25 oktyabr 2026 23:10
162

Nigeriyada “quldurların” hücumu nəticəsində ölənlərin sayı 50-yə çatıb

Nigeriyanın şərqində kəndə silahlı şəxslərin cümə günü hücumu nəticəsində ölənlərin sayı 50-yə çatıb. Sağ qalanlar AFP agentliyinə yeni meyitlərin aşkarlandığını bildiriblər.

“İki sahil” xəbər verir ki, cinayətkar dəstənin üzvləri olduğu ehtimal edilən və yerli əhali tərəfindən “quldurlar” adlandırılan silahlı şəxslər cümə günü motosikletlərlə Taraba ştatının şimal-şərqində yerləşən Binnari kəndinə daxil olaraq onlarla insanı öldürüb, mağazaları qarət ediblər.

Nigeriyanın şimal-şərqi uzun müddətdir cihadçıların silahlı üsyanı ilə üzləşir. Ölkənin şərqində yerləşən Taraba ştatında isə ideoloji deyil, maddi maraqlarla hərəkət edən “quldur” dəstələri də fəaliyyət göstərir.

“Cümə günü quldurlar icmamıza hücum etdikdən sonra yeddi meyit tapdıq. Ertəsi gün, şənbə günü isə çayda daha 43 meyit aşkar etdik. Beləliklə, ölənlərin ümumi sayı 50-yə çatdı”, – deyə Binnari sakini Bəşir Mamuda Musa bildirib.

Şənbə günü sağ qalanlar hücum nəticəsində ölənlərin sayının əvvəlcə 20 nəfər olduğunu bildirmişdilər. Ölənlərin sayının 50-yə çatdığı barədə məlumatı digər yerli sakin Abdullahi Zakari də təsdiqləyib. Təhlükə qarşısında icma üzvləri ərazini tərk edib dağılışdıqda meyitlərin tapılması və çıxarılması çox vaxt çətinləşir.

“Bir çox sakin, xüsusilə qadınlar və uşaqlar silahlı şəxslərdən xilas olmaq üçün çaya doğru qaçıb. Təəssüf ki, hücumdan qaçmağa çalışarkən bir neçə nəfər suda boğulub”, – deyə Zakari bildirib.