Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri Konfransının (COP31) təhlükəsizliyini təxminən 58 min nəfər təmin edir.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
"Quru, hava, dəniz zonalarını, eləcə də kiberməkanı əhatə edən üçsəviyyəli təhlükəsizlik şəbəkəsi yaradılıb. Konfransın təhlükəsizliyini təmin etmək üçün yerlərdə ümumilikdə 58 min əməkdaş xidmət aparır", — deyə məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, 1 milyon kvadratmetr sahədə tapşırıqları yerinə yetirən hüquq-mühafizə orqanı əməkdaşlarının birinci dərəcəli vəzifəsi kurort şəhəri Antalyanın sakinlərinin gündəlik həyatını pozmadan konfransda iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etməkdir. "Dövlət və hökumət başçılarının, eləcə də onların nümayəndə heyətlərinin yerləşmə zonalarında və nəqliyyat marşrutlarında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür, hava limanlarında, quru və dəniz kommunikasiyalarında da ciddi nəzarət həyata keçirilir. Müvafiq bölmələrlə koordinasiyalı şəkildə dənizdə və havada təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər görülür", — deyə Türkiyə DİN-dən bildiriblər. Nazirliyin məlumatına görə, virtual məkanda potensial təhdidlərə qarşı mübarizə aparmaq üçün "kiberpatrulların" sayı artırılıb.
Mümkün reaksiya tədbirləri çərçivəsində həmçinin 850 xilasedici, 300 tibb işçisi, 110 təcili tibbi yardım maşını, 21 səyyar tibbi xilasetmə qrupu, eləcə də kimyəvi, bioloji, radioloji və nüvə silahlarından müdafiə üçün 365 qurğu hazır vəziyyətdə saxlanılır.