20 oktyabr 2026 08:00
102

Zəfərdən dirçəlişə: Zəngilanın yeni inkişaf epopeyası

20 oktyabr - Zəngilan Şəhəri Günü Azərbaycanın dövlətçilik tarixində, ərazi bütövlüyünün bərpası və işğaldan azad edilmiş torpaqların dirçəldilməsi prosesində xüsusi əhəmiyyət daşıyan tarixi gündür

Zəngilanın azad olunması yalnız hərbi-strateji baxımdan misilsiz qələbə deyil, həm də ölkəmizin beynəlxalq hüquqa əsaslanan suverenliyinin təmin olunmasındakı tarixi nailiyyətlərindən biridir. Altı il öncə müzəffər ordumuz Zəngilanın işğal tarixinin - 29 oktyabr 1993-cü ilin üstündən xətt çəkdi, yeni tarix - 20 oktyabr 2020-ci il Zəfər tarixini yazdı, beləliklə, Zəngilan azadlığına qovuşdu. Ənənəyə sadiq qalaraq Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciət edərək qələbə xəbərini çatdırdı: "Əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram. Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!". Bu Zəfər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin, peşəkarlığının, mənəvi ruhunun və müasir hərbi strategiyasının təntənəsi idi. Zəngilanın azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsinin nəzarətə götürülməsi həm hərbi-siyasi baxımdan, həm də sərhəd təhlükəsizliyinin və yeni nəqliyyat-kommunikasiya imkanlarının formalaşdırılması istiqamətində müstəsna əhəmiyyət daşıdı. Düşmənlə son ana qədər mübarizə aparan Zəngilan işğal edilən sonuncu torpağımız  olsa da, 30 ilədək bir dövrdən sonra azad olunan ilk ərazilərimizdən oldu. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə imzaladığı Sərəncama əsasən, 20 oktyabr - Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

Zəngilanın taleyi regionun mürəkkəb geosiyasi prosesləri ilə sıx bağlıdır. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati dəyişikliklər Zəngəzur qəzasının Gəncə quberniyasının tərkibinə daxil edilməsinə səbəb olmuş, sonrakı dövrlərdə baş verən siyasi proseslər isə bölgənin tarixi bütövlüyünə təsir göstərmişdir. 1920-ci ildə Azərbaycanın sovetləşdirilməsindən sonra Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi demoqrafik və coğrafi mənzərəni dəyişsə də, Zəngilan, Qubadlı və Laçın Azərbaycanın tərkibində qaldı. Bu gün həmin torpaqların dirçəldilməsi tarixi ədalətin real nəticələrlə möhkəmləndirilməsinə xidmət edir. Təbii sərvətləri, əlverişli coğrafi mövqeyi, Həkəri, Araz, Oxçuçay və Bəsitçay kimi çayları ilə seçilən Zəngilan şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan Araz çayı boyunca İran, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Bölgədəki qızıl, qara mərmər və tikinti daşı ehtiyatları onun iqtisadi potensialını daha da gücləndirir. Lakin otuz ilə yaxın davam edən işğal dövründə Ermənistan Zəngilanın tarixi-mədəni irsinə ağır ziyan vurmuş, yaşayış məntəqələrini və abidələri dağıtmışdır. Rayonun irsi sırasında XVII əsrə aid İmam Hüseyn məscidi, Məmmədbəyli kəndindəki XIV əsr səkkizguşəli türbə, Hacallı dairəvi bürcü və qədim abidələr xüsusi yer tutur. İşğal zamanı dağıdılaraq təhqir olunmuş tarixi Zəngilan şəhər məscidi azadlıqdan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş, həmçinin yeni məscid binası inşa edilərək 2024-cü il mayın 18-də istifadəyə verilmişdir. Bu addımlar Azərbaycan dövlətinin milli-mədəni irsə və tarixi yaddaşa göstərdiyi yüksək diqqətin bariz nümunəsidir.

İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” Dövlət Təbiət Qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb. Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühiti ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub. Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir.

Bu gün Zəngilanda Azərbaycan Bayrağı qürurla dalğalanır. Həmin bayraq altında Azərbaycanın bu dilbər guşəsində sürətli bərpa-quruculuq işləri aparılır. Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın 2023-cü il oktyabrın 30-da təsdiq edilməsi şəhərin gələcək inkişafının planlı şəkildə təşkilinə zəmin yaratmışdır. Baş plan şəhərin yaşayış, ictimai, nəqliyyat, sosial və iqtisadi infrastrukturunun kompleks şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. Burada əsas məqsəd müasir şəhərsalma prinsiplərinə uyğun, ekoloji baxımdan dayanıqlı, sakinlərin rahat yaşayışını və iqtisadi fəallığını təmin edən şəhər mühitinin yaradılmasıdır. 2026-cı ildə Zəngilan şəhərində 104 mənzildən ibarət ilk yaşayış kompleksinin açılışı bu siyasətin konkret nəticələrindən biri oldu. Ümumi sahəsi iki hektardan artıq olan kompleksdə 12 bina inşa edilib. Mənzillərin bir hissəsi şəhərə qayıdan ailələrin, digər hissəsi isə xidməti istifadə üçün nəzərdə tutulub. Bu layihə Zəngilanın yalnız inzibati mərkəz kimi deyil, insanların daimi yaşayacağı, işləyəcəyi, təhsil alacağı və sosial həyatını quracağı müasir şəhər kimi formalaşdırılmasına xidmət edir. Böyük Qayıdış Proqramı çərçivəsində Zəngilan rayonunda məskunlaşma prosesinin genişləndirilməsi dövlətin əsas prioritetlərindəndir. 2026-cı il oktyabrın 1-nə olan məlumatlara əsasən, Zəngilan şəhərində 84 ailə, ümumilikdə 339 nəfər, Ağalı kəndində 234 ailə, 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, 903 nəfər məskunlaşıb. Bu rəqəmlər uzun illər doğma yurdlarından uzaqda yaşayan insanların geri qayıdışının artıq real prosesə çevrildiyini göstərir. Bununla yanaşı, regionun iqtisadi və logistik potensialı gücləndirilir. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu və dəmir yolu xətti bölgəni beynəlxalq tranzit mərkəzinə çevirir. Həmçinin Azərbaycan və Türkiyə şirkətlərinin tərəfdaşlığı ilə icra olunan “Dost Aqropark” layihəsi aqrar sahədə müasir istehsal, emal və məşğulluq imkanları yaradır. Zəngilan İstirahət Kompleksi və “Zangilan City Park Hotel” kimi layihələr ərazinin turizm və qonaqpərvərlik mərkəzi kimi inkişafına təkan verir.

Sevinc Azadi, “İki sahil”