16 noyabr 2026 14:25
155

Bakı-London yeni strateji mərhələ: Azərbaycanın növbəti siyasi uğuru

“Avropa Siyasi Birliyi”nin “Avropa - güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan 9-cu  Zirvə Toplantısının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerji, həmçinin Avropanın təhlükəsizliyi və müdafiəsi məsələləri  geniş müzakirələr mövzusu oldu. Dünya yeni təhdidlər və çağırışlarla üz-üzədir. Və builki Toplantıda 50-yə yaxın dövlət və hökumət başçısının iştirak etməsi də, mövcud vəziyyətin nə qədər aktual olduğunu və eyni zamanda həll yollarının axtarıldığını əyani şəkildə göstərir. Azərbaycanın gündəliyi zəngin idi.  Bir  Zirvə Toplantısında  Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Respublikasının Prezidenti Maya Sandu, Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis, Çex Respublikasının Baş naziri Andrey Babiş, Rumıniya Prezidenti Nikuşor Dan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Litva Respublikasının Prezidenti Gitanas Nauseda, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə, ümumilikdə 10 ikitərəfli  görüş,  plenar sessiya və dəyirmi masada iştirak- bütün bunlar  Azərbaycana dövlətinə, onun prezidenti İlham Əliyevə  göstərilən etimadın  məntiqi nəticəsidir.

İkitərəfli görüşlərin hər birində  müəyyən maraq və əməkdaşlıq müzakirələri aparıldı. Azərbaycan Prezidenti İlham Əliyevlə  Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın görüşü siyasətçilərin  xüsusi diqqətində idi. Uzun illər Qarabağ üzrə danışıqlar formatlarına sərmayə qoyan Avropa indi nəticəni görür və sülh gündəliyinin müəllifi olan İlham Əliyevə olan etimad gündən günə daha da artır.  Yarım il əvvəl, İrəvandakı ASB sammitində Prezident İlham Əliyev videoformatla çıxış etmişdi və artıq o zaman sülhün reallığa çevrildiyini demişdi. Dublində isə onlar, "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutunun" (TRIPP) dəmir yolu və avtomobil hissələrinin layihələndirilməsinin gedişindən, sərhədin delimitasiyasından, etimad tədbirlərini müzakirə etdilər.  Bildirildi ki, ötən ilin noyabr ayından etibarən Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınmışdır.  Müqayisə üçün qeyd edək ki, may ayında onun həcmi 28 min ton idi. Tərəflər iki ölkənin enerji şəbəkələrinin gələcək birləşməsini müzakirə etdilər və transsərhəd çaylar üzrə işçi qruplarının yaradılmasını alqışladılar. Altı il əvvəl Azərbaycan və Ermənistanın birgə enerji sistemi fikrinin özü  qeyri-real  görünərdi. Lakin bu gün bu baş verir. Və  bu Azərbaycanın  regionda yaratdığı yeni reallıqdır.  

Digər bir həqiqət isə budur ki, Azərbaycan yalnız, Avropa İttifaqının etibarlı enerji təchizatçısı kimi  deyil, bütövlükdə, real olaraq,  Avropanın təhlükəsizlik və logistika sisteminin bir hissəsinə çevrilir. Elə, Zirvə Toplantısı çərçivəsində keçirilmiş “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada çıxış zamanı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin roluna toxunan dövlətimizin başçısı həm də gələcək perspektivləri tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Əlbəttə ki, Zirvə Toplantısının ən vacib hadisələrindən biri də, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə oldu. İmzalanmış sənədin əhəmiyyətini daha yaxşı qiymətləndirmək üçün tarixə nəzər salmaq lazımdır. 1994-cü il fevralın 23-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Britaniya tərəfi Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə imzalamaqla ikitərəfli əməkdaşlığın əsasını qoydular. Həmin vaxt, müstəqilliyin bərpasından cəmi bir neçə il sonra Azərbaycan hələ dünya siyasətinə yenicə daxil olurdu. O zaman hamı bu addımın hansı miqyas alacağını təsəvvür etmirdi.

Məhz həmin ildə Britaniyanın "bp" şirkətinin mühüm rol oynadığı "Əsrin müqaviləsi" imzalandı. Daha sonra, 1998-ci il iyulun 21-də Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə təsdiq olundu. Ötən il London və Bakı əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəldilər. Və noyabrın 12-də  Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalandı.  Bu ardıcıllıq Bakı ilə London arasında münasibətlərin tədricən, etimadın toplanması vasitəsilə inkişaf etdiyini göstərir.

Qeyd etmək lazımdır ki, bəyannamənin imzalanması ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələdir və Azərbaycanın artan strateji əhəmiyyətini, eləcə də Böyük Britaniyanın Cənubi Qafqazda siyasi, iqtisadi mövcudluğunu və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu əks etdirir.

Sənəddə, 2025-ci il avqustun 8-də imzalnmış Vaşinqton bəyannaməsinin əhəmiyyəti qeyd olunur. Böyük Britaniya Azərbaycan və Ermənistanın ikitərəfli dialoq vasitəsilə regionda dayanıqlı sülhə nail olmağa yönəlmiş səylərinə dəstəyini təsdiq edir. Ölkələr arasında əməkdaşlıq üç əsas istiqamət üzrə inkişaf etdiriləcək: müdafiə və təhlükəsizlik, ticarət, investisiyalar və iqtisadi artım, həmçinin təhsil və innovasiyalar. Müdafiə və təhlükəsizlik sahəsində tərəflər regional sülh və sabitliyin qorunub saxlanılması, ümumi təhdidlərin qabaqcadan xəbərdar edilməsi və onlara cavab tədbirlərinin görülməsi imkanlarının artırılması məqsədilə qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətindədirlər. Müdafiə hazırlığı, potensialın artırılması, müdafiə sənayesi, hüquq-mühafizə fəaliyyəti, sərhədlərin idarə olunması, həmçinin məhkəmə və hüquqi qarşılıqlı fəaliyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. İqtisadi sahədə Azərbaycan və Böyük Britaniya ticarət və investisiya əlaqələrini genişləndirməyi, uzunmüddətli kommersiya tərəfdaşlığını və bərpa olunan energetika, infrastruktur və xidmətlər kimi prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırlar. Orta dəhlizin, nəqliyyat və logistika layihələrinin inkişafına, eləcə də təmiz enerji, yaşıl maliyyələşdirmə və aşağıkarbonlu texnologiyalar sahəsində əməkdaşlığa xüsusi diqqət yetiriləcək. Tərəflər, həmçinin maliyyə və kapital bazarları sahəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədirlər. Birgə iqtisadi təşəbbüslərin irəlilədilməsində xüsusi rol İqtisadi və ticarət əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyaya həvalə olunur. Üçüncü istiqamət təhsil, elm, tədqiqat və innovasiyalar sahəsində əlaqələrin genişləndirilməsini nəzərdə tutur. Söhbət universitetlər, elmi müəssisələr və sənaye müəssisələri arasında əməkdaşlıqdan, rəqəmsal və texniki bacarıqların inkişafından, süni intellekt və rəqəmsal idarəetmə sahəsində təcrübə mübadiləsindən gedir. Bundan əlavə, tərəflər qarşılıqlı anlaşmanı və mədəni əlaqələri gücləndirmək məqsədilə vətəndaşlar arasında mübadilələri və peşəkar şəbəkələrin inkişafını təşviq etmək niyyətindədirlər. Əldə olunmuş tərəqqini qiymətləndirmək və gələcək prioritetləri müəyyənləşdirmək üçün tərəflər strateji tərəfdaşlıq çərçivəsində illik görüşlər keçirmək barədə razılığa gəliblər. Burada xüsusi ilə qeyd etmək lazımdır ki, bir ildə  3-cü mühüm sənədi imzalayan Azərbaycan  gələcəyə istiqamətlənmiş  xüsusi strateji siyasi, iqtisadi, təhlükəsizlik, və innivasiya məsələlərini  hədəfləyir. Fevral – ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası. İyul – Almaniya ilə strateji gündəlik haqqında bəyannamə. Noyabr – Böyük Britaniya. Bu, Azərbaycanın Qərblə münasibətlərinin böyük ölçüdə məhz Bakının təklif etdiyi qaydalarla inkişaf etdiyini əyani şəkildə göstərir.  Burada  xatırlamaq yerinə düşər ki, Azərbaycan  digər mühüm güc mərkəzi olan Çinlə münasibətləri də ən yüksək  səviyyəyə qaldırmışdır.   2024-cü ilin iyulunda imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi və 2025-ci ilin aprelində Pekində qəbul edilən Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması haqqında birgə Bəyanat rəsmi şəkildə təsdiqlənmişdir. Dövlət başçımız İlham Əliyevin qeyd etdiyi kimi,  bu münasibətlər  qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək və xeyir üzərində qurulub. Beləliklə, Böyük Britaniya ilə Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması ardıcıl, düşünülmüş siyasətin nəticəsi oldu. Bakı və London çoxillik qarşılıqlı faydalı əməkdaşlıqlarını keyfiyyətcə yeni, daha yüksək səviyyəyə qaldırdılar. Azərbaycan Birləşmiş Ştatlar və Çin ilə münasibətlərini gücləndirdi, aparıcı Avropa ölkələri ilə tərəfdaşlığı qoruyub saxlayır və qitənin əsas enerji təchizatçılarından biri olaraq qalır. Bütün bunlar Prezident İlham Əliyevin ölkənin milli maraqlarının müdafiəsinə əsaslanan uzaqgörən xarici siyasət strategiyasının bəhrəsidir.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor