Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 milyard ABŞ dollarını ötüb. Bu, Azərbaycanın müstəqillik tarixində rekord göstəricidir.
Mərkəzi Bankın sədri Taleh Kazımov bu barədə mətbuat konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, sentyabr ayının göstəricilərinə əsasən, Azərbaycanda iqtisadi artım 1,5 faiz, qeyri-neft-qaz sektorunda artım isə 2,6 faiz təşkil edib. Qeyri-neft-qaz sektorunun artımına turizm, ticarət, rabitə və nəqliyyat sahələri töhfə verib.
T.Kazımovun sözlərinə görə, cari il üzrə iqtisadi artım proqnozu yuxarı istiqamətdə yenilənib. İlin sonuna ümumi daxili məhsulun (ÜDM) 3 faiz, 2027-ci ildə isə 2,3 faiz artacağı gözlənilir. Qeyri-neft-qaz ÜDM-in artımının isə müvafiq olaraq 2,8 faiz və 4,3 faiz olacağı proqnozlaşdırılır.
Mərkəzi Bankın sədri cari əməliyyatlar balansının proqnozlarına da toxunub. O bildirib ki, 2026-cı ilin sonuna cari əməliyyatlar balansının profisitinin 8,5 milyard ABŞ dolları olacağı gözlənilir. Bu proqnoz hesablamalarında bir barel neftin orta qiymətinin 92,8 dollar olacağı fərz edilir.
2027-ci ildə isə bir barel neftin orta qiymətinin 82,8 dollar olacağı nəzərə alınmaqla, cari əməliyyatlar balansının profisitinin 5,5 milyard ABŞ dolları ətrafında olacağı proqnozlaşdırılır.
Orxan Vahidoğlu, 'İki sahil"