22 oktyabr 2026 14:38
147

Ağdaş Dövlət Humanitar Kollecində VIII Qurultayının nəticələri müzakirə edilib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və qurultayda müəyyənləşdirilmiş prioritet vəzifələrlə bağlı YAP Ağdaş rayon təşkilatının keçirdiyi silsilə tədbirlər davam edir. Bu çərçivədə növbəti görüş Ağdaş Dövlət Humanitar Kolleci ərazi partiya təşkilatında təşkil olunub.

tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin müəyyənləşdirdiyi vəzifələr, partiyanın növbəti mərhələdə fəaliyyət istiqamətləri və rayon təşkilatlarının qarşısında duran mühüm tapşırıqlar haqqında ətraflı danışıb.

Əlişah Rəcəbov Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərdən irəli gələn əsas məqamlara toxunaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkədə aparılan siyasi, iqtisadi və sosial islahatların həyata keçirilməsində fəal iştirak edir, dövlətçilik prinsiplərinin qorunmasına və milli həmrəyliyin gücləndirilməsinə öz töhfəsini verir. O bildirib ki, partiyanın başlıca məqsədlərindən biri dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin gerçəkləşməsinə dəstək göstərmək, cəmiyyətlə qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək, gənclərin ictimai-siyasi fəallığının yüksəldilməsinə və milli-mənəvi dəyərlərin yaşadılmasına xüsusi diqqət ayırmaqdır.

Çıxışı zamanı Prezident İlham Əliyevin “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir” fikrini diqqətə çatdıran Əlişah Rəcəbov YAP-ın ölkənin ictimai-siyasi həyatında tutduğu mühüm mövqeyi vurğulayıb. O, qurultayda qarşıya qoyulmuş məqsədlərə nail olunmasının hər bir partiya üzvündən yüksək məsuliyyət, fəallıq və təşəbbüskarlıq tələb etdiyini bildirib. Bu istiqamətdə ərazi partiya təşkilatlarının fəaliyyətinin daha səmərəli qurulmasının, üzvlərlə işin ardıcıl şəkildə aparılmasının və ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Ağdaş Dövlət Humanitar Kolleci ərazi partiya təşkilatının sədri, qurultay nümayəndəsi kollecin direktoru Mirvari Ağayeva çıxışında YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında xüsusi əhəmiyyətə malik olduğunu bildirib. O, qurultayda müəyyənləşdirilən vəzifələrin yerinə yetirilməsində mədəniyyət sahəsində çalışan partiya üzvlərinin fəallığının vacibliyini diqqətə çatdırıb. Mirvari Ağayeva milli-mənəvi dəyərlərin mühafizəsi, mədəni irsin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.  

Tədbirdə partiya fəallarından Ülkər Əzizova, Zümrüd İsmayilova və qurultay nümayəndəsi Nəzrin Hüseynzadə çıxış edərək YAP-ın VIII Qurultayında müəyyənləşdirilən məqsəd və hədəflərin əhəmiyyətindən, partiya üzvlərinin üzərinə düşən vəzifələrdən, milli birlik və həmrəyliyin qorunmasının vacibliyindən bəhs ediblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.