09 noyabr 2026 16:45
68

GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib

"Green Energy Corridor Power Company" (GECO) şirkəti Aİ-nin Enerji üzrə Trans-Avropa Şəbəkələri (TEN-E) Qaydalarına uyğun olaraq "Yaşıl enerji dəhlizi" (Caspian-Black Sea-Europe Green Energy Corridor) layihəsinə qarşılıqlı maraqlı layihə (Project of Mutual Interest) statusunun verilməsi məqsədilə Avropa Komissiyasına rəsmi qaydada müraciət edib.

“İki sahil” GECO-ya istinadən xəbər verir ki, "Yaşıl enerji dəhlizi" layihəsi Xəzər regionunun bərpa olunan mənbələrindən əldə edilən elektrik enerjisinin Avropanın enerji bazarlarına çatdırılması üçün yeni nəqliyyat marşrutu formalaşdıracaq. Marşrut Qara dənizin dibi ilə çəkilmiş yüksək gərginlikli sabit cərəyan kabeli (HVDC), həmçinin müvafiq yerüstü infrastruktur vasitəsilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək.

"PMI statusunun verilməsi layihənin Avropa İttifaqı və onun tərəfdaşları üçün strateji əhəmiyyətinin təsdiqi olacaq. Bundan başqa, bu, Aİ-nin dəstək mexanizmlərinə çıxış imkanı yaradacaq, icazə prosedurlarını sadələşdirməyə imkan verəcək və layihənin reallaşdırılması mərhələsində investorların etimadını gücləndirəcək", - GECO-dan qeyd ediblər.

Müraciət GECO-nun səhmdarları - "AzərEnerji" şirkəti, Gürcüstanın Dövlət Elektrik Sistemi Operatoru (Georgian State Electrosystem), Rumıniyanın "Transelectrica" və Macarıstanın "MVM" şirkətlərinin fəal əməkdaşlığının nəticəsidir.

"Biz ümumi işə sadiqliklərinə, eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinin, Avropa Komissiyasının və texniki məsləhətçilərimizin daimi dəstəyinə görə tərəfdaşlarımıza minnətdarıq. Hazırda qiymətləndirmə prosesinin növbəti mərhələsini gözləyir, regionun və bütün Avropanın etibarlı, şaxələndirilmiş və karbonsuzlaşdırılmış enerji gələcəyi naminə işi davam etdirmək niyyətindəyik", - bəyanatda vurğulanır.

Qeyd edək ki, təsdiq edilmiş plana əsasən, enerji dəhlizi ümumi gücü 3,9 QVt olan çoxterminallı yüksək gərginlikli sabit cərəyan ötürmə sistemindən (HVDC) ibarət olacaq və hər birinin gücü 1,3 QVt olan üç xətti əhatə edəcək. Hər bir xətt üçün Qara dənizdən keçən sualtı kabelin uzunluğu təxminən 1 124 km, kabelin çəkilmə dərinliyi isə 2 200 metr təşkil edəcək. Enerji körpüsünün marşrutu Bakıdan başlayaraq Gürcüstan ərazisindən keçməklə Anakliya və Poti rayonlarında quruya çıxışa malik olacaq, həmçinin Tbilisi və Tskaltubodan keçəcək, daha sonra Konstansa və Buxarest vasitəsilə Rumıniyadan keçərək Macarıstanın Albertirsa qovşağına qədər uzanacaq.

Layihə mərhələli şəkildə həyata keçiriləcək. 1,3 QVt gücündə olan birinci xəttin 2032-ci ildə istifadəyə verilməsi planlaşdırılıb. Bu xətt hər il 8 TVt/saata qədər bərpa olunan elektrik enerjisini ixrac etməyə imkan verəcək. Elektrik enerjisinin Buxarestdə qəbulunu nəzərdə tutan ikinci xətt 2036-cı ildə, Konstansada qəbulu həyata keçirəcək üçüncü xətt isə 2040-cı ildə fəaliyyətə başlamalıdır.

2040-cı ilə qədər Xəzər regionundan Avropa İttifaqına bərpa olunan enerjinin illik tədarükü 20 TVt/saata çatmalıdır.

Xəzər regionundan Avropaya bərpa olunan enerjinin tədarükü üzrə "Yaşıl enerji dəhlizi" (Caspian-Black Sea-Europe Green Energy Corridor) layihəsinə ümumi investisiyalar təxminən 22,1 milyard avro məbləğində qiymətləndirilir ki, bunun da 14,3 milyard avrosu ötürücü infrastrukturun yaradılması üçün tələb olunacaq.