14 noyabr 2026 20:37
68

Fransada bugünkü etiraz aksiyaları zamanı 23 nəfər saxlanılıb

Fransada 14 noyabr tarixində bahalaşma və digər sosial-siyasi vəziyyətlərlə bağlı narazılığın artması fonunda növbəti kütləvi etiraz aksiyaları başlayıb.

“İki sahil” BFMTV-yə istinadən xəbər verir ki, Parisdə eyni vaxtda üç ayrı aksiya keçirilir: polisin silah tətbiq etmək hüququnun genişləndirilməsi haqqında qanun layihəsinə etiraz, uşaqlara qarşı zorakılığa qarşı beynəlxalq yürüş və "Sarı jiletlilər" hərəkatının mitinqi.

Paytaxt nümayişçilərinin yürüşü Respublika meydanından dinc şəkildə başlayıb, Bastiliya meydanından keçərək Millət meydanına qədər davam edib.

Fransa DİN-in məlumatına görə, gündüz saatlarında Paris ərazisində 55 aksiyada 9 minə yaxın adam iştirak edib, 23 nəfər saxlanılıb, 2 mindən çox yoxlama aparılıb.

Müxtəlif hesablamalara görə, Parisdəki etiraz aksiyalarında ümumilikdə 30 mindən 60 minə qədər insan iştirak edə bilər, bütün ölkə üzrə isə 50-dən 60-a qədər yürüş planlaşdırılıb. İctimai asayişi təmin etmək üçün hakimiyyət orqanları 70 minə yaxın polis və jandarm səfərbər edib.

Lion və Ruan da daxil olmaqla, bir sıra şəhərlərdə gərginliyin artması qeydə alınıb və nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Nantda hüquq-mühafizə orqanlarının əməkdaşları icazəsiz aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Eyni zamanda, Tuluzada nümayiş əsasən dinc şəraitdə keçib.

Etirazçılar yaşayış xərclərinin artmasına qarşı çıxış edir, əməkhaqqı və təqaüdlərin artırılmasını, təhsil şəraitinin yaxşılaşdırılmasını və sosial hüquqların müdafiəsini tələb edirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən silahdan istifadəyə dair qanun layihəsi xüsusi narazılıq doğurur.

Davam edən etirazlar fonunda Fransa həmkarlar ittifaqları da 17 noyabr, çərşənbə axşamı günü ümumi tətilə çağırış edib.