14 oktyabr 2026 18:10
156

Dini etiqad azadlığının ən yaxşı qorunduğu cəmiyyətlər məhz dünyəvi dövlətlərdədir - TƏHLİL

Azərbaycan modeli dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsi ilə milli təhlükəsizlik, ictimai asayiş və cəmiyyətin dünyəvi dəyərlərinin qorunması arasında hüquqi tarazlığa əsaslanır

Son zamanlar müəyyən xarici mərkəzlər idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa çalışırlar. Bu mərkəzlər din amilindən silah kimi istifadə edərək ölkəmizi inkişaf və tərəqqi yolundan geri döndərməyi, burada bəzi Yaxın Şərq ölkələrinin teokratik idarəetmə modelini tətbiq etməyi qarşılarına məqsəd qoyublar.

 Ölkəmizdə müsəlman dindar qadınların baş örtüsü (hicab) və ya geyimi ilə bağlı heç bir məhdudiyyət, yaxud qadağa yoxdur. Azərbaycanda qadınların istədikləri dini həyat tərzini seçmək və yaşamaq hüququ Azərbaycan Konstitusiyası və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təmin edilir. Azərbaycan modeli dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsi ilə milli təhlükəsizlik, ictimai asayiş və cəmiyyətin dünyəvi dəyərlərinin qorunması arasında hüquqi tarazlığa əsaslanır.

Bu gün Azərbaycanda 2389 məsciddə eyni vaxtda 600 min nəfərə yaxın şəxs ibadət edə bilir

Respublikamızda məscidlərin bərpası yalnız ayrı-ayrı dini tikililərin təmiri deyil, həm də tarixi yaddaşın, dini-mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması siyasətinin tərkib hissəsi kimi həyata keçirilir.  2020-2025-ci illərdə dövlət dəstəyi ilə, eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən məscidlərdə (İsmayıllı rayonundakı Lahıc qəsəbəsi Bədöyün məscidi, Bakı şəhərinin Suraxanı rayonundakı “Fatimeyi-Zəhra” məscidi, Şəki şəhərindəki “Xan” məscidi, Bakı şəhərinin Nərimanov rayonundakı “Cümə” məscidi, Şamaxı rayonundakı “Pirsaat Baba” ziyarətgah-məscid kompleksi, Bakı şəhərinin Xətai rayonundakı Əhmədli qəsəbə məscidi, Naxçıvan şəhərindəki “Heydər” məscid kompleksi və s.) təmir-bərpa və yenidənqurma işləri aparılaraq istifadəyə verilmişdir.

 Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbə nəticəsində işğaldan azad olunmuş ərazilərdə yerləşən bir sıra məscidlərdə (Şuşa şəhərindəki “Yuxarı Gövhər Ağa”, “Aşağı Gövhər Ağa”, “Saatlı”, “Çöl Qala”, Mehmandarovların malikanə kompleksi ərazisindəki məscidlər, Şuşa rayonunun, Daşaltı kənd məscidi, Ağdam rayonunun Qiyaslı kənd məscidi, Hadrut qəsəbəsindəki məscid) təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib.

Ölkənmizin digər ərazilərində də məscid və ziyarətgahların təmir-bərpası həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahının təmir-bərpası üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2025-ci ildə 550 min manat vəsait ayrılıb. Artıq ziyarətgahda bərpa işləri başa çatdırılıb.

Bundan başqa, Prezident İlham Əliyevin Sərəncamı ilə Əmircan qəsəbəsində yerləşən İmam məscidinin təmir-bərpası üçün 2025-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb. Hazırda məsciddə təmir-bərpa işləri yekunlaşdırılıb.  

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Gəncə şəhərində yerləşən Cümə (Şah Abbas) məscidinin təmir-bərpası üçün 2026-cı ildə ilkin olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 1,6 milyon manat vəsait ayrılmış və məsciddə təmir-bərpa işlərinə başlanılmışdır.

Bundan başqa, hazırda Şuşa şəhərində, Cəbrayıl, Füzuli, Laçın rayonlarında yeni məscidlərin tikintisi davam etdirilir. Eyni zamanda, Qusar rayonunun Hill kəndində yerləşən məsciddə təmir-bərpa işləri aparılır.

 Din xadimlərinə və dini qurumlara yüksək dövlət qayğısı göstərilir

Xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərimizin yaşadılmasında dinimizin və din xadimlərinin xüsusi yeri vardır. Bu gün ölkəmizdə dini qurumlar və din xadimləri yüksək dövlət qayğısı ilə əhatə olunub. Hazırda respublikamızda dini ibadət yerlərinə təyin olunmuş din xadimlərinin ümumi sayı 1479 nəfərdir. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən müəyyən edilmiş meyarlar əsasında din xadimlərinə maddi dəstək göstərilir. 2020-ci ildə 984 din xadiminə maddi dəstək verilirdisə, hazırda bu göstərici 1204 nəfərə çatdırılıb. Qeyd edək ki, 2025-ci ildə 1197 din xadiminə Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyi münasibətilə əlavə birdəfəlik maddi yardım verilmişdir. 

Təkcə 2026-cı ildə dövlət tərəfindən dini sahəyə 30 milyon manatdan artıq vəsaitin ayrılması dini-mənəvi dəyərlərə və dini icmalara göstərilən dövlət qayğısının mühüm göstəricisidir.

Dini qurumlara göstərilən dövlət maliyyə dəstəyinin həcmi son illərdə əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında dini konfessiyalara hər il dövlət tərəfindən maliyyə dəstəyi göstərilir. Dini konfessiyalara 2020-ci ildə 3,25 milyon manat dövlət maliyyə dəstəyi göstərilirdisə, 2026-cı ildə bu rəqəm 6,3 milyon manatadək artıb.

Bu gün ölkəmizdə müxtəlif dini konfessiyalara mənsub icmalar dövlət qeydiyyatından keçərək fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun həyata keçirirlər. 2015-ci ildə dövlət qeydiyyatında 645 dini icma olduğu halda, hazırda bu rəqəm 994-ə çatmışdır ki, onlardan da 956-sı İslam dini icmalarıdır.

 Azərbaycanda dini təhsil sahəsində ciddi uğurlar əldə olunub

Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, peşəkar kadr hazırlığı və kənar-radikal təsirlərin qarşısının alınması istiqamətində ciddi addımlar atılıb. Belə ki, dini sahədə peşəkar kadr potensialının formalaşdırılması məqsədilə yaradılmış Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil həyata keçirilir. Təhsilin ödənişsiz olması və tələbələr üçün təqaüd imkanlarının yaradılması dövlətin bu sahəyə diqqətinin göstəricisidir.

Hazırda Aİİ-də 318 tələbə və doktorant təhsil alır. Bu günədək Aİİ-nin 308 nəfər məzunu olmuşdur ki, onlardan 278 nəfəri bakalavr pilləsini bitirib. Dini təhsil sisteminin orta ixtisas pilləsinin formalaşdırılması məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kolleci yaradılmışdır. Kollecdə 65 tələbə təhsil alır, cari ildə 15 tələbə məzun olmuşdur. Bu gün İlahiyyat İnstitutunda tələbələr üçün 7 müxtəlif təqaüd proqramı mövcuddur.

Həmçinin din xadimlərinin bilik və bacarıqlarının artırılması, məscidlərin ictimai həyatda maarifləndirici təsirinin gücləndirilməsi məqsədilə ötən ildən etibarən “Hər məsciddə kitabxana” layihəsi həyata keçirilir. 2025-ci ildə layihə çərçivəsində ümumilikdə 250 məscid kitabxana ilə təmin edilmişdir. 2026-cı ildə davam etdirilən layihənin daha 210 məscidi və 10 cəzaçəkmə müəssisəsində yerləşən ibadət otaqlarını əhatə etməsi planlaşdırılır.

Azərbaycan beynəlxalq miqyasda İslam həmrəyliyinin təşviqində mühüm rol oynayır

Azərbaycanın xarici siyasətində İslam həmrəyliyinin təşviqi, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, islamofobiya, dini radikalizm və ekstremizmə qarşı mübarizə mühüm yer tutur.

COP29 çərçivəsində 5–6 noyabr 2024-cü ildə “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilmişdir. Tədbirdə dünyanın 300-ə yaxın tanınmış dini lideri və müxtəlif ölkələrdən nümayəndələr iştirak etmişdir. Sammitin əsas mövzusu iqlim dəyişmələri və ekoloji problemlərin həllində dini liderlərin və dini icmaların rolu olmuşdur. Yekunda Bakı Bəyannaməsi, COP29 iştirakçılarına müraciət və digər sənədlər qəbul edilmişdir. 

2024-cü ilin 17 dekabr tarixində Mərakeş Krallığının paytaxtı Rabat şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, ICESCO və Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinin birgə təşkilatçılığı ilə “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirin əsas məqsədi Azərbaycanın tarixən formalaşmış dini tolerantlıq və multikulturalizm ənənələrinin beynəlxalq səviyyədə təşviqi, dinc birgəyaşayış və qarşılıqlı hörmət prinsiplərinin möhkəmləndirilməsi, habelə dini dözümsüzlüyün qarşısının alınması istiqamətində qabaqcıl təcrübələrin bölüşdürülməsi olmuşdur.

2026-cı ildə beynəlxalq əməkdaşlığın mühüm hadisələrindən biri 30 iyunda Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün keçirilməsi olmuşdur. Görüşdə 5 ölkə -Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın müvafiq qurumlarının rəhbərləri iştirak etmiş, dövlət-din münasibətləri, dini təhsil, Türk-İslam irsi, radikalizm, ekstremizm, terrorizm və islamofobiyaya qarşı mübarizədə əməkdaşlıq istiqamətlərini müəyyən edən Kommünike imzalanmışdır.

Rəsmi Bakı bu istiqamətdə dünyanın aparıcı təşkilatları ilə də əməkdaşlığı inkişaf etdirir. Bu çərçivədə BMT, İslam Əməkdaşlıq Təşkilatı, ICESCO, G20 Dinlərarası Forum, KAİCİİD, Müsəlman Ağsaqqalları Şurası, Ümumdünya Fətva Evləri Şurası, Əl-Əzhər Dini Mərkəzi və EULEMA Avropa Müsəlman Dini Liderləri Şurası ilə əməkdaşlıq həyata keçirilir.

Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir. Ölkəmizdə 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edilib. Həmin il IV İslam Həmrəyliyi Oyunlarına da Azərbaycan ev sahibliyi edib. 2027-ci ildə Azərbaycanın paytaxtında İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşü keçiriləcək.

Zahid Rza, “İki sahil”