22 oktyabr 2026 15:07
132

Azərbaycanın qolf turizmi imkanları Fransada təbliğ olunub

19-22 oktyabr tarixlərində Fransanın Kann şəhərində keçirilən “International Golf Travel Market (IGTM) 2026” beynəlxalq sərgisində Azərbaycan milli stendlə təmsil olunub. 

“İki sahil” xəbər verir ki, Azərbaycan Turizm Bürosu (ATB) və “Dreamland Golf Club” sərgi çərçivəsində ölkənin qolf turizmi imkanlarını beynəlxalq turizm şirkətlərinə və sahə üzrə mütəxəssislərə təqdim ediblər.

Qolf turizmi üzrə ixtisaslaşmış beynəlxalq tədbirlərdən biri olan sərgidə müxtəlif ölkələrin turizm istiqamətləri, kurortları, qolf klubları, turizm agentlikləri və turoperatorları təmsil olunub. B2B görüşlər zamanı turizm məhsulları, bazar imkanları və qolf turizmi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Sərgi çərçivəsində qolf texnologiyaları, pərakəndə satış, geyim və aksesuarlar, eləcə də qolf klublarının idarə edilməsi sahələrində fəaliyyət göstərən şirkətlərlə təcrübə və məlumat mübadiləsi aparılıb. 

Azərbaycanın sərgidə iştirakı ölkənin qolf turizmi istiqaməti kimi beynəlxalq səviyyədə tanıdılması, bu sahədə fəaliyyət göstərən xarici şirkətlərlə işgüzar əlaqələrin qurulması və yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə xidmət edib.