29 oktyabr 2026 10:46
131

105 il əvvəl nəşr olunmuş qəzetin günümüzə çatan yeganə nömrəsi TAPILDI - Bir neçə kəlmə "Əxbari"barədə

"Şəfəq"  qəzeti ilk bölgə mətbuatı kimi tariximizə düşüb. Odur ki, o, həmişə bölgə mətbuatımızın "qaranquşu" kimi təqdim olunur. Müxtəlif adlarla ("Əxbari", "Yeni dirilik", "Kollektivləşmə yolu", "Qızıl Quba", "Şəfəq", "Quba", "Şəfəq") fəaliyyət göstərmiş bu mətbu  orqanı milli mətbuatımızın inkişafına müəyyən mənada öz töhfəsini verə bilmişdir.

Ölkəmizdə demokratik mətbuatın formalaşmasında əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyev  "Şəfəq" qəzetinin 75 illik yubileyi münasibətilə redaksiyaya  göndərdiyi 29 iyul 1996-cı il tarixli təbrik məktubunda da bu məsələlərə toxunub: "Quba rayonu əhalisinin istək və arzularını, ictimai-iqtisadi və siyasi həyatının bütün sahələrini daim öz səhifələrində əks etdirən və əsası 75 il bundan əvvəl qoyulmuş "Şəfəq" qəzeti çox zəngin və şərəfli bir inkişaf yolu keçmişdir. Qəzet Azərbaycanın çoxşaxəli mədəniyyətə, adət-ənənələrə və milli-mənəvi dəyərlərə malik olan bölgəsində dövlətçiliyin və xalqlar dostluğunun daim qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət göstərmiş, bütün bölgə əhalisinin imkanlarını respublikamızın ən ümdə problemlərinin həllinə səfərbər etmişdir”. Ulu Öndər həmin məktubunda öz tövsiyələrini də  əsirgəməyib: ”Azərbaycan dövlətinin bugünkü demokratik və azad mətbuat sistemində öz dəst-xəttini qorumaq, layiqli yer tutmaq üçün qəzetin kollektivi səylərini daha da artırmalı, həm respublikanın, həm də rayonun ictimai-iqtisadi və siyasi həyatında gedən dəyişiklikləri, demokratik prosesləri obyektiv, yüksək professional səviyyədə işıqlandırmalıdır. Bu yolda qəzetin bütün yaradıcı heyətinə müvəffəqiyyətlər arzu edirəm”. 

Bu yazıda biz “Şəfəq”in sələfi olan “Əxbari”dən söz açmaq istəyirik. 1921-ci ilin aprelin 25-də Azərbaycanın kənd rayonları arasında ilk dəfə Qubada Qəza İnqilab Komitəsinin "Əxbari" adlı çoxtirajlı qəzeti çapdan çıxıb. “Əxbari”nin ilk müxbirlərindən biri olmuş Qubanın Xaltan kənd sakini Mütəllib Əfəndiyevin xatirələrinə (1 may 1991-ci il, №35) istnadla bildirək ki, qəzetin təşkili münasibətilə Quba şəhərindəki fəhlə-kəndli klubunda təntənəli yığıncaq keçirilib. Qəzetin redaktoru qəza partiya komitəsinin təbliğat şöbəsinin müdiri, bacarıqlı müəllim, mahir jurnalist Hüseynağa Məmmədbəyli, katibi isə Əsgər Fərəczadə seçilib. Qəzetə ad verilməsi də geniş müzakirələrə səbəb olub. Hətta bu qəzetə Leninin adını vermək tövsiyə edilib. Lakin “yuxarıdan” bildiriblər ki, guya rəhbər belə təklifləri xoşlamır. Ona görə də qəzet “Əxbari” adı ilə çıxmağa başlayıb. 

Qeyd edək ki, "Şəfəq"in sələfi sayılan "Əxbari"nin (dilimizdə "əxbar"ın iki anlamı vardır ki, onlardan biri xəbərlər, məlumat, ikincisi isə keçmişdə bəzi dövraşırı mətbuatdır) ilk sayının aprelin 21-də, bəzi mənbələrdə 22-də  çapdan çıxdığı ilə bağlı fikirlər səslənir. Lakin əlimizdə olan faktlar hər iki tarixi inkar edir. Belə ki, uzun müddət bu qəzetdə məsul redaktor kimi çalışmış Mövlud Qonaqov "Qızıl Quba"nın 25 aprel 1946-cı il tarixli sayında "25 il mübariz vəzifə başında" adlı bir məqalə ilə çıxış edib. Həmin məqalədən bəzi faktları nəzərinizə çatdırırıq: "25 il bundan əvvəl, 1921-ci ilin 25 aprelində yeni iqtisadi-siyasət dövründə Quba bolşeviklərinin mübariz orqanı "Əxbari" (indiki "Qızıl Quba") qəzetinin birinci nömrəsi çapdan çıxdı. Bu qəzet 22 nömrəyə kimi davam etdi. Sonra 1922-ci ilin 16 yanvarında Quba qəza partiya, icraiyyə komitələrinin və Quba sovetinin orqanı "Yeni dirilik" qəzeti müntəzəm nəşr edilməyə başladı”. Çox güman ki, qəzetin ilk sayının aprelin 22-də - Leninin ad günündə nəşr olunması nəzərdə tutulub. Lakin müəyyən səbəblərdən, daha doğrusu, Moskvadan göndərilmiş çap maşınının nəzərdə tutulan ünvana vaxtında gəlib çatmaması səbəbindən baş tutmayıb. Bəzi mənbələrə görə, həmin çap maşını Quba əvəzinə Kubana gedib çıxıbmış. 

Bir məsələni də vurğulayaq ki, "Şəfəq"in sələfinin adı çox mənbələrdə "Əxbar" kimi çəkilir. Əslində isə qəzetin adı "Əxbari" olub. Bu əlimizdə olan "Əxbari"də açıq-aydın görünür. Yeri gəlmişkən qeyd edək ki, indiyədək “Əxbari”nin heç bir nömrəsinin olmadığı iddia edilirdi. Axtarışlarımıza baxmayaraq, bu qəzetin ilk nömrələrini əldə etmək mümkün olmurdu. Elə bu səbəbdən  "Əxbari"nın ilk sayları barədə dəqiq fikir irəli sürmək çox çətin idi. Amma bu yaxınlarda  "Əxbari"ın 16-cı sayını əldə etmək bizə müyəssər oldu. (Bu kimi işlərdə bizə yaxından kömək göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin, eləcə də M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının rəhbərliklərinə, həmçinin işçilərinə minnətdarlığımızı bildiririk). "Azərbaycan Sovet Ensiklopediyası"na (IV cild, 1980) istinadən onu da bir daha vurğulayaq ki, "Əxbari"nın 16 sayı işıq üzü görüb. Bu fakta əsasən belə demək olar ki, əlimizdəki elə "Əxbari"nin son sayıdır. Bu, həm də "Əxbari"nın arxivlərimizdə indiyədək qorunmuş yeganə nüsxəsidir. 

Bu sayla bağlı bəzi məqamları nəzərinizə çatdırırıq. 4 səhifədən ibarət "Əxbari"nin bu sayı 30 oktyabr 1922-ci ildə (yekşənbə 30 oktyabr 1922, № 16) nəşr olunub. Hər halda qəzetin üzərindəki qeydlər belə deməyə əsas verir. “Əxbari”nin loqotipinin sol tərəfində "Kəndçi fəhlə həyatına dair məqalələr məmniyyətlə qəbul olunur", sağ tərəfində "Quba Qəza İcraiyyə və Firqə Komitələrinin" sözləri yazılıb. Bu baxımdan qəzetin bütöv adı belə olmalıdır: "Quba Qəza İcraiyyə və Firqə Komitələrinin Əxbari".  Loqotipin orta hissəsində isə bu sözlər yer alıb: "Quba Qəza İcraiyyə və Firqə Komitələrinin nəşr əfkarıdır. Həftədə bir dəfə çıxar. Tək nüsxəsi 150 min rubl". 

Bu sayın birinci səhifəsindəki ilk məqalə bağçılıqla bağlıdır. Həmin yazı bu sözlərlə başlayır: "Quba qəzasının sərvət təbiiləri içində birinci sırada yer tutan bağçılıqdır. Belə ki, əhalinin bir çoxu ancaq bağçılıq ilə imrar həyat edir... Rusyəni başdan-başa yaş və quru meyvəylə təchiz edən demək olar ki, Quba qəzasıdır. Quba qəzası hətta Krıma rəqabət edə biləcək qadir qocaman bağlara malikdir. Fəqət fərq orasında ki, Krım bağları əsri hazırın bağçılıq fənninə müvafiq mədəniləşdirilmişdir. Amma Quba bağları Xudaya labit bir halda qalmışdır və nəticə etibari ilə Krımın hər ildə  kiçik bir bağçası verdiyi məhsulatı Qubanın ən böyük bağı iki ildə bir dəfə də olsa verməyir". ("Əxbari" qəzeti, 30 oktyabr 1922-ci il)". 

Göründüyü kimi, bu yazıda qəzanın təsərrüfat həyatı üçün əhəmiyyətli məsələ qaldırılır və aqronomiya elminə əsaslanan mədəni bağçılıq uğrunda mübarizənin zəruriliyi vurğulanır və Qubada xüsusi bağçılıq məktəbi yaradılması vacib sayılır. Məqalədə çoxlu mənfəət gətirən "göy təsərrüfatı"nı (tərəvəzçiliyi) inkişaf etdirmək məsələsindən də danışılır. İlk səhifədəki ikinci yazı isə Birinci Dünya müharibəsi ilə bağlıdır. 

“Əxbari”nin ikinci səhifəsində “Firqə xəbərləri”, "Teleqraf xəbərləri", üçüncü səhifəsində "Çıxarılan qərarlar", "Firqə həyatı", dördüncü səhifəsində "Quba xəbərləri", "Gənclər sütunu" və sair rubrikalar altında müxtəlif səpkili materiallar yer alıb. Məsələn, "Quba xəbərləri" rubrikasında on iki xəbər ("İcraiyyə komitəsində", "Quba maarif işləri", "18 milyard pul", "Təlim işləri", "Kitabxana üçün kitablar", "İkinci dərəcəli məktəb", "Sənət məktəbi", "Məktəblər təmiri", "Quba mətbəəsi", "Təbliğat və nəşriyyat", "Təlim əşyaları mağazası", "Təlim işləri") var.  "Təlim işləri"ndə deyilir: "Bakıdan Quba və qəza məktəbləri üçün kağız, dəftər, mürəkkəb, qələm içi və sair kibi belə çox təlim əşyası gətirilmişdir. Bu əşyalar məktəblərə tam bir sənə kifayət edəcəkdir". "Quba maarif işləri"ndə isi isə belə bir məlumat verilir: "Maarif şöbəsi müdiri yoldaş H. Musizadə Bakıdan qayıdıb. Para və çox təlimat əşyası gətirmişdir". Həmin səhifədə bir elan da yerləşdirilib. Bu sayda iki imza (Həsənzadə və Saleh Məhəmmədov) daha çox diqqəti cəlb edir. Təəssüf ki, bu şəxslər barədə ətraflə məlumat əldə edə bilmədik. "Əxbari"nin sonunda isə bu mətbuat orqanının fəaliyyət göstərdiyi ünvan  belə göstərilib: "Quba qəza müştərək təsərrüfat mətbəəsi şöbəsi".

1922-ci ildə qəzet öz işini yenidən qurmaqla yanaşı, adı da dəyişdirilib və "Yeni dirilik" (dilimizdə bu sözün 5 anlamı var ki, onlardan biri "həyat", "yaşayış", "güzəran" deməkdir) adlandırılıb. "Yeni dirilik"in ilk sayı həmin ilin yanvar ayının 16-da işıq üzü görüb. 

Qəhrəman Qasımov,
“Şəfəq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist
Qvami Məhəbbətoğlu,
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü