19 oktyabr 2026 17:58
117

Azərbaycanın xarici siyasət strategiyasının mühüm istiqamətləri

Azərbaycanın coğrafi mövqeyi ölkəmizə Avropa ilə Asiya arasında əlaqələrin möhkəmləndirilməsində xüsusi imkanlar yaradır. Şərqlə Qərb arasında nəqliyyat və logistika əlaqələrinin genişlənməsi, ticarət marşrutlarının şaxələndirilməsi, rəqəmsal bağlantıların inkişafı bu imkanların praktiki nəticələrə çevrilməsinə şərait yaradır. Azərbaycan yalnız tranzit ölkə kimi deyil, həm də müxtəlif tərəfdaşları ortaq maraqlar ətrafında birləşdirən etibarlı tərəfdaş kimi çıxış edir. Beynəlxalq münasibətlərdə güc amilinin ön plana çıxdığı, münaqişələrin həlli prosesində vahid yanaşmanın hər zaman təmin olunmadığı bir şəraitdə dövlətlərarası dialoqun əhəmiyyəti daha da artır. Belə bir dövrdə Azərbaycanın beynəlxalq siyasi platformalarda fəal iştirakı və çoxtərəfli əməkdaşlığın inkişafına yönəlmiş təşəbbüsləri ölkəmizin xarici siyasət strategiyasının mühüm istiqamətini təşkil edir.

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə əksər üzv ölkələrin ən ali – dövlət və hökumət başçıları səviyyəsində təmsil olunmaları isə bir daha ölkəmizə olan önəmin və dərin hörmətin bariz ifadəsi hesab oluna bilər. Zirvə Görüşünə sədrlik edən Prezident İlham Əliyevin diqqətçəkən fikirləri isə qlobal və regional məsələləri daha geniş beynəlxalq çərçivədə nəzərdən keçirmək və təhlil etmək, sülh və sabitliyi, təhlükəsizliyi möhkəmləndirmək, əməkdaşlıq imkanlarını artırmaq baxımından mühüm hadisə kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyev çıxışında beynəlxalq hüququn norma və prinsiplərinə münasibət bildirib. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq prinsipinə hörmət beynəlxalq münasibətlərin əsasını təşkil etməlidir. Lakin təcrübə göstərir ki, bəzi hallarda bu prinsiplərə münasibətdə ikili standartlar tətbiq edilir. Belə yanaşma beynəlxalq hüququn nüfuzuna xələl gətirməklə yanaşı, münaqişələrin həllini də çətinləşdirir. Şərqlə Qərb arasında əlaqələrin genişlənməsi, enerji və nəqliyyat marşrutlarının inkişafı, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın beynəlxalq əhəmiyyətini artıran əsas amillərdəndir. Bu baxımdan Bakı Zirvəsi ölkəmizin yalnız regional proseslərin iştirakçısı deyil, həm də beynəlxalq dialoqun təşviqinə töhfə verən fəal tərəfdaş olduğunu nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın AQEM-ə sədrliyinə üzv dövlətlər tərəfindən göstərilən yekdil dəstəyə görə minnətdarlığını ifadə etdi və ölkəmizin təşkilat çərçivəsində həyata keçirdiyi fəaliyyətin prioritetlərini diqqətə çatdırdı. Azərbaycanın sədrliyi dövründə nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində təşəbbüslər irəli sürülüb. Bu yanaşma təşkilatın fəaliyyətinin yalnız siyasi müzakirələrlə məhdudlaşmamasına, eyni zamanda üzv dövlətlər üçün real inkişaf imkanları yaratmasına xidmət edir. AQEM-in əhəmiyyəti, ilk növbədə, Asiyanın müxtəlif dövlətlərini ümumi təhlükəsizlik və əməkdaşlıq gündəliyi ətrafında birləşdirmək imkanından irəli gəlir. İqtisadi potensialı, təbii ehtiyatları, insan kapitalı və nəqliyyat imkanları ilə seçilən Asiya qitəsi qlobal inkişafın əsas mərkəzlərindən biridir. Bununla yanaşı, regionda mövcud olan siyasi ziddiyyətlər və təhlükəsizlik çağırışları qarşılıqlı etimadın möhkəmləndirilməsini zəruri edir. AQEM kimi platformaların əsas üstünlüyü müxtəlif maraqlara malik dövlətlər üçün bərabərhüquqlu dialoq şəraiti yaratmasıdır.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüququn əsas prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi. 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ölkəmizin suverenliyinin bütün ərazilərində təmin olunması ilə nəticələndi. Bu mərhələ Azərbaycanın müasir tarixində yeni siyasi reallıqlar yaratdı və regionda uzunmüddətli sülhün qurulması üçün imkanlar yaratdı.

Hazırda Azərbaycanın əsas məqsədlərindən biri müharibədən sonrakı reallıqları dayanıqlı sülhə çevirməkdir. Ölkəmiz Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və regional kommunikasiyaların açılması istiqamətində mövqeyini ortaya qoyub.    

Azərbaycan Prezidentinin bu mövzu üzərində ətraflı fikir yürütməsi təsadüfi deyil, çünki bu, qlobal bir çağırışdır. BMT-nin Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlara tövsiyədir: əgər həmin təşkilatlar qəbul etdikləri qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər yaratmayacaqlarsa müharibələr davam edəcək, yeni, daha qanlı və münaqişələr meydana çıxacaq. Dövlət başçısının çıxışında sülh məsələsinə xüsusi yer ayrılması da bu baxımdan əhəmiyyətlidir. Azərbaycan münaqişənin başa çatmasından sonra regionda davamlı sülhün təmin olunması istiqamətində mövqeyini ortaya qoyub. Bununla belə, sülhün uzunömürlü olması üçün siyasi bəyanatlarla yanaşı, qarşılıqlı öhdəliklərə əməl edilməsi, etimadın möhkəmləndirilməsi və gələcək əməkdaşlıq üçün əlverişli şəraitin yaradılması vacibdir. Sülhün kövrək xarakter daşıması barədə Prezident İlham Əliyevin fikri onun qorunmasının və möhkəmləndirilməsinin davamlı siyasi məsuliyyət tələb etdiyini göstərir. 29 dövləti birləşdirən AQEM kimi mötəbər bir təşkilata Sədrlik edən Azərbaycan təşkilatın fundamental prinsiplərinin – dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət, dialoq və qarşılıqlı etimad mühitinin genişlənməsi və digər başlıca vəzifələrin vacibliyini təşviq edir, bu prinsiplərin daha da möhkəmləndirilməsində fəal rol oynayır. Azərbaycanın AQEM-də sədrliyinin 2028-ci ilədək uzadılması ölkəmizə göstərilən etimadın və sədrliyin davam etdirilməsinə verilən dəstəyin ifadəsidir. Bu qərar Azərbaycanın təşkilat çərçivəsində başlatdığı təşəbbüsləri davam etdirməsinə, üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirməsinə və institusional inkişaf prosesinə töhfə verməsinə imkan yaradır. Sədrliyin davam etməsi həm də əldə olunmuş nəticələrin qorunması və yeni prioritetlərin ardıcıl şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycanın AQEM çərçivəsində fəaliyyəti yalnız təşkilata sədrliyin icrası ilə məhdudlaşmır. Bu fəaliyyət ölkəmizin Asiya məkanında əlaqələrinin genişlənməsinə, Avropa ilə Asiya arasında əməkdaşlıq imkanlarının artırılmasına və beynəlxalq dialoqun güclənməsinə xidmət edir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri