22 oktyabr 2026 16:26
173

Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib 

Goranboyda fermer və sahibkarların maarifləndirilməsi, aqrar sahədə dövlət dəstəyi imkanları barədə məlumatlılığın artırılması və kənd təsərrüfatı istehsalçılarının mövcud mexanizmlərdən daha səmərəli istifadəsinin təşviqi məqsədilə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.

“İki sahil” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən paneldə Nazirliyin və tabeli qurumlarının, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun və “Unibank”ASC-nin mütəxəssisləri iştirak ediblər.

Müzakirələrdə kənd təsərrüfatında müasir yanaşmaların tətbiqi, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə dövlət dəstəyi mexanizmləri, fermerlərin subsidiya və güzəştli maliyyələşmə imkanlarından yararlanması, aqrar sığortanın əhəmiyyəti, bitkiçilik, heyvandarlıq, balıqçılıq və akvakultura sahələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”, Aqrar Subsidiya Şurasının qərarları və aqrar sahənin inkişafına yönəlmiş dəstək tədbirləri barədə məlumat verilib. Bildirilib ki, Dövlət Proqramı kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, intensiv və texnoloji təsərrüfatçılığa keçidin sürətləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, emal və ixracyönümlü istehsalın genişləndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və aqrar sahənin rəqabətqabiliyyətliliyinin artırılması istiqamətlərini əhatə edir.

Tədbir zamanı fermer və sahibkarların sualları aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Goranboy Rayon İcra Hakimiyyətinin binasında toxum sərgi-satış yarmarkası da təşkil olunub. Yarmarkada toxumçuluq subyektləri və özəl toxumçuluq şirkətləri tərəfindən sertifikatlaşdırılmış toxumların nümayişi və satışı həyata keçirilib.