14 noyabr 2026 15:15
76

Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq

Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

"Biz hazırda onsuz da NATO-da deyilik. Əgər neytrallıq, ümumiyyətlə, bizim NATO-da olmamağımızı nəzərdə tutursa, biz artıq bu statusdayıq. Bəs onda uzunmüddətli perspektivdə bizim üçün təhlükəsizliyə nə xidmət edəcək?", - Zelenski bildirib.

O əlavə edib ki, Rusiya tərəfi Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmayacağını düşünürsə, yanlış fikirdədir.

"Biz üzv olacağıq. Hələ ki Ukrayna heç bir ittifaqa daxil deyil. Neytrallığın konstitusiyada təsbit edilməsi isə dövlətinizin konstitusiyasını dəyişdirməyiniz deməkdir. Ukrayna buna getməyəcək", - Ukrayna lideri deyib.

Onun sözlərinə görə, ABŞ tərəfi ilk dəfə olaraq Donbasdan çıxmaq müqabilində Ukraynanın NATO-ya üzvlüyü məsələsini də gündəmə gətirib:

"Biz danışıqlar zamanı tərəfdaşlarımızın bizə təklif edə biləcəyi vahid təhlükəsizlik paketini müzakirə edirik".

Zelenski vurğulayıb ki, ABŞ və NATO üzrə digər tərəfdaşlar bu təklifi təsdiqləsələr, o, məsələni Ukrayna cəmiyyətinin müzakirəsinə çıxaracaq.

Prezident belə bir qərarı özbaşına qəbul edə bilməyəcəyini qeyd edib.

Bununla yanaşı, o, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin konkret olaraq nələri nəzərdə tutacağının və praktikada necə işləyəcəyinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.