Rəsmi İrəvan kilsə idarəçiliyində birbaşa köklü dəyişikliklərə nail olmaqda qərarlıdır
Ermənistanda siyasi hakimiyyətlə ölkənin ən köklü təsisatlarından biri olan Erməni Apostol Kilsəsi arasında uzun müddətdir davam edən “soyuq müharibə” artıq açıq və institusional müstəviyə keçib. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin bəyanat mərhələsini geridə qoyaraq dövlət aparatını, parlamenti və proqram sənədlərini prosesə cəlb etməsi qarşıdurmanın miqyasını keyfiyyətcə dəyişib. "Past" nəşrinin təhlilləri göstərir ki, rəsmi İrəvan kilsə idarəçiliyində birbaşa köklü dəyişikliklərə nail olmaqda qərarlıdır. Belə ki, əgər əvvəlki dövrlərdə hakimiyyətin kilsəyə qarşı tənqidləri daha çox siyasi bəyanatlar və siyasi ritorika ilə məhdudlaşırdısa, son addımlar məsələnin dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini göstərir. Kilsə rəhbərliyinin dəyişdirilməsi məsələsinin hökumətin 2026-2031-ci illər üzrə proqramına daxil edilməsi dövlətin kilsəyə münasibətinin artıq uzunmüddətli strateji xətt kimi müəyyənləşdirildiyini nümayiş etdirir. Hökumət tərəfindən kilsədə "böhran" olması haqqında xüsusi hesabatın hazırlanması və bütün ermənilərin katolikosu II Qareginin istefası üçün müvafiq "yol xəritəsi"nin təqdim olunması dövlət mexanizmlərinin dini təsisatın daxili işlərinə birbaşa müdaxiləsi kimi qiymətləndirilir. Müxtəlif dövlət qurumlarının da prosesə cəlb olunması kilsəyə qarşı hüquqi, bürokratik və siyasi rıçaqların eyni vaxtda işə salındığını göstərir.
Nəşrin məlumatına görə, sentyabrın 29-da II Qaregin Eçmiədzində amerikalı ictimai xadimlərlə görüşüb. Məqalədə qeyd olunur ki, bu görüş Vaşinqtonun Erməni Apostol Kilsəsinə rəsmi dəstəyi kimi qiymətləndirilməsə də, kilsənin beynəlxalq əlaqələrini qoruduğunu və öz mövqeyini birbaşa çatdırmaq imkanına malik olduğunu göstərir. “Beləliklə, kilsə ilə qarşıdurma məsələsini yalnız Ermənistanın daxili işi kimi təqdim etmək cəhdi uğursuzluğa düçar olub”, - deyə nəşr bildirib. Məqalədə, həmçinin vurğulanır ki, kilsədə şəffaflıq və idarəetmə məsələləri müzakirəyə açıq ola bilər. Bununla belə, kilsə rəhbərinin istefasına israrlı tələblərin irəli sürülməsi etimadı sarsıdır. “Kilsənin müstəqilliyini müdafiə etdiyini iddia etməklə yanaşı, onun rəhbərinin dəyişdirilməsini hökumətin məsuliyyəti elan etmək mümkün deyil. Hazırda mübarizə II Qaregin ətrafında gedir, lakin onun nəticələri gələcək katolikosun kim olmasından asılı olmayaraq, ona da təsir göstərəcək”, - deyə “Past” yazıb. Nəşrin fikrincə, əgər hökumət kilsəyə kimin rəhbərlik edəcəyini və onun hansı qaydalarla fəaliyyət göstərəcəyini müəyyənləşdirmək hüququ əldə edərsə, Eçmiədzinin müstəqilliyi gələcəkdə də hakimiyyətdə olan baş nazirin münasibətindən asılı vəziyyətə düşə bilər.
Xatırladaq ki, Paşinyan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasındakı ziddiyyətlər təsadüfi xarakter daşımır və dərin siyasi-ideoloji köklərə malikdir. Nikol Paşinyan kilsənin ənənəvi olaraq dövlətdən kənar siyasi güc mərkəzi kimi çıxış etməsini və müxalif hərəkatlara dəstək verməsini öz hakimiyyətinə potensial təhdid hesab edir. Kilsə rəhbərliyi də, xüsusən katolikos II Qaregin İrəvanın postQarabağ dövründə yürütdüyü xarici siyasət xəttinə və sülh gündəliyinə qarşı radikal mövqedə dayanır. Erməni cəmiyyətində isə iki əks-qütb formalaşıb: Praqmatik-sivil qütb (hökumətyönlü kəsim). Bu kəsim kilsəni dövlətin suverenliyinə, xarici siyasət seçimlərinə və modernləşmə prosesinə mane olan köhnəlmiş, siyasiləşmiş və mühafizəkar bir struktura bənzədir. Onların düşüncəsində dövlət maraqları hər cür dini-ənənəvi dəyərdən üstün olmalı, kilsə isə siyasətə müdaxilə etmədən yalnız mənəvi çərçivədə qalmalıdır. Digəri isə milli-mühafizəkar qütb (kilsə və müxalifətyönlü kəsim). Bu qrup üçün Erməni Apostol Kilsəsi təkcə dini ocaq deyil, milli kimliyin və tarixi yaddaşın son qalasıdır. Hökumətin kilsəyə təzyiqini milli dəyərlərə, tarixi irsə və milli kimliyə hücum kimi qiymətləndirən bu kəsim baş verənləri dövlətçilik sütunlarının sarsıdılması kimi görür. Bir sözlə, erməni cəmiyyəti "modern, dünyəvi və Qərb yönümlü dövlət" modeli ilə "tarixi-milli və kilsə mərkəzli kimlik" arasında ciddi tərəddüd yaşayır. Dərinləşən ideoloji çatın fəsadları isə artıq görünməkdədir. Bu durum gənc nəslin ənənəvi dəyərlərə münasibətində parçalanma yaradır, Ermənistan dövləti ilə xaricdəki erməni icmaları arasındakı mənəvi və siyasi bağları zəiflədir. Dövlət təsisatları ilə dini təsisatın qarşı-qarşıya qoyulması vətəndaşların həm dövlətə, həm də mənəvi dəyərlərə olan inamını sarsıdır. Bu da cəmiyyətdə apatiya, ideoloji çaşqınlıq və siyasi radikallaşma riskini artırır.
Sevinc Azadi, “İki sahil”