03 noyabr 2026 16:43
128

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İmişli ASAN Xidmət Mərkəzində “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

“İki sahil” xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, aqrar sektorun rayon iqtisadiyyatında rolu, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsinin əhəmiyyəti barədə danışıb. O, dövlət dəstəyi mexanizmləri ilə bağlı fermerlərin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edib, sənəddə nəzərdə tutulan əsas hədəf və prioritetlər barədə məlumat verib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov aqrar sahədə tətbiq olunan dövlət dəstəyi mexanizmləri, fermer və sahibkarların bu imkanlar barədə məlumatlandırılması, eləcə də dövlət qurumları ilə istehsalçılar arasında birbaşa ünsiyyətin əhəmiyyəti haqqında danışıb.

Paneldə Nazirliyin və tabeli qurumlarının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin və “Unibank” ASC nümayəndələri iştirak ediblər. 

Müzakirələr zamanı Dövlət Proqramının əsas hədəf və prioritetləri, Aqrar Subsidiya Şurasının yeni qərarları, aqrar sığorta mexanizmləri, toxumçuluq fəaliyyəti, fermer və sahibkarlar üçün güzəştli kredit imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində toxum sərgi-satış yarmarkası da təşkil olunub. Yarmarkada özəl şirkətlər və fərdi toxumçular tərəfindən bölgənin iqlim və torpaq şəraitinə uyğun toxum sortları nümayiş etdirilib. İştirakçılar təqdim olunan toxumlarla tanış olmaq və onları əldə etmək imkanı qazanıblar.