12 noyabr 2026 22:34
180

Sığorta sektorunda inkişafın yeni istiqamətləri: bazarı hansı dəyişikliklər gözləyir? - MÜSAHİBƏ

Abas Miskərli: Sığorta maarifləndirməsində yeni mərhələ sektorumuza yeni uğurlar qazandıracaq

Maliyyə sektorunun mühüm istiqamətlərindən biri olan sığorta bazarı Azərbaycanda son illər davamlı inkişaf dinamikası nümayiş etdirir. Sığorta yığımlarının və ödənişlərinin artması, şirkətlərin investisiya portfellərinin genişlənməsi, yeni məhsulların hazırlanması və qanunvericilik bazasının təkmilləşdirilməsi sektorun inkişafında keyfiyyətcə yeni mərhələnin əsas göstəriciləridir. Bununla yanaşı, sığorta xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, əhalinin sığorta savadlılığının artırılması və müasir bazarın tələblərinə uyğun mexanizmlərin tətbiqi qarşıda duran mühüm vəzifələrdəndir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Abas Miskərli “İki sahil”ə müsahibəsində yerli sığorta bazarının mövcud vəziyyəti və inkişaf göstəriciləri, sığorta savadlılığının artırılması istiqamətində həyata keçirilən layihələr, qarşıdakı dövr üçün nəzərdə tutulan yeniliklər, eləcə də 2026-cı ilin yekunlarına dair gözləntilərdən söhbət açılır.

 -Cari dövrə qədər təmin olunan sığorta yığımları fonunda yerli sığorta bazarının mövcud vəziyyətini necə qiymətləndirirsiniz?

-Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycan sığorta sektoru yeni inkişaf mərhələsindədir. Azərbaycan Mərkəzi Bankının dövri olaraq açıqladığı sığorta icmallarından da aydın görürük ki, yerli bazar davamlı və dayanıqlı şəkildə böyüməkdədir. Mərkəzi Bank tərəfindən ən son açıqlanmış və cari ilin yanvar-sentyabr aylarını əhatə edən sığorta icmalında qeyd olunur ki, yerli bazar hesabat dövründə 1 milayrd 248 milyon 485 min manat yığım təmin edərək ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% böyüyüb. Maraqlıdır ki, analoji artım sığorta ödənişlərində də qeydə alınıb. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında baş vermiş sığorta hadisələrinə görə 882 milyon 723 min manat sığorta ödənişi həyata keçirilib ki, bu da 2025-ci ilin analoji dövrü ilə müqayisədə 29,1% çoxdur.

Sevindirici haldır ki, cari böyümə Azərbaycanın təkrarsığorta bazarında da qeydə alınıb. Bu ilin birinci yarısında Azərbaycanda təkrarsığortaya ötürülən sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 23% və yaxud 14 milyon manat artaraq 74 milyon manat olub. Ötürülən təkrarsığorta haqlarının 4,9%-i (3,6 milyon manat) həyat sığorta sinifləri, 95,1%-i isə (70,7 milyon manat) qeyri-həyat sığorta siniflərinin payına düşür.

Daha bir məlumatı da diqqətinizə çatdırmaq istəyirəm. Müvafiq artım ölkəmizdə fəaliyyət gösətərən sığorta şirkətlərinin investisiya portfellərinin dəyərində də özünü göstərir. Belə ki, cari ilin birinci yarımilində Azərbaycandakı sığorta şirkətlərinin investisiya portfelinin dəyəri ötən ilin sonu ilə müqayisədə 9,7% və yaxud 140 milyon manat çox – 1.1 milyard manat olub. Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 76%-ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 64%-ni investisiya portfeli təşkil edir.

Bütün bu artım göstəriciləri yerli maliyyə ekosistemimizin əsas halqalarından olan sığorta bazarımızın dayanıqlı böyüməsinin və davamlı inkişafının başlıca göstəricisidir.

 -Azərbaycanda əhalinin sığortaya marağının artmasının qarşısını alan ən böyük maneə sizcə, nədir: sığorta məhsullarının baha olması, əhalinin məlumatsızlığı, yoxsa sığortaya inamsızlıq? Assosiasiya bu problemi aradan qaldırmaq üçün nə kimi addımlar atır?

-Bu gün yerli sığorta bazarımızda tətbiq olunan məhsul çeşidliliyi və münasib tarif siyasəti sığorta qiymətlərinin orta statistik normalara uyğun olduğunu göstərir. O ki qaldı inamsızlıq məsələsinə, burada istər nəzarətedici orqan olan Mərkəzi Bankın sektorda həyata keçirdiyi vətəndaşyönümlü islahatlar, istərsə də dayanıqlı bazar iştirakçıları tərəfindən icra olunan müştəriyönümlü xidmət strategiyası nəticəsində əvvəlki illərdə yaranmış inamsızlıq tədricən və mərhələli şəkildə aradan qalxır.

Hazırda sığortaya marağın artmasına maneə təşkil edən başlıca amil olaraq vətəndaşların sığorta ilə bağlı məlumatsızlığını, daha dəqiq desək, az məlumatlı olmalarını göstərə bilərik. Digər xidmət sahələrində olduğu kimi, sığorta sektorunun inkişafında da maarifləndirmə və məlumatlandırma başlıca rol oynayır. Məhz bu səbəblə də hələ 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanıb. Biz 2021-ci ildən etibarən artıq 6-cı ildir ki, sektor iştirakçıları olaraq vətəndaşlarımızın sığorta savadlılığının artırılması məqsədilə ümumrespublika səviyyəsində genişmiqyaslı sığorta maarifləndirməsi layihəsini icra edirik. Heç şübhəsiz, məhz bu maarifləndirmə tədbirlərinin uğurlu nəticəsidir ki, yerli sığorta bazarımızda son 5 ildə ümumilikdə 80%-ə yaxın böyümə qeydə alınıb.

Təbii ki, inkişafın və böyümənin davamlılığının təmin olunması üçün maarifləndirmə və məlumatlandırma işlərinin davamlı olaraq aparılması əsas şərtdir. Məhz bu faktoru nəzərə alaraq, məlumat vermək istəyirəm ki, biz cari ilin noyabr ayından ümumrespublika səviyyəsində apardığımız sığorta maarifləndirməsi layihəmizin yeni mərhələsinə start verəcəyik. Yeni mərhələ ayrı-ayrı sığorta məhsullarının tanıtımı, məlumatlandırmanın daha effektiv üsullarla həyata keçirilməsi və digər bu kimi üstün cəhətləri ilə əvvəlki illərdən fərqlənəcək. Hesab edirik ki, sığorta maarifləndirməsində yeni mərhələ sektorumuza yeni uğurlar qazandıracaq.

 -Sektorda növbəti dövr ərzində tətbiqi nəzərdə tutulan daha hansı prioritet yeniliklərdən danışa bilərsiniz?

-Digər ölkələrdə olduğu kimi, respublikamızda da sığorta xidmətləri tələb-təklif faktoruna əsaslanmaqla formalaşdırılır. Müştəri davranışları, bazar və istehlakçı tələbləri yeniləndikcə sektor da yeni prioritetlər müəyyənləşdirməyə borcludur.

Maarifləndirmədə yeni mərhələyə start verməkdən əlavə, növbəti dövr üçün nəzərdə tutulan yeniliklər, əsasən sığorta məhsullarının əhatə dairəsinin genişləndirilməsi, aktual risklərə adekvat yeni sığorta məhsullarının formalaşdırılması və qanunvericiliyin yeni tələblərə uyğun təkmilləşdirilməsindən ibarətdir.

Məsələyə daha konkret yanaşsaq deyə bilərəm ki, qarşıdakı dövr ərzində Kredit götürən vətəndaşların məşğulluğunun itirilməsi halından sığortası ilə bağlı yeni məhsul hazırlanır. Bundan başqa, Daşınmaz əmlakın icbari sığortası növü üzrə vətəndaşyönümlü təkmilləşdirmə məqsədilə yeni konsepsiya hazırlanıb və aidiyyəti dövlət qurumunda təsdiq mərhələsindədir. Daha sonra, sığorta vasitəçilərinin bazardakı aktivliklərinin artırılması məqsədilə müvafiq addımlar atılmaqdadır. Sığorta sektorunda “IFRS-17” və “Solvency II” standartlarına keçid üzrə zəminin formalaşdırılmasına başlanılıb.

Hesab edirəm ki, sığorta xidmətlərində tətbiqi nəzərdə tutulan bütün bu sektoral yeniliklər sığorta bazarımızın növbəti dövr ərzində daha aktiv inkişafını təmin etmiş olacaq.

-Sığorta sektoru üzrə 2026-cı ilin yekununa dair proqnozlarınız hansı yöndədir?

-Son 5 ilə nəzər salsaq, yerli sığorta bazarımızda davamlı böyümə müşahidə olunur. Məsələn, yerli bazarda 2021-ci ildə 16%, 2022-ci ildə 18%, 2023-cü ildə 26%, 2024-cü ildə 10% və 2025-ci ildə isə 11% böyümə qeydə alınıb. Xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədlərində də sığorta sektoru üçün böyümə hədəfinin minimum 10% həcmində olması müəyyənləşdirilmişdir. Yuxarıda sadaladığım rəqəmlərdən də aydın görünür ki, sığorta sektoumuz bu hədəf minimumunu müxtəlif illərdə hətta artıqlaması təmin edə bilmişdir.

2025-ci ildə yığılmış sığorta haqlarının ümumi həcmi 1 milyard 504 milyon 900 min manat təşkil etmişdi. 2026-cı ilin yekununda sığorta haqlarının 1 milyard 700 milyon manata yaxın, böyümə faizinin isə 11-14% ətrafında olacağını proqnozlaşdırırıq.

Bu gün ölkəmizdə maliyyə bazarları üzrə requlyativ orqan olan Azərbaycan Mərkəzi Bankının uğurla həyata keçirdiyi nəzarət və tənzimləmə siyasəti, icra olunan məqsədyönlü sektoral islahat və layihələr, bazar aktivliyinin və istehlakçı məlumatlılığının təmin olunması müsbət proqnozlarımıza əminlik yaradan başlıca faktorlardır.

Yaqut Ağaşahqızı, “İki sahil”