17 oktyabr 2026 18:10
94

Tunis Prezidentinə qarşı son illərin ən böyük etiraz aksiyası keçirilib

Tunisin paytaxtında minlərlə vətəndaş ölkə Prezidenti Kais Səidə qarşı son illərin ən böyük etiraz aksiyasında iştirak edərək, onu iqtisadi vəziyyəti pisləşdirməkdə və demokratik azadlıqları məhdudlaşdırmaqda günahlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, aksiya Tunis Ümumi Əmək İttifaqı (UGTT) tərəfindən ictimai təşkilatlarla birgə təşkil olunub. Aksiyaya müxalifət partiyalarının nümayəndələri, həkimlər, vəkillər, jurnalistlər və tələbələr qoşulublar.

Etirazçılar ölkə paytaxtının mərkəzi prospekti ilə yürüş edərək, prezidentin saxlanılan tənqidçilərinin azad edilməsini, həmkarlar ittifaqı hüquqlarına riayət olunmasını və sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını tələb ediblər.

Aksiya iştirakçıları həmçinin işsizliyin artmasından, su və elektrik enerjisi təchizatındakı fasilələrdən, eləcə də dərman məhsullarının qıtlığından narazılıqlarını bildiriblər.

Paytaxtın mərkəzinə təhlükəsizliyin təmin edilməsi üçün yüzlərlə polis əməkdaşı cəlb olunub.

Qeyd edilib ki, 2021-ci ildə Səid parlamenti buraxıb və geniş səlahiyyətləri öz əlində cəmləşdirib. Müxalifət bu addımları dövlət çevrilişi kimi qiymətləndirib.

Öz növbəsində, prezident avtoritarizm ittihamlarını rədd edib və siyasi rəqiblərinin ictimai iğtişaşlar yaratmaq üçün iqtisadi çətinliklərdən yararlandıqlarını iddia edib.