Naxçıvan Muxtar Respublikasının Babək rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müşavirə keçirilib.
“İki sahil” xəbər verir ki, Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov rayonun kənd təsərrüfatı sahəsində mövcud vəziyyəti və əsas inkişaf istiqamətləri barədə məlumat verib. O, Dövlət Proqramının Babək rayonunda aqrar sahənin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafael Quliyev aqrar sahənin mövcud vəziyyəti və inkişaf perspektivlərindən danışaraq kənd təsərrüfatının sosial-iqtisadi inkişafda mühüm rol oynadığını və Dövlət Proqramının hədəflərinin reallaşdırılması üçün Nazirliyin qarşısında mühüm vəzifələrin dayandığını qeyd edib. O, məhdud torpaq və su resurslarına baxmayaraq, muxtar respublikanın iqlim şəraiti, coğrafi mövqeyi və aqrar potensialının taxılçılıq, tərəvəzçilik, meyvəçilik, üzümçülük və heyvandarlığın inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Dövlət Proqramının əsas hədəfləri, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Bildirib ki, proqram çərçivəsində bitkiçilik və heyvandarlıq sahələrində istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və aqrar istehsalın dayanıqlığının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Nazir müavini Naxçıvan Muxtar Respublikası üzrə planlaşdırılan tədbirlərə toxunaraq fermerlərin subsidiyalar, güzəştli şərtlərlə təqdim olunan kənd təsərrüfatı texnikası və avadanlıqları, aqrar sığorta və digər dövlət dəstəyi mexanizmlərindən istifadə imkanlarını diqqətə çatdırıb.
İlhamə Qədimova qeyd edib ki, Aqrar Subsidiya Şurasının 7 sentyabr 2026-cı il tarixli qərarı ilə bitkiçilik, heyvandarlıq və balıqçılıq sahələri üzrə subsidiya mexanizmləri yenilənib, fermerlər üçün dəstək şərtlərində dəyişikliklər edilib. Yeniliklər müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinə, məhsuldarlığın artırılmasına, emalın və ixracyönümlü istehsalın təşviqinə, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılmasına və ərzaq təminatının gücləndirilməsinə xidmət edir.
Müşavirədə Dövlət Proqramının əsas müddəaları, aqrar sahənin inkişafı üzrə prioritetlər və regionlarda kənd təsərrüfatı istehsalının genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin sahibkarların investisiya fəallığının artırılması, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə və regionun aqrar potensialının reallaşdırılması məsələlərinə toxunulub.
Sonda Naxçıvanda fermer və sahibkarların fəaliyyəti ilə bağlı məsələlər, Dövlət Proqramından irəli gələn tədbirlərin icrası və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb. Fermer və sahibkarların təklifləri dinlənilib, onların sualları cavablandırılıb.
İri Şəhərlərin Su Təchizatı Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
Ağdaş Dövlət Humanitar Kollecində VIII Qurultayının nəticələri müzakirə edilib
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir