Azərbaycanın konstitusiya quruculuğu tarixi dövlətçilik ənənələrimizin mühüm tərkib hissəsidir. 1918–1920-ci illərdə cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb tarixi və siyasi şərait səbəbindən dövlətin Əsas Qanununu qəbul edə bilmədi. Buna baxmayaraq, Cümhuriyyət dövründə milli dövlətçilik və demokratik idarəçilik prinsiplərinin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın konstitusiya quruculuğunun sonrakı mərhələsi isə sovet hakimiyyəti illərinə təsadüf etdi.
1978-ci il aprelin 21-də Azərbaycan SSR-in növbəti Konstitusiyası qəbul olundu. Həmin Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi xüsusi tarixi əhəmiyyət daşıyırdı. Sovet İttifaqında rus dilinin üstün mövqedə olduğu, milli dillərin sıxışdırıldığı bir dövrdə Azərbaycan dilinin dövlət dili statusunun qorunması və Əsas Qanunda təsbit edilməsi heç də asan məsələ deyildi. Bu, böyük siyasi iradə və qətiyyət tələb edirdi. Həmin dövrdə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində bu mühüm müddəanın Konstitusiyaya daxil edilməsinə nail olundu. Bu addım milli dilimizin və mənəvi dəyərlərimizin qorunması baxımından Azərbaycan tarixində mühüm hadisəyə çevrildi.
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması zərurəti meydana çıxdı. Lakin ölkədə hökm sürən siyasi böhran bu mühüm vəzifənin vaxtında həyata keçirilməsinə imkan vermədi. Yalnız Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra konstitusiya quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin rəhbərliyi ilə yaradılmış Konstitusiya Komissiyası tərəfindən müstəqil Azərbaycanın Əsas Qanununun layihəsi hazırlandı. Ümummilli Liderin siyasi uzaqgörənliyi, dövlətçilik təcrübəsi və hüquqi baxışları əsasında hazırlanmış bu sənəd 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edildi. Bununla da müstəqil Azərbaycanın konstitusiya quruculuğunun təməli qoyuldu. Şübhəsiz ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimiz qarşısında misilsiz xidmətlərindən biridir.
İlk müstəqil Konstitusiyanın milli dövlətçilik tariximizdəki müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il dekabrın 15-də imzaladığı Fərmanla noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edildi. Əsas Qanunun qəbulundan sonra onun müddəalarının həyata keçirilməsi və konstitusiya nəzarətinin təmin olunması istiqamətində də mühüm addımlar atıldı. 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması ölkədə hüquqi dövlət quruculuğunun inkişafında əhəmiyyətli mərhələ oldu.
Zaman keçdikcə ölkənin ictimai-siyasi və iqtisadi həyatında baş verən dəyişikliklər, demokratik inkişafın yeni tələbləri və beynəlxalq təcrübə Konstitusiyanın müəyyən müddəalarının təkmilləşdirilməsini zəruri etdi. Bu məqsədlə Əsas Qanuna bir neçə dəfə əlavə və dəyişikliklər olundu.
2002-ci il avqustun 24-də keçirilmiş referendum nəticəsində Konstitusiyanın 24 maddəsinə 29 dəyişiklik və əlavə qəbul olundu. 2009-cu il martın 18-də keçirilən ümumxalq səsverməsi ilə isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik edildi. Bu dəyişikliklər əsasən, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, vətəndaşların sosial təminatının yaxşılaşdırılması və sosial dövlət prinsiplərinin daha geniş şəkildə reallaşdırılması məqsədi daşıyırdı.
2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya növbəti əlavə və dəyişikliklər edildi. Əsas Qanunun 29 maddəsini əhatə edən 41 əlavə və dəyişiklik dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə, hakimiyyət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsinə, eləcə də dövlət və bələdiyyələrin bu sahədə məsuliyyətinin artırılmasına xidmət edirdi. Həmin dəyişikliklər çərçivəsində idarəetmə sistemində yeni təsisat – Birinci vitse-prezidentlik institutu yaradıldı.
Sonrakı illərdə Azərbaycanın qarşısında duran ən mühüm tarixi vəzifələrdən biri də ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan 44 günlük Vətən müharibəsi xalqımızın tarixi Zəfəri ilə başa çatdı. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Beləliklə, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Bu, yalnız hərbi-siyasi Qələbə deyil, həm də müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının bütün ölkə ərazisində təmin edilməsi baxımından tarixi hadisə idi.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Konstitusiyanın qəbulunun 30-cu ildönümü və Vətən müharibəsində tarixi Qələbənin beşinci ildönümü nəzərə alınaraq, Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Dövlət başçısının 2025-ci il fevralın 11-də imzaladığı digər Sərəncamla isə bu münasibətlə həyata keçiriləcək tədbirlərin əhatəli planı təsdiq olundu.
Bu gün Azərbaycan Konstitusiyası müstəqilliyimizin, dövlət suverenliyimizin, milli birliyimizin və hüquqi dövlət quruculuğumuzun əsas təminatıdır. Onun müddəalarına hörmətlə yanaşmaq, qanunun aliliyini qorumaq hər bir vətəndaşın borcudur. Çünki güclü dövlətin təməlində, ilk növbədə, möhkəm hüquqi sistem, milli həmrəylik və dövlətçilik məsuliyyəti dayanır.
Qvami Məhəbbətoğlu, “İki sahil”