Noyabr-Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən, milli iradəmizin, dövlətçilik əzmimizin və xalq-ordu birliyimizin təntənəsidir. Bu tarix yalnız hərbi qələbənin deyil, onilliklər ərzində qorunan milli idealın, məqsədyönlü dövlət siyasətinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq” fikri Azərbaycanın Zəfərə aparan yolunun əsas siyasi fəlsəfəsini ifadə edirdi. Dövlətin bütün imkanlarının vahid strateji məqsədə – ərazi bütövlüyünün və suverenliyin bərpasına yönəldilməsi bu tarixi nəticəni şərtləndirən başlıca amillərdən oldu. 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişəsi xalqımıza ağır faciələr yaşatdı. Torpaqlarımız işğal edildi, şəhər və kəndlərimiz dağıdıldı, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Azərbaycanın tarixi-mədəni irsinə, iqtisadiyyatına və sosial infrastrukturuna ciddi ziyan vuruldu. Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycanın haqlı mövqeyini təsdiqləsə də, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnaməsi uzun illər icra edilmədi. ATƏT-in Minsk qrupunun fəaliyyəti də münaqişənin həllinə gətirib çıxarmadı.
Azərbaycan isə öz prinsipial mövqeyindən geri çəkilmədi, ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin dəyişməz prioriteti kimi qorudu. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyanın əsasını güclü iqtisadiyyat, müasir ordu, müstəqil xarici siyasət və milli həmrəylik təşkil edirdi. Ordu quruculuğuna xüsusi diqqət ayrıldı, hərbi büdcə artırıldı, Silahlı Qüvvələr müasir silah və texnika ilə təchiz edildi. Müdafiə sənayesinin inkişafı nəticəsində Azərbaycanda müxtəlif növ hərbi təyinatlı məhsulların istehsalı genişləndirildi. Eyni zamanda, enerji və nəqliyyat layihələri ölkəmizin regional və beynəlxalq mövqelərini gücləndirdi. Azərbaycan transmilli layihələrlə regionun geoiqtisadi mənzərəsini dəyişdi, beynəlxalq tərəfdaşlıqlarını genişləndirdi və iqtisadi müstəqilliyini möhkəmləndirdi. Bütün bu addımlar gələcək Zəfərin siyasi, iqtisadi və hərbi əsaslarını formalaşdırdı. 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması tariximizin dönüş nöqtəsinə çevrildi. Ali Baş Komandanın “İrəli!” əmri ilə başlanan və “Dəmir yumruq” adı ilə tarixə düşən əməliyyat 44 gün ərzində Azərbaycanın hərbi qüdrətini və milli iradəsini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Ordusu yüksək peşəkarlıq, döyüş hazırlığı və qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kənd azad olundu. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Hadrutdan sonra noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini həll edən mühüm hərbi-strateji və mənəvi hadisə oldu. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Sənədə uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici tarixi nəticə ilə başa çatdı. Bu Qələbə yalnız döyüş meydanında əldə edilən üstünlük deyildi. Azərbaycan Ordusu müasir müharibənin texnoloji və taktiki imkanlarından səmərəli istifadə edərək beynəlxalq hərbi ekspertlərin diqqətini cəlb etdi. Pilotsuz uçuş aparatlarının, dəqiq zərbə sistemlərinin və çevik əməliyyat taktikasının tətbiqi Azərbaycanı XXI əsrin müharibə təcrübəsində fərqləndirən amillərdən oldu. Zəfərin digər mühüm dayağı xalq-ordu birliyi idi. Cəmiyyətin bütün təbəqələri vahid amal ətrafında birləşdi. Xaricdə yaşayan azərbaycanlılar informasiya mübarizəsində fəallıq göstərdi, ölkə daxilində isə milli həmrəylik ən yüksək səviyyəyə çatdı. Prezident İlham Əliyevin müharibə dövründə dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Beləliklə, Azərbaycan hərbi cəbhədə olduğu kimi, informasiya və diplomatiya müstəvisində də öz mövqeyini qətiyyətlə müdafiə etdi.
Lakin Azərbaycanın tarixi missiyası bununla yekunlaşmadı. 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması dövlət sərhədləri üzərində nəzarətin təmin olunması istiqamətində mühüm addım oldu. Həmin il sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və konstitusiya quruluşu bərpa edildi. Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması bu tarixi prosesin rəmzi hadisəsinə çevrildi.
2024-cü il sentyabrın 20-də Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın bu tarixi nailiyyətinin dövlətçilik yaddaşında əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2020-ci ildə ərazi bütövlüyünün bərpası ilə başlayan prosesin 2023-cü ildə suverenliyin tam təmin olunması ilə nəticələnməsi Azərbaycanın müasir tarixində yeni mərhələ açdı. Zəfərin əbədiləşdirilməsi istiqamətində də mühüm addımlar atıldı. “Zəfər” və “Qarabağ” ordenləri, Vətən müharibəsi qəhrəmanlarına və iştirakçılarına aid medallar təsis edildi. 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı dövlətimizin hərbi qüdrətini və xalqımızın birliyini nümayiş etdirdi. Bakıda yaradılan Hərbi Qənimətlər Parkı, 2024-cü il noyabrın 8-də açılan Zəfər parkı və 2025-ci il noyabrın 8-də açılan Zəfər muzeyi tarixi yaddaşın qorunmasına xidmət edən mühüm məkanlardır. Bu komplekslər şəhidlərimizin qəhrəmanlığını, ordumuzun şücaətini və xalqımızın tarixi Zəfərini gələcək nəsillərə çatdıran milli yaddaş ünvanlarıdır. Bu gün Azərbaycanın əsas strateji hədəflərindən biri Zəfərin iqtisadi və sosial nəticələrini möhkəmləndirmək, Qarabağ və Şərqi Zəngəzuru yenidən dirçəltməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yaşayış kompleksləri, yollar, tunellər, hava limanları, məktəblər, xəstəxanalar, enerji və kommunikasiya infrastrukturu yaradılır. Böyük Qayıdışa dair I Dövlət Proqramı bu prosesin sistemli şəkildə həyata keçirilməsini təmin edən əsas strateji sənədlərdəndir. 2020-ci ildən 2026-cı il də daxil olmaqla azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. 2027-ci ildə bu məqsədlə daha 3,4 milyard manat vəsait nəzərdə tutulur. 2026-cı il oktyabrın 23-nə olan məlumata görə, azad edilmiş ərazilərin 47 yaşayış məntəqəsinə 10 114 ailə, ümumilikdə 40 922 nəfər qayıdıb. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Qarabağ Universitetində 3 330-dan çox tələbənin təhsil alması regionun elmi və intellektual potensialının bərpasının mühüm göstəricisidir. Böyük Qayıdış yalnız keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması deyil, həm də regionun iqtisadi həyata reinteqrasiyası, yeni iş yerlərinin yaradılması və dayanıqlı məskunlaşmanın təmin edilməsidir. Qayıdan sakinlərin məşğulluğunun təmin olunması, özünüməşğulluq proqramlarının genişləndirilməsi, DOST və ASAN xidmətlərinin fəaliyyətə başlaması bu siyasətin sosial mahiyyətini tamamlayır. Zəfərdən sonrakı dövlət siyasətində şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsi də xüsusi yer tutur. Dövlət tərəfindən mənzil, avtomobil, sosial ödəniş, məşğulluq və reabilitasiya proqramları həyata keçirilir. 2026-cı ilin oktyabrına olan göstəricilərə əsasən, şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132 min şəxsə 443 min xidmət göstərilib, 7 354 mənzil və 586 avtomobil təqdim olunub. Eyni zamanda, 106 min şəxsə 120 min aylıq sosial ödəniş təyin edilib, 30,9 min şəxsin məşğulluğu təmin olunub. Bu istiqamətdə “YAŞAT” Fondunun fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Fond indiyədək 19 791 şəxsi əhatə edib, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həllinə 96 milyon manata yaxın vəsait yönəldib. Bütün bunlar dövlətin Vətən uğrunda fədakarlıq göstərmiş insanlara münasibətinin və milli həmrəyliyin real təzahürüdür. Azərbaycanın Zəfərdən sonrakı siyasətinin digər mühüm istiqaməti regionda davamlı sülhün təmin olunmasıdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən sammit, Birgə Bəyannamənin imzalanması və Azərbaycan-Ermənistan sülh sazişi layihəsinin paraflanması normallaşma prosesində mühüm mərhələ oldu. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı razılaşmanın 2025-ci il noyabrın 30-da yekunlaşması da regionda yeni siyasi reallığın formalaşmasının göstəricisidir. Azərbaycanın mövqeyi dəyişməzdir: davamlı sülh qarşılıqlı suverenliyə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və beynəlxalq hüquqa hörmət əsasında qurulmalıdır. Regional kommunikasiyaların açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi regionun gələcək inkişafı üçün mühüm imkanlar yaradır.
Bütün bu proseslər bir həqiqəti təsdiqləyir: Azərbaycan Zəfərlə yalnız ərazi bütövlüyünü bərpa etməyib, həm də özünün yeni inkişaf mərhələsinin əsasını qoyub. Güclü ordu, dayanıqlı iqtisadiyyat, müstəqil xarici siyasət, milli birlik və qətiyyətli dövlət rəhbərliyi bu tarixi uğurun başlıca dayaqlarıdır. 8 Noyabr-Zəfər Günü şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq, Azərbaycan xalqının milli qürur və həmrəylik günüdür. Bu gün Qarabağda yenidən qurulan şəhərlər, doğma yurdlarına qayıdan ailələr, açılan məktəblər və fəaliyyətə başlayan yeni müəssisələr Zəfərin ən real nəticələridir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğal və münaqişə mərhələsini geridə qoyaraq quruculuq, inkişaf və sülh gündəliyini həyata keçirir. Zəfərdən suverenliyə, suverenlikdən Böyük Qayıdışa uzanan bu yol dövlətimizin gücünü, xalqımızın iradəsini və Azərbaycanın gələcəyə inamını nümayiş etdirir.
Bu şanlı tarix Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.
Mehriban Vəliyeva,
Milli Məclisin deputatı