06 noyabr 2026 17:53
195

Zəfər 44 gündə qazanıldı, lakin onilliklər ərzində hazırlandı

“8 Noyabr – Zəfər Günü Azərbaycan tarixində yalnız hərbi qələbənin deyil, dövlətçilik iradəsinin, milli gücün və uzunmüddətli strategiyanın təntənəsidir. Altı il əvvəl qazanılmış tarixi Zəfər bir daha sübut etdi ki, dövlətlərin taleyini təkcə hərbi qüdrət deyil, həmin qüdrəti formalaşdıran siyasi iradə, iqtisadi potensial və strateji uzaqgörənlik müəyyən edir. 2020-ci ilin 44 günlük Vətən müharibəsini yalnız döyüş meydanında baş verən hadisələr çərçivəsində qiymətləndirmək onun tarixi əhəmiyyətini məhdudlaşdırmaq olardı. Əslində, bu Zəfərin əsası uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasəti ilə qoyulmuşdu”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, təxminən 30 il ərzində Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı faktı ilə üz-üzə qalmışdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməməsi beynəlxalq hüququn tətbiqindəki ciddi boşluqları nümayiş etdirirdi. Bu vəziyyət bir mühüm həqiqəti ortaya qoyurdu: dövlətin suveren hüquqlarının müdafiəsində beynəlxalq dəstək nə qədər əhəmiyyətli olsa da, həlledici amil onun öz imkanlarıdır. Azərbaycan məhz bu reallıqdan çıxış edərək iqtisadi potensialını gücləndirdi, siyasi sabitliyi təmin etdi, beynəlxalq tərəfdaşlıqlarını genişləndirdi və Silahlı Qüvvələrinin modernləşdirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi.
Deputat bildirib ki, güclü ordunun yaradılması yalnız hərbi xərclərin artırılması demək deyildi: “Müasir müdafiə sisteminin qurulması iqtisadi dayanıqlılıq, texnoloji imkanlar, peşəkar kadr hazırlığı və səmərəli idarəetmə tələb edirdi. Bu baxımdan Azərbaycanın iqtisadi inkişafı ilə hərbi potensialının yüksəldilməsi bir-birindən ayrılmaz proseslər idi. Vətən müharibəsi Azərbaycan Ordusunun yalnız hərbi gücünü deyil, müasir döyüş konsepsiyalarına uyğunlaşmaq və mürəkkəb əməliyyatları həyata keçirmək bacarığını da nümayiş etdirdi. Pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli silahların, kəşfiyyat vasitələrinin və çevik hərbi bölmələrin koordinasiyalı fəaliyyəti müharibənin gedişində mühüm üstünlüklər yaratdı. Onilliklər ərzində qurulmuş müdafiə xətlərinin qısa müddətdə yarılması hərbi planlaşdırmanın və əməliyyat idarəçiliyinin yüksək səviyyəsini göstərdi. Lakin Azərbaycan Ordusunun uğurunu yalnız texnoloji üstünlüklə izah etmək mümkün deyil. Xüsusilə Şuşanın azad edilməsi göstərdi ki, döyüşün taleyini bəzən ən müasir silahlar deyil, insanın iradəsi, peşəkarlığı və mənəvi gücü həll edir. Azərbaycan hərbçilərinin mürəkkəb dağlıq relyefdə, çətin şəraitdə nümayiş etdirdikləri qəhrəmanlıq hərb tariximizə yeni səhifə yazdı. Bu Zəfərin arxasında şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz inamı dayanır”.
Millət vəkilinin fikrincə, tarixi qələbələr təsadüfən qazanılmır. Onların arxasında hadisələri qabaqlamaq bacarığı, uzunmüddətli siyasi iradə və həlledici məqamda məsuliyyətli qərarlar qəbul etmək qabiliyyəti dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm xüsusiyyəti məhz strateji səbir və qətiyyətin vəhdəti idi. Ərazi bütövlüyünün bərpası illərlə dövlət siyasətinin mərkəzində saxlanıldı, bütün zəruri imkanlar formalaşdırıldı və tarixi şərait yetişdikdə həmin potensial konkret nəticəyə çevrildi. 44 günlük müharibə dövründə Prezident İlham Əliyev həm Müzəffər Ali Baş Komandan, həm də Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini müdafiə edən siyasi lider kimi fəaliyyət göstərdi. Onun xarici mediaya müsahibələri, diplomatik təzyiqlər qarşısında nümayiş etdirdiyi prinsipiallıq və xalqa müraciətləri hərbi uğurları siyasi nəticələrlə möhkəmləndirən mühüm amillər idi. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi barədə verilən tarixi xəbər xalqımızın yaddaşına əbədi həkk olundu. Bu, təkcə mühüm strateji şəhərin azadlığı deyil, onilliklər boyunca yaşadılan milli arzunun reallığa çevrilməsi idi.

“Zəfərin əsas dərsi bundan ibarətdir: milli maraqların müdafiəsi üçün güclü dövlət institutları, dayanıqlı iqtisadiyyat, müasir ordu və qətiyyətli siyasi liderlik bir-birini tamamlamalıdır. Azərbaycan bu tarixi sınaqdan qalib çıxdı. Çünki hərbi qüdrət, siyasi iradə, iqtisadi imkanlar və ümummilli birlik eyni strateji məqsədə xidmət edirdi. 2020-ci ilin Zəfəri 44 gün ərzində qazanıldı. Lakin həmin 44 günün arxasında onilliklərin zəhməti, hazırlığı və milli iradəsi dayanırdı” – deyə Sevinc Fətəliyeva qeyd edib.