09 noyabr 2026 09:00
71

Auditorlar Palatasının adından saxta məlumatlar yayılır: Auditorlara rəsmi xəbərdarlıq edildi

 

Azərbaycan Respublikası Auditorlar Palatası Palatanın vəzifəli şəxslərinin adından saxta WhatsApp profilləri və müxtəlif telefon nömrələri vasitəsilə yayılan həqiqətə uyğun olmayan məlumatlarla bağlı auditorlara müraciət edib.

Azərbaycan Respublikasının Auditorlar Palatasına naməlum şəxslərin müxtəlif telefon nömrələri və saxta WhatsApp profilləri vasitəsilə Palatanın vəzifəli şəxslərinin, o cümlədən idarə rəislərinin adından Palatanın üzvlərinə, auditor təşkilatlarına və sərbəst auditorlara həqiqətə uyğun olmayan məlumatlar göndərməsi ilə bağlı məlumatlar daxil olub.

Auditorlar Palatası məsələ ilə əlaqədar rəsmi mövqeyini açıqlayaraq yayılan məlumatların həqiqətə uyğun olmadığını bəyan edib.

Palata bildirir ki, vəzifəli şəxslərin adından istifadə edilməklə saxta məlumatların yayılması, auditorların yanlış istiqamətləndirilməsi və aldadıcı üsullarla onlarla əlaqə yaradılması dələduzluq və digər hüquqazidd əməllərin əlamətlərini daşıya bilər.

Rəsmi sənədin hansı tələblərə cavab verməsi vacibdir?

Auditorlar Palatası xüsusi olaraq diqqətə çatdırır ki, Palata adından elektron qaydada göndərilən rəsmi bildirişlər, sorğular və digər müraciətlər müəyyən edilmiş sənəd dövriyyəsi qaydalarına uyğun rəsmiləşdirilməlidir. Belə sənədlərdə qeydiyyat nömrəsi və tarixi göstərilməli, onlar səlahiyyətli vəzifəli şəxsin elektron imzası ilə təsdiqlənməlidir.

Bu tələblərə cavab verməyən, qeydiyyat nömrəsi və tarixi olmayan, müvafiq elektron imza ilə təsdiqlənməyən, eləcə də Palatanın rəsmi sənəd dövriyyəsi sistemində qeydiyyatı təsdiq edilməyən elektron bildirişlər, sorğular və digər müraciətlər Palatanın rəsmi sənədi hesab edilmir və onun rəsmi mövqeyini ifadə etmir. Bu cür müraciətlər Palata adından göndərilmiş etibarlı sənəd kimi qəbul olunmamalıdır.

Auditorlara vacib xəbərdarlıq: şəxsi və məxfi məlumatlarınızı paylaşmayın!

Palata üzvlərinə və auditor xidməti göstərən şəxslərə şübhəli telefon nömrələrindən daxil olan mesajlara etibar etməmək, naməlum şəxslərə fərdi məlumatları, məxfi sənədləri və maliyyə məlumatlarını təqdim etməmək tövsiyə olunur.

Palata adından irəli sürülən hər hansı tələb və ya göstərişin həqiqiliyi mütləq rəsmi əlaqə vasitələri ilə dəqiqləşdirilməlidir.

Bu baxımdan Palata idarə rəisi Ənvər Aslanova məxsus telefon nömrələrini də açıqlayıb:

  • 050 216 87 65

  • 055 216 87 65

Palata adından daxil olan hər hansı şübhəli məlumatın doğruluğunu bilavasitə bu nömrələrə zəng etməklə dəqiqləşdirmək mümkündür.

Eyni zamanda, belə hallarla qarşılaşan Palata üzvlərindən saxta yazışmaları və həmin mesajları göndərən şəxslərin telefon nömrələrini mümkün sübut kimi qoruyub saxlamaq və bu barədə Auditorlar Palatasına məlumat vermək xahiş olunur.

Hüquqazidd əməllərə hüquqi qiymət veriləcək

Auditorlar Palatası bir daha bəyan edir ki, Palatanın və onun vəzifəli şəxslərinin adından yayılan qeyri-rəsmi məlumatlar əsasında hər hansı öhdəliyin icrası, məxfi məlumatların və sənədlərin təqdim edilməsi, eləcə də üçüncü şəxslərin tələblərinin yerinə yetirilməsi yolverilməzdir.

Palata adından daxil olan müraciətlərin həqiqiliyi yalnız onların rəsmi mənşəyi və müəyyən edilmiş qaydada rəsmiləşdirilməsi təsdiqləndikdən sonra qəbul edilməlidir.

Qeyd olunan hallara hüquqi qiymət verilməsi və təqsirli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunması məqsədilə Auditorlar Palatası tərəfindən aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət ünvanlanacaq.

Azərbaycan Respublikasının Auditorlar Palatası