09 noyabr 2026 14:55
212

Ərdoğan: Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik

Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik. Birlik və bərabərlik mesajlarımızı ən güclü şəkildə verdik. Xocalı soyqırımı şəhidlərini rəhmətlə yad etdik, Xankəndiyə səfər etdik. İnşallah, qəhrəmanlarımızın ruhunu şad etdik.

“İki sahil” xəbər verir ki, "TRT Haber"in yaydığı məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər Günü tədbirlərində iştirak etdikdən sonra Türkiyəyə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan qırılmaz bağlarla bir-birinə bağlı iki qardaş ölkədir. Onun sözlərinə görə, iki ölkə arasında enerji, nəqliyyat və infrastruktur başda olmaqla bir çox strateji sahədə əməkdaşlıq həyata keçirilir.

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə regionda baş verən son hadisələr müzakirə etdik. Türkiyə işğaldan azad edilmə dövründə olduğu kimi, Qarabağın inkişafı üçün də əlindən gələn hər cür dəstəyi göstərir Türkiyə-Azərbaycan Beynəlxalq Meşəçilik Təlim Mərkəzinin və tinglik təsərrüfatının Qarabağda yaradılmasından çox məmnun olduq. Gələn il 40 sinif otağı, iki laboratoriya və kitabxanadan ibarət məktəbin açılışını planlaşdırırıq.

Türkiyə və Azərbaycan sevincdə də, kədərdə də bir ürək, bir yumruq olan, hər cür çətinliyə birlikdə sinə gərən iki qardaş dövlətdir. Aramızdakı dostluğa, həmrəyliyə və qardaşlığa Allahın izni ilə heç kim kölgə sala bilməz. Türkiyə ilə Azərbaycan arasında ayrılıq yaratmağa çalışanlar əbəs yerə səy göstərirlər. Türkiyə ilə Azərbaycan arasında tam həmrəylik, tale ortaqlığı və qardaşlıq hüququ mövcuddur.

Bu birliyin hər şeydən əvvəl bəzi dairələri narahat etdiyi məlumdur. Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birlikdə hərəkət etdikdə hansı addımları ata bildiyini görmək üçün tarixə nəzər salmaq kifayətdir.

Biz fərqli dövlətlərik. Eyni zamanda, fərqli institusional strukturlara malikik. Lakin qardaşlıq bağı ilə bir-birimizə möhkəm bağlıyıq. Bu bağ bizi ayaqda saxlayan və güclü edən ən mühüm amildir”, – deyə o əlavə edib.

Ərdoğan səfərin Türkiyə-Azərbaycan qardaşlığı və həmrəyliyi baxımından əhəmiyyətini vurğulayaraq, göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkür edib.