14 oktyabr 2026 19:04
100

Azərbaycan dövləti özünün müəyyənləşdirdiyi siyasi kursun dönməzliyini təmin edəcək

Dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan özünün daxili siyasətini milli-mənəvi dəyərlər əsasında, azərbaycançılıq əsasında, dünyəvilik əsasında, müasirlik əsasında, islami dəyərlər əsasında müəyyənləşdirdi və bu siyasətini dönmədən həyata keçirməyə başladı. Xarici siyasətini də bu siyasətə uyğun prinsiplərlə aparan Azərbaycan dünyada həm bəşəri dövlət kimi tanındı, həm də tolerant dövlət kimi. 

Hər dövlət özünün Konstitusiyasına əsaslanır. Bu, heç bir dövlətin siyasətinin nüfuz edə bil­mə­yə­cəyi qanunvericilik hüququdur. Azərbaycan müstəqil dövlət kimi özünün təhsil sistemini də müəyyənləşdirib, təhsilin aparılması metodlarını da, bu istiqamətdə qanunlarını da. Bunlar dövlətin dövlətçiliyə xidmətləri sırasındadır. Orta təhsil on illik olub, indi on bir illikdir. Başqa dövlətlər buna necə nüfuz edə bilər? Azərbaycan dövləti özünün məktəbli vətəndaşlarının geyim formasını da müəy­yənləşdirir. Buna etiraz etməyə hansı dövlətin və yaxud hansı qurumların səlahiyyəti çatar? 

Bu haqda düşünməyənlərin iradəsi ilə yaranan bu və ya digər irili-xırdalı problem, əslində, prob­lem deyil, müəyyən qurumların, klanların, təxribat şəbəkələrinin başladığı ideoloji fəaliyyətin bir hissəsidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvir­ləri”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib. Dövlətin qəbul etdiyi qərara müəyyən qruplar tərəfindən idarə edilən vətəndaşların etirazı və bu səviyyədə etirazı düşünülmüş, plan­laş­dırılmış insidentdir. 

Azərbaycanda təhsil vətənpərvərliyin formalaşması prosesinin başlanğıcıdır. Bu baxımdan məktəblər Azərbaycanın sabahlarının vətəndaşlarını formalaşdırır. Vahid məktəbli forması  şagird­lə­rin qarşılıqlı münasibətlərində uyğunluq, sosial tarazlıq, bunların vasitəsilə qarşılıqlı anlaşma və mehri­banlıq yaratmalıdır. Belə olarsa, şagirdin düşüncələri tədrisdən də yayın­maz. Bunu təhsil siyasəti də tələb edir. Şübhəsiz ki, belə bir aksiyanın zərərlərini dərk etməyənlərin vətəndaşlığında nəsə çatışmır  

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli və 6 oktyabr 2026-cı il tarixli qərarı müəyyənləşdirilən geyim formasındakı dəyişikliklər, təhsil müəssisələrində geyim normaları şa­gird­lərin hüquqlarını zərrəcə pozmur, geyimin səliqəli, baxımlı olmasını təmin edir, həm də təh­silin dünyəvilik amilinin saxlanılması təmin olunur. 

Azərbaycanda müxtəlif dinlərə mənsub vətəndaşlar yaşayır. Onların etiqadları qanunla qorunur. Digər dinlərə mənsub olan şagirdlər də dinin müəyyənləşdirdiyi məqamlara uyğun geyimə meyil göstərərsə, onda Azərbaycanın təhsil sistemi necə ola bilər?

Bu qərar uşaqların uşaq dünyasının yad təsirlərdən qorunmasını da zəruriləşdirib. Uşaq psi­xo­logiyasına dini aspektdən yanaşmanın hansı psixoloji deformasiyalar yarada biləcəyini unut­maq olmaz. 

“Uşaq hüquqları haqqında” Qanun da valideynlərin uşaqlarını dini əqidələrinə uyğun tərbiyə etmək hüququnu tanıyır, lakin bu tanıma valideynlərə uşaqlarını dinə etiqad etməyə yönlən­dir­məsi, müəyyən mə­nada, hicabın nə olduğunu başa düşməyən uşağa hicab bağlamağa meyillən­dirməsi, təkid etməsi qadağan olunur. Bəs onda bu gün başlayan bu qarışıq, qondarılmış aksiyalar nə de­mək­dir?

Bir faktı diqqətə çatdırmaq istəyirəm: on-on iki yaşlı məktəbli qız televiziyada deyir ki, bayra­ğımızı sevmişəm, indi bizi məktəbə hicabla buraxmırlar, bu, bayrağımızdakı yaşıl rəngə etirazdır. Diqqət yetirin: 10-12 yaşlı məktəbli hansı məntiqdən çıxış edir. Yaşıl rəngi bu qədər “sevən” məktəbli digər rəngləri niyə unudur, ona digər rəngləri unutduran kimlərdir?  

Milli dəyərlərimiz, Azərbaycan ailə modeli, milli təəssübkeşlik və vətənpərvərlik bir-biri ilə qaşılıqlı əlaqədə böyük mənəvi gücə çevrilir. Hər biri ayrılıqda, hamısı vəhdətdə Azərbaycanda yüksək səviyyəli təhsil sisteminin formalaşmasının istiqamətləridir. 

Dünyəviliyi unutmaq, islami dəyərlərin mahiyyətini tam dərk etmədən qız uşaqlarının uşaqlıq  dünyasını əllərindən almaq nə valideynlərə, nə bu və ya digər quruma bağışlanmamalıdır. Bağış­lan­mayacaq da...

Azərbaycanla Türkiyə tarixən nəfəs-nəfəsə yaşamış dövlətlərdir. Bu iki dövlətin münasibət­lərinə bu və ya digər məqamla zərrəcə təsir etməyə fərd olaraq kimsənin, partiya olaraq heç bir partiyanın, dövlət olaraq heç bir dövlətin haqqı yoxdur…

Səbinə Xasayeva,

Milli Məclisin deputatı