03 noyabr 2026 13:34
115

Şuşa - Zəfərimizin zirvəsi, milli qürurumuzun və dirçəlişimizin rəmzi

Hər bir xalqın tarixində onun milli ruhunu, yenilməz iradəsini və dövlətçilik qüdrətini əbədi yaşadan möhtəşəm zəfərlər vardır. Azərbaycan xalqının taleyində belə şərəfli zirvələrdən biri 2020-ci il noyabrın 8-də qədim Şuşa şəhərinin işğaldan azad edilməsidir. Bu tarixi Qələbə təkcə 44 günlük Vətən müharibəsinin həlledici dönüş nöqtəsi deyil, həm də xalqımızın otuz ilə yaxın davam edən həsrətinə son qoyan, milli qürurumuzu ucaldan və Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirən böyük hadisə oldu. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın azadlığı ilə tarixi ədalət zəfər çaldı, xalqımızın doğma torpaqlarına qayıdışının və milli dirçəlişinin yeni mərhələsi başlandı. 8 Noyabr - Şuşa Şəhəri Günü bu möhtəşəm Qələbənin, Vətən uğrunda göstərilən misilsiz qəhrəmanlığın və xalqımızın sarsılmaz birlik əzminin əbədi təntənəsidir.

Şuşa tarixən Azərbaycanın ictimai, siyasi və mədəni həyatının mühüm mərkəzlərindən biri olmuşdur. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan şəhər görkəmli dövlət xadimlərinin, şairlərin, bəstəkarların və ziyalıların yetişdiyi böyük mədəniyyət ocağı kimi şöhrət qazanmışdır. Qədim memarlıq abidələri, zəngin ədəbi və musiqi ənənələri ilə seçilən Şuşa xalqımızın milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan nadir mədəniyyət məkanıdır. 1992-ci il mayın 8-də şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı xalqımızın yaddaşına ağır faciə kimi həkk olunsa da, Azərbaycan xalqı doğma Şuşaya qayıdacağına inamını heç vaxt itirmədi.

Qarabağ Zəfərinə aparan böyük yolun siyasi və ideoloji təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda siyasi sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi, nizami ordunun formalaşdırılması və müstəqil dövlətçilik əsaslarının gücləndirilməsi gələcək Qələbənin mühüm şərtlərini yaratdı. Bu strateji kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və hərbi qüdrəti artırıldı, beynəlxalq mövqeləri möhkəmləndirildi, ölkəmiz öz ərazi bütövlüyünü bərpa etmək imkanına malik güclü dövlətə çevrildi.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni və şanlı səhifə açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində yüksək peşəkarlıq və misilsiz qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı ardıcıl şəkildə azad etdi. Bu müharibənin taleyini müəyyənləşdirən ən mühüm hadisə isə Şuşa əməliyyatı oldu. Mürəkkəb dağlıq relyefdə, son dərəcə çətin şəraitdə həyata keçirilən əməliyyat zamanı Azərbaycan hərbçiləri düşmənin möhkəmləndirilmiş mövqelərini yararaq şəhəri azad etdilər. Bu möhtəşəm hərbi uğur Ermənistanın məğlubiyyətini qaçılmaz etdi və Qarabağ Zəfərinin zirvəsi kimi tarixə yazıldı.

2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək böyük fəxarət və qürur hissi ilə Şuşanın işğaldan azad olunduğunu bəyan etməsi tarixi an kimi yaddaşlara həkk olundu. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri milyonlarla azərbaycanlının illərlə yaşatdığı ümidlərin gerçəkləşdiyini ifadə etdi. Bu Qələbə şəhidlərimizin fədakarlığının, qazilərimizin və hərbçilərimizin rəşadətinin, xalqımızın yenilməz ruhunun təntənəsi idi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın hərbi məğlubiyyətini rəsmiləşdirdi. Bununla belə, müəyyən dairələr Azərbaycanın əldə edilmiş nəticələrlə kifayətlənəcəyini, formalaşmış status-kvonu dəyişməyə cəsarət etməyəcəyini düşünürdülər. Lakin Azərbaycan dövləti öz suverenliyinin bütün ərazilərində təmin olunması istiqamətində prinsipial mövqeyindən geri çəkilmədi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Beləliklə, Vətən müharibəsində qazanılmış tarixi Qələbə öz məntiqi yekununa çatdı.

Şuşanın azadlığı ilə şəhərin tarixində yeni inkişaf mərhələsi başlandı. Prezident İlham Əliyevin Şuşaya mütəmadi səfərləri, şəhərin bərpası və yenidən qurulması ilə bağlı qəbul etdiyi qərarlar bu qədim mədəniyyət mərkəzinə göstərilən xüsusi dövlət qayğısının bariz nümunəsidir. Dövlət başçısının iştirakı ilə mühüm infrastruktur layihələrinin təməli qoyulmuş, yaşayış kompleksləri, sosial və mədəni obyektlər istifadəyə verilmişdir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi, dini və mədəni abidələrin bərpası, milli-mənəvi irsimizin qorunması istiqamətində mühüm layihələr həyata keçirilir.

Şuşanın dirçəlişi onun mədəniyyət paytaxtı kimi tarixi mövqeyinin bərpası ilə də müşayiət olunur. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə şəhərə Azərbaycanın mədəniyyət paytaxtı statusu verilmiş, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 2022-ci ilin “Şuşa İli” elan olunması şəhərin zəngin tarixinin və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına yeni imkanlar açmışdır.

Şuşanın 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü il üçün İslam dünyasının Mədəniyyət Paytaxtı, 2026-cı il üçün isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi Azərbaycanın mədəni diplomatiyasının mühüm uğurlarındandır. Şəhərdə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, beynəlxalq forumlar və digər mötəbər tədbirlər Şuşanı yenidən mədəniyyətlərarası dialoq və əməkdaşlıq məkanına çevirir.

Şuşanın gələcək inkişafı da məqsədyönlü dövlət siyasətinə əsaslanır. “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin tarixi simasının qorunması ilə müasir yaşayış və sosial infrastrukturun formalaşdırılmasını uzlaşdırır. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı quruculuq işləri nəticəsində Şuşa sürətlə məskunlaşdırılır, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Bu proses insanların təhlükəsiz və ləyaqətli yaşayış şəraiti ilə təmin olunmasına, sosial, iqtisadi və mədəni hüquqlarının həyata keçirilməsinə mühüm töhfə verir.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə hər il noyabrın 8-nin Şuşa Şəhəri Günü kimi qeyd olunması şəhərin azad edilməsinin tarixi əhəmiyyətinin əbədiləşdirilməsinə xidmət edir. Bu günün Zəfər Günü ilə eyni tarixdə qeyd olunması Şuşanın Azərbaycanın müasir dövlətçilik tarixində tutduğu müstəsna yeri bir daha təsdiqləyir.

Bu gün Şuşanın azadlığından altı il ötür. Bir vaxtlar həsrətlə xatırlanan qədim şəhər yenidən öz sakinlərini qarşılayır, tarixi küçələrində həyat canlanır, mədəniyyət ocaqlarında Azərbaycan musiqisi səslənir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbə Şuşanın dirçəlişi, Böyük Qayıdışın reallaşması və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyması ilə davam edir.

Şuşa Azərbaycanın Zəfər salnaməsinin ən uca zirvəsi, milli ruhumuzun sarsılmaz qalası, dövlətçilik qüdrətimizin və tarixi ədalətin təntənəsinin əbədi rəmzidir. Onun azadlığı ilə xalqımızın çoxillik həsrətinə son qoyulmuş, milli qürurumuz bərpa edilmiş, gələcək nəsillər üçün yeni inkişaf üfüqləri açılmışdır. Bu gün azad və dirçələn Şuşa Azərbaycan xalqının Vətən sevgisinin, milli birliyinin və yenilməz iradəsinin canlı təcəssümüdür.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri