Hər iki xalqın əsrlərə söykənən qardaşlığı müasir geosiyasi təzyiqlərə qarşı ən güclü qalxandır
Regionun aparıcı, lider dövləti olan Azərbaycanın həyata keçirdiyi siyasətin ana xətti bölgədə sülh və təhlükəsizliyə nail olmaq, sosial-iqtisadi inkişafı təmin etməkdir. Bu unikal siyasətin bölgə dövlətləri tərəfindən dəstəklənməsi hədəf və məqsədlərə çatmağa geniş imkanlar yaradır. Bu baxımdan hazırda Cənubi Qafqaz dünyada ən sabit, təhlükəsiz region kimi xarakterizə olunur. Siyasi təhlilçilərin, ekspertlərin də qeyd etdikləri kimi, yaxın perespektivdə Cənubi Qafqaz siyasi-iqtisadi mərkəzlərdən biri olmaqla dünyanın parlayan bölgəsinə çevriləcək. Regionun yaxın dost və müttəfiq dövlətləri olan Azərbaycanla Gürcüstan istər regional məsələlərdə, istərsə də beynəlxalq təşkilatlarda bir-birinə önəmli dəstək verirlər. Hər iki dövlət BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış edirlər.
Gürcüstanla Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrin əsas sütunlarından biridir. Xüsusilə enerji və nəqliyyat layihələri bu əməkdaşlığın strateji əhəmiyyətini artırır. Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstan mühüm tranzit ölkə rolunu oynayır. Bu çərçivədə həyata keçirilən layihələr yalnız iki ölkə üçün deyil, bütövlükdə region və Avropa ölkələri üçün də böyük əhəmiyyət kəsb edir. 1994-cü ilin sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nin əsas tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan vasitəsi ilə Avropaya nəqli iki ölkə arasında münasibətlərin tarixi köklərə əsaslandığını təsdiqləyir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi dünya əhəmiyyətli layihələr reallaşdı ki, bu da ölkəmizin Gürcüstanla strateji tərəfdaşlığa sadiqliyinin təsdiqidir. Azərbaycan Gürcüstan iqtisadiyyatına böyük həcmdə sərmayələr qoyuluşunu həyata keçirir. Hazırda Azərbaycandan Gürcüstan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi təxminən 4 milyard dollar təşkil edir.
Oktyabr ayının sonunda Azərbaycanın Baş naziri Əli Əsədovun Tbilisiyə səfəri və iki ölkənin hökumətlərarası komissiyasının iclası bu strateji tərəfdaşlığın növbəti mühüm mərhələsi oldu. Baş nazir Əli Əsədov gürcü həmkarı İrakli Kobaxidze ilə görüşdü və İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan birgə Hökumətlərarası Komissiyasının 11-ci iclasında iştirak etdi. Qeyd olundu ki, Gürcüstan və Azərbaycan arasındakı münasibətlər sadəcə qonşuluq çərçivəsindən çoxdan çıxaraq Avrasiya məkanında sabitliyin və iqtisadi tərəqqinin əsas dirəklərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırılması istiqamətində atılan addımlar Azərbaycan və Gürcüstanın Asiya ilə Avropa arasındakı körpü rolunu daha da gücləndirir. Eyni zamanda, "Yaşıl enerji dəhlizi" layihəsi iki ölkənin əməkdaşlığını gələcəyin enerji təhlükəsizliyi tələblərinə uyğunlaşdırır. İqtisadi göstəricilər də bu tərəfdaşlığın dinamikasından xəbər verir. Belə ki, 2026-cı ilin ilk doqquz ayında bu göstərici 40 faizdən çox artaraq 1 milyard dollara çatıb. İkitərəfli münasibətlərin yalnız rəsmi müstəvidə deyil, həm də real iqtisadi layihələrdə təzahür etməsi də diqqəti çəkir. Səfər çərçivəsində açılışı olunan beşulduzlu ART Riverfront Hotel Tbilisi kompleksi (PASHA Real Estate Group tərəfindən inşa edilib) Tbilisinin işgüzar turizm mərkəzi kimi potensialını artırır. 68 milyon dollarlıq bu investisiya şəhərin infrastrukturuna mühüm töhfədir.
Lakin geosiyasi ziddiyyətlərin parçaladığı müasir dünyada Azərbaycan və Gürcüstanın dostluğu heç də hamının xoşuna gəlmir. Son zamanlar müəyyən qüvvələr iki ölkə münasibətlərinə nifaq salmağa cəhd edir, eyni zamanda, Gürcüstanda Azərbaycanla əməkdaşlığa meylli olan hakim “Gürcü Arzusu” Partiyasının mövqelərini zəiflətməyə çalışırlar. İkitərəfli gündəliyin əsas məsələlərindən biri dövlət sərhədinin delimitasiyası və demarkasiyası olub. Azərbaycanın Baş nazirinin səfəri zamanı tərəflər bu istiqamətdə işləri sürətləndirmək barədə razılığa gəliblər. İrakli Kobaxidze təəssüflə qeyd edib ki, son illərdə sərhədin delimitasiyası və demarkasiyası məsələlərində irəliləyiş müşahidə olunmayıb, lakin o, qarşılıqlı anlaşmanın əldə olunacağına ümid etdiyini bildirib. “Biz azərbaycanlı dostlarımızla birlikdə bu istiqamətdə sürətli tərəqqiyə nail olmaq istəyirik. Mübahisənin hər bir aspektini dostcasına müzakirə etmək lazımdır. Belə məsələlərin sayı təxminən 15-dir və biz onların hamısı üzərində fəal işləməliyik”, - deyə Gürcüstanın Baş naziri bəyan edib.
Sərhəd məsələsinin yekunlaşmasında həm Bakı, həm də Tbilisi maraqlıdır. Lakin müəyyən qüvvələr bu mövzunu şüurlu şəkildə siyasiləşdirərək, ondan Gürcüstan hökumətini tənqid etmək üçün istifadə edirlər. Gürcüstan və Azərbaycan arasında sərhəd məsələsinin həlli Gürcüstanda guya “ərazilərin gizli şəkildə verilməsi” ətrafındakı siyasi möhtəkirliklərin sonunu qoymağa imkan verəcək. Dost qonşu dövlətlər bir-birinə ərazi iddiası irəli sürmədən, sərhədin hər iki tərəfindəki müqəddəs yerlərə və tarixi-mədəni abidələrə vətəndaşların, turistlərin və zəvvarların gediş-gəlişi məsələlərini bundan sonra da maneəsiz həll edə biləcəklər. Həm Azərbaycanın, həm də Gürcüstanın bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanıması fonunda bu, xüsusilə vacibdir. “Biz beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində həmişə bir-birimizi dəstəkləyirik”, - deyə Əli Əsədov qeyd edib. Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünün bərpası, eləcə də qaçqınların və məcburi köçkünlərin Gürcüstanın hələ də işğal altında olan Abxaziya və Sxinvali bölgələrinə qayıtmasının tərəfdarı kimi çıxış edib və bu mövqeyini davam etdirir.
Beləliklə, Azərbaycan və Gürcüstan xalqlarının əsrlərə söykənən qardaşlığı müasir geosiyasi təzyiqlərə qarşı ən güclü qalxandır. Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidzenin rəhbərliyi ilə həyata keçirilən tədbirlər və əldə olunan razılaşmalar göstərir ki, hər iki dövlət regional təhlükəsizlik, rifah və ortaq gələcək naminə birgə addımlamağa qətiyyətlidir.
Sevinc Azadi, “İki sahil”