04 noyabr 2026 09:00
102

Vətən üçün Zəfər zənginin çalındığı müqəddəs tarix - 8 Noyabr

Azərbaycan qırx dörd günlük Vətən müharibəsində qazandığı şanlı Zəfəri ilə dünya hərb tarixinə öz möhürünü vurdu. Əsgər və zabitlərimizin vətənpərvərliyi, şücaəti, fədakarlıq və rəşadəti, yurd sevgisi xalqımızın minilliklərə söykənən tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlıq dastanına çevrildi. 2020-ci il noyabrın 8-də xüsusi təyinatlı qüvvələrimizin çətin coğrafi relyeflərdən, sıldırımlı qayalardan keçərək, əfi düşmənin müqavimətini qıraraq Qarabağın tacı Şuşa şəhərini düşməndən azad etməsi tarixi Qələbəmizin zirvəsi oldu. Beləliklə, qırx dörd gündə xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Vətən üçün Zəfər zəngi çalındı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Qırx dörd gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən demişdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Müzəffər Azərbaycan Ordusunun cəbhə boyunca əks-hücum əməliyyatında qazandığı uğurlar, torpaqlarımızın düşmən işğalından azad edilməsi Silahlı Qüvvələrimizin, dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu döyüşlər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığını, yüksək qələbə əzmini, vətənpərvərliyini, milli birliyimizi, həmrəyliyimizi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiq etdi. Şanlı ordumuz öz gücü ilə tarixi ədaləti bərpa etməyə, cəzasızlıqdan quduran işğalçı, Azərbaycanın sülh çağırışlarını saymazyana şəkildə rədd edən terorrçu Ermənistanı diz çökdürməyə qadir olduğunu bütün dünyaya sübut etdi.

2020-ci ilin 8 noyabrında Şuşanın düşmən tapdağından azad edilməsi Azərbaycan xalqının tarixinə “Zəfər Günü” kimi daxil oldu. Prezident İlham Əliyev 2021-ci il mayın 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzaladı. Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği baxımından bu Sərəncamın müstəsna əhəmiyyəti vardır.

Vətən müharibəsində qazanılmış tarixi Qələbə Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpası üçün möhkəm təməl yaratdı. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Ermənistana aid olan qanunsuz silahlı birləşmələr tərksilah edildi, separatçı rejim ləğv olundu və Azərbaycanın bütün ərazisində konstitusiya quruluşu bərqərar edildi.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında bildirib ki, Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan-İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir: “Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır”.

Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin tarixi Zəfərini təmin edən mühüm amillər oldu. Dövlətimizin başçısı İlham Əliyevin Zəfər Gününün təsis edilməsi il bağlı Sərəncamında da qeyd olunduğu kimi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı. 

 Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası kimi mürəkkəb bir məsələnin həlli də ölkənin hərtərəfli inkişafı və rəsmi Bakının fəal diplomatiyasından qidalanaraq uzunmüddətli perspektivə hesablanan çoxgedişli siyasi kombinasiyanın reallaşdırılması nəticəsində mümkün ola bilərdi. Böyük ustalıqla qurduğu mürəkkəb sxemin hər bir detalını incəliklə, zərgər dəqiqliyi ilə işləyən, öz xalqına güvənərək, ondan güc alaraq bütün dünyanı haqlı olduğumuza inandıran, bu məsələdə maneə olan güclərin müqavimətini sındıran, tarixi ədaləti bərpa edən Prezident İlham Əliyev müharibədən ötən 6 ildə mühüm əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı başa çatdırdı.

İndi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ən böyük arzusu olan Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır.

Vətən torpaqlarının bütövlüyü və dövlətimizin suverenliyi uğrunda canlarından keçərək şəhadətə ucalan əsgər və zabitlərimiz Azərbaycan xalqının əbədi qürur mənbəyi və şərəf tarixidir. Şəhidlərimizin döyüş yolu xalqımızın yaddasında əbədi bir qəhrəmanlıq dastanı kimi daim canlanacaq.

Zəfər Günün mübarək, Vətən!..

Zahid Rza, “İki sahil”