14 oktyabr 2026 17:56
150

Azərbaycan Asiyada təhlükəsizlik və etimad coğrafiyasını genişləndirir - TƏHLİL

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinə ev sahibliyi edəcək Azərbaycan bir daha davamlı sülhə və təhlükəsizliyə töhfələrini, sülh təcrübəsini bölüşəcək, təhlükəsiz gələcəyin yol xəritəsinin təqdimatında əhəmiyyətli rol oynayacaq

Azərbaycan oktyabrın 15-də növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. Cari ilin ötən dövrünə diqqət yetirsək ölkəmizin müxtəlif mövzularda ev sahibliyi etdiyi tədbirlərin miqyasının nə qədər geniş olduğunu görərik. Təbii ki, bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və mövqeyinin, qazandığı inamın və etimadın, beynəlxalq tədbirlərə ev sahibliyində malik olduğu zəngin təcrübənin, ən əsası sabit, təhlükəsiz ölkə kimi qazandığı nüfuzun təqdimatıdır. Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Sammiti də bu tədbirlər sırasında olacaq. Azərbaycan 2024-2026-cı illər üçün AQEM-ə sədrlik edir. Özündə 28 üzv dövləti birləşdirən təşkilatın Baş katibi Kayrat Sarıbayın qeyd etdiyi kimi, Bakı Sammitinə çoxsaylı dövlət və hökumət başçılarının qatılacağı gözlənilir. Kayrat Sarıbay Azərbaycanın sədrliyini və ölkənin təşkilatın inkişafına, eləcə də institusional güclənməsinə verdiyi töhfələri yüksək qiymətləndirir. "Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf" şüarı altında həyata keçirilən bu sədrlik ölkənin qitəmiqyaslı dialoq platformalarında rolunu və nüfuzunu artırır. Azərbaycanın təşkilata sədrliyi dövründə keçirilən tədbirlər ölkənin çoxtərəfli diplomatiya və sülh quruculuğu səylərinin gücləndirilməsində əhəmiyyətli rol oynadı. Ötən ilin sentyabr ayında “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası keçirildi. Cənab İlham Əliyev iştirakçılara müraciətində bir daha bildirdi ki, biz sədrliyimiz dövründə AQEM-in təşkilati baxımdan gücləndirilməsi, onun beynəlxalq təşkilat kimi təsisatlanması, yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və təsisatın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsini prioritet olaraq müəyyənləşdirmişik.

Sammit ərəfəsində, bu il oktyabr ayının əvvəlində Bakıda ilk dəfə olaraq AQEM-in Media Forumu təşkil olundu. “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda keçirilən Media Forumunun iştirakçılarına müraciətində cənab İlham Əliyev bildirdi ki, Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır. Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir.

Azərbaycanın AQEM-ə sədrliyi dövründə müxtəlif istiqamətlər üzrə Bakıda keçirilən yüksək səviyyəli görüşlər, beyin mərkəzləri, ekspertlər, biznes dairələri və gənclər arasında təşkil edilən tədbirlər təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin intensivləşməsinə töhfə verərək Azərbaycanın dialoq və çoxtərəfli əməkdaşlıq məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etmişdir. Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir.

Dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir. Azərbaycan AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə, üzv dövlətlər ilə media sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Son illər ərzində müxtəlif media qurumları arasında formalaşmış tərəfdaşlıq əlaqələri, eləcə də AQEM üzv dövlətlərindən olan media nümayəndələrinin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində iştirakı bu istiqamətdə praktiki əməkdaşlıq üçün şərait yaratmışdır. Hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları, media sahəsində baş verən köklü transformasiyalar ilə səciyyələnən mürəkkəb bir dövr yaşayır. Fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir. Baş verən prosesləri işıqlandıran və cəmiyyətə çatdıran media ictimai rəyin formalaşmasına, qarşılıqlı etimad və anlaşmaya, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir. Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir. Xüsusilə sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır. Bütün bunlar media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələbləri daha da yüksəldir, ortaq informasiya məsuliyyətinin formalaşdırılmasını zəruri edir. Belə bir əminlik də ifadə edilmişdir ki, Forum AQEM məkanında media sahəsində işbirliyinin inkişafına, birgə layihələrin reallaşmasına, dürüst, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasına töhfə verəcək.

Prezident İlham Əliyev ötən il Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edərkən qonaq ölkəmizin sədrlik prosesinin uğurla davam etdirildiyini deyərək bütövlükdə Azərbaycanın çoxtərəfli diplomatiyada zəngin təcrübəsinin olduğunu qeyd etmişdir. Kayrat Sarıbay bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və digər beynəlxalq təşkilatlarda uğurlu sədrliyini vurğulamış, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin də bu müstəvidə aparıldığını diqqətə çatdırmışdır. Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin təşkilata sədrliyinin uğurla davam etdirildiyini deyərək, üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, təşkilatın institusional inkişafı və təşkilat çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin bundan sonra da göstəriləcəyini bildirmişdir. Bu xüsusda gənclər, media, nəqliyyat bağlantıları sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafının önəmi vurğulanmışdır. Dövlətimizin başçısı Azərbaycan tərəfinin bu təşkilata sədrliyə çox məsuliyyətlə yanaşdığını bildirərək, ölkəmizin öz növbəsində bu formatın daha da möhkəmlənməsi işinə töhfəsini verəcəyinə əmin olduğunu qeyd etmişdir. Prezident İlham Əliyev ölkəmizin sədrliyi dövründə nəzərdə tutulan işlərin həyata keçirilməsində Azərbaycanla təşkilat arasında fəal birgə əməkdaşlığın aparılmasının zəruriliyini bildirmişdir.

Reallıq budur ki, Azərbaycan beynəlxalq miqyaslı siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etmək sahəsində zəngin və uğurlu bir təcrübəyə malikdir. Son onilliklərdə ölkəmizin paytaxtı Bakı və regionları qlobal əhəmiyyətli forumların, sammitlərin və idman yarışlarının keçirildiyi əsas regional mərkəzə çevrilib. Bu uğurun arxasında dayanan əsas amillər ölkədəki sosial-siyasi sabitlik, güclü iqtisadi potensial, müasir infrastruktur və qonaqpərvərlik ənənələridir. Azərbaycanın beynəlxalq tədbirlər platformasındakı zəngin təcrübəsini bir neçə əsas istiqamət üzrə qruplaşdırmaq olar. Birincisi qlobal ekoloji və siyasi tədbirlərdir. Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Belə ki, iqlim dəyişmələrinin yaratdığı problemlərin aradan qaldırılmasına ölkəmizin verdiyi töhfələr, Azərbaycanın beynəlxalq nüfuzu, sabit, təhlükəsiz ölkə kimi tanınması 2024-cü ildə COP29 tədbirinə ev sahibliyini şərtləndirdi. Bu tədbir ölkənin yaşıl enerjiyə keçid və qlobal ekoloji problemlərin həllində bitərəf və etibarlı vasitəçi statusunu möhkəmləndirdi. İqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən bu Forum uğurlu nəticələri ilə diqqətdə oldu. Bu tədbirin digər COP-lara böyük stimul vrəcəyi əsaslı şəkildə qeyd edildi. Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi dəyərləndirən cənab İlham Əliyev bu məqamı da xüsusi vurğuladı ki, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Dövlətimizin başçısı dildirdi ki, biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.

Azərbaycan bu il Ümumdünya Şəhərsalma Forumunun 12-cü Sessiyasına ev sahibliyi etdi. Şəhərlərin dayanıqlı inkişafı və urbanizasiya problemlərinin müzakirə edildiyi bu mötəbər Forum ölkəmizin müasir şəhərsalma təcrübəsinin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, bu Foruma qədər işğaldan azad edilmiş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində Azərbaycan Milli Şəhərsalma forumları keçirilmişdi.

Azərbaycanın ev sahibliyi etdiyi forumların, beynəlxalq konfransların, Zirvə görüşlərinin sayı olduqca böyükdür. Ölkəmizin həm tədbirlərin keçirilməsində yüksək təşkilatçılıq təcrübəsinə malik olması, həm də bütün sahələrdə mövcud imkanları belə tədbirlərin sıralamasını genişləndirir. Azərbaycanın ev sahibliyi etdiyi idman tədbirləri də reallıqlarımızın təbliğində, beynəlxalq münasibətlər sistemində yerinin və mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır.

Bir sözlə, Azərbaycanın tolerant mühiti və sabit daxili təhlükəsizlik sistemi beynəlxalq tədbirlərə qatılan iştirakçılar üçün rahat şərait yaradır. Beynəlxalq tədbirlərdə minlərlə gənc azərbaycanlı könüllünün peşəkar fəaliyyəti təşkilati işlərin rəvan getməsini təmin edir. Nəticə olaraq, bu irimiqyaslı tədbirlər Azərbaycanı sadəcə regional lider deyil, həm də qlobal müstəvidə humanitar, siyasi və idman dialoqlarının uğurla qurulduğu etibarlı bir tərəfdaş kimi təsdiqləyir. Qazanılan bu zəngin təcrübə gələcəkdə daha böyük qlobal layihələrin də ölkəmizə etibar ediləcəyinə zəmin yaradır.

Qeyd etdiyimiz kimi, Azərbaycanın sədrliyi ilə oktyabrın 15-də keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Sammitinə qatılacaq ölkələrin dövlət və hökumət nümayəndələrinin Azərbaycana səfərləri artıq başlayıb. Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Kambocanın Baş naziri və Laosun Prezidenti, eyni zamanda, bu tədbirin iştirakçısı olacaqlar. Dövlətimizin başçısı İlham Əliyev hər iki liderlə görüşlərində, mətbuata bəyanatlarında bu reallığı xüsusi qeyd etdi ki, onlar Bakıda olduqları bu müddətdə Azərbaycanı daha yaxından tanımaq imkanı qazanacaqlar. Hər iki lider ilk dəfə olaraq Azərbaycanda səfərdədir. Laos Prezidenti Thonqlun Sisulit vurğuladı ki, Çox qonaqpərvərsiniz, bu, bizim qardaşlığımızın və dostluğumuzun təcəssümüdür: “Mən bundan qabaq Bakıda 44 il əvvəl olmuşam. Bu gün yenidən buradayam. Bakının, Azərbaycanın sürətli inkişafının şahidi oldum. Mənim üçün hər şey yenidir. Mən 44 il bundan əvvəl səfər etdiyim Azərbaycanı güclə tanıdım. Bununla belə, Azərbaycan xalqı mədəniyyətinə və ənənələrinə xas mehribanlığını qoruyub saxlayıb. Azərbaycan xalqı əvvəl olduğu kimi sevimlidir. Bu məndə olduqca xoş təəssürat yaratdı.” Kombaca Krallığının Baş katibi Hun Manet isə göstərilən səmimi qonaqpərvərliyə, həmçinin AQEM-in Bakıda keçiriləcək Zirvə görüşündə iştirak etmək və bu gün Azərbaycana rəsmi səfərə gəlmək üçün dəvətə görə minnətdarlığını bildirdi.

Qeyd etdiklərimiz hələ tədbirdən öncəki məqamların təqdimatıdır. Hər bir beynəlxalq əhəmiyyətli tədbir günün aktual məsələlərinə həsr edilən mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada məkan olaraq Azərbaycanın ev sahibliyini qeyd etmək kifayətdir. AQEM-in məqsəd və məramını nəzərə alsaq, bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda sammitə ev sahibliyi özündə gələcəklə bağlı vacib çağırışları ehtiva edir. Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarında qeyd etdiyi kimi, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi ötən ilin avqust ayında paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Cənab İlham Əliyev bu günlərdə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında bir daha bildirdi ki, şanlı qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik. Bu günlərdə Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə də Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Sammitinə hazırlığı yüksək dəyərləndirildi. Dövlətimizin başçısı İlham əliyerv vurğuladı ki, əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır.Çıxışlarda bu reallıq da önə çəkildi ki, bu gün Mərkəzi Asiya və Azərbaycan haqlı olaraq Avrasiyada inkişaf və geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləri hesab olunur. Lakin ən başlıcası odur ki, qardaş xalqlarımızın müdrikliyi və birliyi sayəsində biz sülh və həmrəylik şəraitində yaşayırıq.

AQEM liderləri VII Sammitdə iştirak üçün Azərbaycana səfər edirlər. Bakı Sammitində qütbləşən dünyada Asiya qitəsinin ortaq təhlükəsizlik arxitekturası təqdim ediləcək. Azərbaycanın bu gün dayanıqlı sülhə və təhlükəsizliyə davamlı töhfələri fonunda belə qənaətə gələ bilərik ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçirilən VII Sammiti Azərbaycana Asiya və Avrasiya məkanında siyasi, iqtisadi və logistik mövqelərini gücləndirmək üçün mühüm imkanlar vəd edir. Azərbaycanın təşkilat çərçivəsində təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərini koordinasiya etməsi Şərq-Qərb və Şimal-Cənub xətləri üzrə tranzit imkanlarını genişləndirir, ölkəni qitələrarası logistik mərkəzə çevirir. Azərbaycanın coğrafi, eyni zamanda, digər üstünlükləri xarici siyasət uğurlarının davamlılığında əhəmiyyətli rol oynayır. Tədbirin yekununda qəbul ediləcək Bakı Bəyannaməsi bundan sonrakı addımların təqdimatı, yol xəritəsi olacaq. Astanadan Bakıya uzanan yol AQEM-in institusional inkişafında yeni, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə 2024-2026-cı illər üzrə sədrliyi, təşkilatın Astanada başlayan transformasiya prosesinin Bakıda keçirilən VII Zirvə Görüşü ilə tamamlanması mərhələsi kimi xarakterizə edilir.

Yeganə Əliyeva, “İki sahil”