14 oktyabr 2026 19:59
105

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda YAP-ın VIII Qurultayınınqarşıya qoyduğu vəzifələr müzakirə olunub

Oktyabrın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının “H. Zərdabi 88A” ünvanında yerləşən SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının iclası keçirilib. İclasın gündəliyinə 15 oktyabr 2003-cü il prezident seçkilərinin Azərbaycanın inkişaf tarixindəki yeri, eləcə də 2003-cü ildən YAP-ın VIII Qurultayına qədər keçilən yol mövzuları daxil edilib.

Əvvəlcə YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və SOCAR prezidentinin müşaviri Racu Vəliyev iştirak ediblər.

SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Nüsrət Əliyev “2003-cü ildən VIII Qurultaya gedən şərəfli yol” mövzusunda məruzə ilə çıxış edib. N. Əliyev vurğulayıb ki, Prezident İlham Əliyev dövlət başçısı seçildiyi ilk gündən verdiyi vədlərə sadiq qalaraq ölkənin iqtisadi gücünün artırılması, enerji siyasətinin inkişafı və iri layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımlar atıb. O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası da dövrün tələblərinə uyğun olaraq inkişaf edir: “Məlum olduğu kimi, 2026-cı il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib. Bu qurultay Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra keçirilən ilk qurultay kimi partiyamızın tarixində xüsusi yer tutur. Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyev çıxışında ölkəmizin keçdiyi inkişaf yolunu yüksək qiymətləndirib və qarşıdakı mərhələnin vəzifələrini müəyyənləşdirib. VIII Qurultayda enerji resurslarından səmərəli istifadə və nəqliyyat dəhlizlərinin inkişafı gələcək inkişafın əsas istiqamətləri kimi göstərilib, orta müddətli perspektivdə tranzit yüklərin həcminin 30 milyon tona çatdırılması hədəfi açıqlanıb”.

Çıxış edən Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirərək daim dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsinə davamlı töhfələri ilə ölkəmizin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır: “Təkcə partiyanın VII Qurultayından VIII Qurultayına qədərki dövrdə YAP-ın həyatında baş verən mühüm hadisələr, o cümlədən keçirilən  görüşlər, konfranslar, seminarlar, müşavirələr zəngin və çoxşaxəli olub. Qürurvericidir ki, partiyamızın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenlyinin tam bərpa edilməsinin Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqlar şəraitində keçirildi.” 

Çıxışında ölkəmizin Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə qazandığı davamlı uğurlardan geniş bəhs edən Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndərin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycana inam daha da artdı: “Buna bir daha əmin olmaq üçün həmin vaxtdan indiyədək  imzalanan sazişlərə, Anlaşma memorandumlarına diqqət yetirmək kifayətdir. “Yeni əsrin müqaviləsi”nin imzalanması, Cənub Qaz Dəhlizinin təməlinin qoyulması və nəzərdə tutulduğu vaxtda tam tərkibdə istifadəyə verilməsi, Azərbaycanın hazırda neftlə yanaşı, qaz, elektrik enerjisi ixracatçısı kimi diqqətdə olması, dünyanın enerji təhlükəsizliyinin təminatına, regional inkişafa davamlı töhfələr verməsi və sair kimi biri-birindən mühüm hadisələr enerji diplomatiyamızın uğurlarıdır.”

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki, partiyanın VIII Qurultayı ötən dövrdə əldə olunan nailiyyətlərin qiymətləndirilməsi ilə yanaşı, qarşıdakı illər üçün strateji hədəflərin müəyyənləşdirilməsi baxımından da əlamətdar hadisədir. O, dövlət başçısının müəyyənləşdirdiyi prioritetlərin həyata keçirilməsində partiyanın üzərinə düşən vəzifələrin məsuliyyətini vurğulayıb. Bildirib ki, ölkənin davamlı inkişafının təmin olunması, milli maraqların qorunması və qarşıya qoyulan məqsədlərin reallaşdırılması YAP-ın fəaliyyətində əsas istiqamətlərdən biri olaraq qalır.

Bəxtiyar Nəbiyev, həmçinin Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatındakı əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin qurultaydakı nitqinin Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, dövlət siyasətinin prioritetlərinin diqqətə çatdırılması və qarşıda duran vəzifələrin aydınlaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Bəxtiyar Nəbiyev qeyd edib ki, VIII Qurultay ötən dövrdə əldə olunan nailiyyətlərin qiymətləndirilməsi ilə yanaşı, qarşıdakı illər üçün strateji hədəflərin müəyyənləşdirilməsi baxımından da əlamətdar hadisədir. O, dövlət başçısının müəyyənləşdirdiyi prioritetlərin həyata keçirilməsində partiyanın üzərinə düşən vəzifələrin məsuliyyətini vurğulayıb. Bildirib ki, ölkənin davamlı inkişafının təmin olunması, milli maraqların qorunması və qarşıya qoyulan məqsədlərin reallaşdırılması Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas istiqamətlərindəndir.

SOCAR prezidentinin müşaviri Racu Vəliyev çıxışında 2003-cü ildən etibarən Azərbaycanda həyata keçirilən enerji siyasətinin əsas istiqamətlərindən bəhs edib. O, bu dövrdə ölkənin enerji potensialının gücləndirilməsi, neft-qaz sənayesinin inkişafı, enerji infrastrukturunun genişləndirilməsi və Azərbaycanın beynəlxalq enerji bazarlarında mövqeyinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə diqqət çəkib. Azərbaycanın transmilli enerji layihələrinin ölkənin iqtisadi inkişafında və beynəlxalq enerji əməkdaşlığının genişlənməsində mühüm rol oynadığını vurğulayan müşavir Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin, Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin və Cənub Qaz Dəhlizinin əhəmiyyətini qeyd edib: “Cənub Qaz Dəhlizinin tərkib hissələri olan Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Təbii Qaz Boru Kəməri və Trans-Adriatik Boru Kəməri Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara, o cümlədən Avropaya çatdırılmasında mühüm infrastruktur layihələridir.”

Orxan Vahidoğlu, “İki sahil”