Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısındakı çıxışı zamanı Avropa Şurası və Avropa Parlamentinin ölkəmizə qarşı davranışını beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi kimi qiymətləndirib. Anaxronizm-hər hansı bir hadisənin, fikrin və ya ideyanın öz tarixi dövrünə uyğun gəlməməsi, səhv salınmasıdır. Atavizm-uzaq əcdadlarda mövcud olmuş anormallıqların, lakin təkamül nəticəsində itmiş bioloji əlamətlərin və ya xüsusiyyətlərin sonrakı nəsillərin nümayəndələrində qəfildən peyda olmasıdır. Əlbəttə, bu terminlər siyasi, tarixi və bioloji anlamda işlədilir və arxasında reallıqlar və həqiqətlər durur.
Dövlət başçısının bu terminləri işlətməsindən belə anlaşılır ki, Azərbaycanın yolunu sapmış hər iki beynəlxalq təşkilatla münasibətləri uzun müddət yaxşılaşmayacaq. Onlar indiyədək Azərbaycana qarşı tutduqları mövqelərdən geri çəkilməli və ölkəmizə münasibətlərini dəyişməlidirlər. Göründüyü kimi, Prezidentimizin tənqidi fikirləri həmin təşkilatlara “əlvida” demək deyil, onları əməllərində düzəliş etməyə hesablanıb.
Azərbaycanla bəzi Qərb ölkələri və böyük beynəlxalq təşkilatlarla arasındakı münasibətlərin gərginləşməsinə qarşı tərəflərin ölkəmizlə davranışlarına məsuliyyətsiz yanaşması səbəb olub. Dövlət başçımızın ifadələri təsadüfən belə seçilməyib, onun əsası var. Bu ifadələr həmin təşkilatların fəaliyyətinə və beynəlxalq münasibətlərdəki roluna verilən siyasi qiymətdir. Lakin dediyimiz kimi, bu fikri Azərbaycanın Qərbdən uzaqlaşması kimi təsbit etmək doğru olmaz. Avropa Şurası və Avropa Parlamenti ilə münasibətlərdəki problemlər Avropa İttifaqı ölkələri ilə problem demək deyil. Azərbaycanın xarici siyasəti milli maraqlara, qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanır. Azərbaycan xalqı ikili standartları, siyasi təzyiq vasitələrindən istifadəni və daxili işlərə müdaxiləni qəbul etməyib və bundan sonra etməyəcəyini dəfələrlə və qətiyyətlə bildirib.
Hər iki qurumun uzun müddət qanlı Qarabağ münaqişəsi ilə bağlı ədalətsiz mövqe sərgilədiyini heç kim unutmayıb. Onların tutduqları mövqe işğalçı Ermənistanın üstünlüyünü möhkəmlətməyə, işğalı əbədiləşdirməyə hesablanmışdı. Digər tərəfdən, bir neçə Avropa dövləti Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarından biridir.
Prezidentin mesajı Qərbdən uzaqlaşmaq deyil, münasibətlərin əvvəlki yanaşmalar əsasında davam etdirilməsinin mümkün olmadığına dair xəbərdarlıqdır. Yəni, dövlətimizin başçısı göstərir ki, Azərbaycan qarşılıqlı əməkdaşlıq, etibarlı tərəfdaşlıq istəyir, uzun illər əziyyət çəkdiyi diktə və ikili standartları qətiyyətlə rədd edir. Əgər Avropa institutları siyasi təzyiq və əsassız ittihamlar əvəzinə konstruktiv dialoqa üstünlük versələr, münasibətlərin yaxşılaşması mümkündür. Azərbaycanın daxili işlərinə qarışmaq xam xəyaldır. Özləri şahiddirlər ki, əvvəllər bu yolu seçənlər olsa da heç nəyə nail ola bilməyiblər. Nifaqdan, çəkişmədən, pis münasibətdən hələ kimsə xeyir görməyib. Sadə məntiqdir, onu başa düşmək heç də çətin deyil.
Cənubi Qafqazda lider olan bir dövlətlə münasibətlərin pozulması adını beynəlxalq təşkilat qoyanlara başucalığı və hörmət gətirməz. Azərbaycan Prezidentinin mesajı onlara bunu xatırladır. Şübhəsiz ki, Prezident İlham Əliyevin xəbərdarlığı həmin təşkilatlara çatıb. Hələlik susqunluq göstərsələr də yəqin nə vaxtsa reaksiya verəcəklər. Hansı məzmunda? Bunu özləri müəyyən edəcəklər. Bir məsələni unutmamalıdırlar ki, Azərbaycanın onlardan asılı heç bir işi yoxdur və daxili işlərinə müdaxiləni rədd edir. Bir meyar var: Hörmətlə davranacaqlarsa hörmət görəcəklər.
Vəli İlyasov, “İki sahil”