29 oktyabr 2026 12:46
102

Tərtərdə mülki şəhid Orxan İsmayılzadənin ailəsi ziyarət olunub

Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir, onların ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.

“İki sahil” xəbər verir ki, növbəti belə tədbir çərçivəsində Tərtər rayonunun Xoruzlu kəndində mülki şəhid İsmayılzadə Orxan Rəhbər oğlunun ailəsi ziyarət edilib. Ziyarət zamanı şəhidin əziz xatirəsi yad olunub, keçdiyi şərəfli həyat yolu və göstərdiyi fədakarlıq bir daha minnətdarlıqla xatırlanıb.

Görüşdə şəhid ailəsinin qayğıları, gündəlik ehtiyacları və müraciətləri ilə yaxından maraqlanılıb, onların həll istiqamətində müvafiq addımların atılacağı bildirilib. Həmçinin ailəyə maddi yardım göstərilib, dövlətin hər zaman şəhid ailələrinin və qazilərin yanında olduğu vurğulanıb.

Tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, eləcə də rayonun digər rəsmi şəxsləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Çıxış edənlər ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıdan danışıb, qəhrəman şəhidlərimizin heç vaxt unudulmayacağını qeyd ediblər.

Şəhid Orxan İsmayılzadənin ailə üzvləri göstərilən diqqətə, qayğıya və mənəvi dəstəyə görə ölkə rəhbərliyinə, həmçinin tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildiriblər.