlərinin inkişafının sürətləndirilməsinin, karbon bazarının isə sənayenin rəqabət qabiliyyətini qorumaqla iqlim hədəflərinə xidmət etməsinin vacibliyini vurğulayıblar.

Ukrayna üzrə liderlər 2026-2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq dəstək krediti çərçivəsində ödənişlərin davam etdirilməsini, Avropa Sülh Fondundan 6,6 milyard avronun ayrılması barədə razılaşmanı və Aİ-nin hərbi yardım missiyasının mandatının yenilənməsini alqışlayıblar. Rusiyaya qarşı 21-ci sanksiyalar paketi, onun enerji gəlirlərinin azaldılması və sanksiyalardan yayınmanın qarşısının alınması üzrə əlavə tədbirlər də diqqət mərkəzində olub. Liderlər Ukraynanın enerji infrastrukturuna dəstəyin gücləndirilməsinə, Qara dənizdə taxıl daşımaları üçün təhlükəsiz keçidin bərpasına, hərbi əsirlərin mübadiləsinə və qanunsuz deportasiya edilmiş uşaqların qaytarılmasına çağırıblar. Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri ilə təmin olunan ədalətli və davamlı sülhün vacibliyi vurğulanıb.

Aİ-nin 2028-2034-cü illər büdcəsi üzrə razılaşmanın 2026-cı ilin sonunadək əldə olunması hədəflənib ki, maliyyələşmə 2028-ci ilin yanvarından fasiləsiz başlaya bilsin.

Yaxın Şərqlə bağlı liderlər Qəzzaya humanitar yardımın maneəsiz çatdırılmasını, sərhəd-keçid məntəqələrinin açılmasını, tibbi dəhlizin yaradılmasını və iki dövlət prinsipinə əsaslanan sülhü dəstəkləyiblər. HƏMAS-ın tərk-silah edilməsi və Qəzzanın gələcək idarəçiliyində iştirak etməməsi, İsrail qüvvələrinin ərazidən çıxarılması, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması, Yəməndə gəmiçiliyin qorunması, Livanın suverenliyi və Suriyada inklüziv siyasi keçid də yekun sənədlərdə əksini tapıb.

Müdafiə sahəsində pilotsuz uçuş aparatlarına qarşı tədbirlərin sürətləndirilməsi, hərbi mobillik və birgə müdafiə layihələrinin inkişafı vurğulanıb. Miqrasiyanın alətə çevrilməsinə qarşı fövqəladə çərçivənin hazırlanması, Ukrayna və Moldovanın üzvlük danışıqlarında yeni mərhələlərin açılması, Monteneqronun üzvlük prosesinin irəlilədilməsi və Aİ-nin daxili islahatları da müzakirə olunub. Liderlər Arktikanın təhlükəsizliyi, Seuta və Melilyaya dəstək, uşaqların rəqəmsal məkanda müdafiəsi, COP31-də üzv dövlətlərin bərabər iştirakı və Beynəlxalq Cinayət Məhkəməsinin müstəqilliyinin qorunması məsələlərini də diqqətdə saxlayıblar.