21 oktyabr 2026 15:30
217

Ağdaşda VIII Qurultayın nəticələrinin müzakirəsi davam edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələrinin və növbəti mərhələdə qarşıda duran strateji vəzifələrin müzakirəsi məqsədilə YAP Ağdaş rayon təşkilatının təşkil etdiyi görüşlər davam edir. Bu istiqamətdə növbəti görüşlər Qolqəti və Dəhnəxəlil kənd ərazi partiya təşkilatlarında keçirilib. Görüşlərdə Qolqəti, Korarx, Dəhnəxəlil və Ağcayazı kəndlərindən olan partiya fəalları iştirak ediblər.

Görüşlərdə əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağdaş rayon təşkilatının əməkdaşları Emil Əzizov və Elnur İmranlı çıxış edərək partiyanın Sədri, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər, müəyyən etdiyi vəzifələr və irəli sürdüyü strateji hədəflər haqqında ətraflı məlumat veriblər. Natiqlər dövlət başçısının çıxışında diqqətə çatdırılan əsas məqamları təhlil edərək partiyanın fəaliyyətinin dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilməsinin vacibliyini vurğulayıblar. Çıxışlarda müasir çağırışlara uyğun olaraq ideoloji fəaliyyətin yeni yanaşmalar əsasında təşkili və bu prosesdə yerli partiya təşkilatlarının rolunun artırılmasının əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, ərazi bütövlüyünü və suverenliyini Zəfər nəticəsində tam bərpa etmiş Azərbaycanın davamlı inkişafı fonunda milli birlik və həmrəyliyin möhkəmləndirilməsi, sağlam ideoloji mühitin formalaşdırılması, dövlətçilik prinsiplərinin geniş ictimaiyyət arasında təbliği başlıca prioritetlərdəndir.

Görüşlərdə çıxış edən ərazi partiya təşkilat sədrləri və fəallar Azər Mehdiyev, Əvəz Əzizov, Pərvin Rəhimov, Süleyman Cəfərov, Aynur Muxtarova, Aysel Cəfərova və Aygül Hümmətova VIII Qurultayın əhəmiyyəti və nəticələri ilə bağlı fikirlərini bölüşüblər. Onlar Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttini dəstəklədiklərini bildirərək, Ağdaş rayonunda partiyanın müasir ideoloji prinsiplərinin təşviqi, milli-mənəvi dəyərlərin yaşadılması və dövlətçilik ənənələrinin təbliği istiqamətində fəaliyyətlərini bundan sonra da ardıcıl və əzmlə davam etdirəcəklərini qeyd ediblər.