16 noyabr 2026 17:18
132

Qafqazın Xirosimasından yenidən doğulan Ağdam

Hər il noyabrın 20-ni xüsusi qürur, minnətdarlıq və sonsuz Qələbə sevinci ilə qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın tarixi yaddaşında əbədiləşən, ədalətin və haqqın bərpa olunduğu müqəddəs bir gündür.

 “Ağdam” sözünün etimologiyası qədim türk dilində “kiçik qala” mənasını verir. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xanın bu ərazidə ağ daşdan imarət tikdirməsi ilə formalaşan bu ad, ətraf sakinlər üçün günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev anlamını daşıyır. 1930-cu ildə yaradılmış Ağdam rayonu qədim tarixi, elmi-arxeoloji əhəmiyyəti ilə həmişə seçilib. Rayon ərazisində aparılan arxeoloji tədqiqatlar, xüsusilə Üzərriktəpədə aşkar olunan maddi-mədəniyyət nümunələri sübut etmişdir ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyanın ən zəngin abidələrindən biri olmuşdur.

Lakin bu füsunkar diyar otuz ilə yaxın erməni faşizminin vəhşiliklərinə məruz qaldı. Ağdam uğrunda 42 gün davam edən gərgin döyüşlər 1993-cü il iyulun 23-də ərazinin 73 faizinin, o cümlədən rayon mərkəzi və 90 kəndin işğalı ilə nəticələndi. 128 min soydaşımız doğma ocağından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 853 saylı qətnaməsində işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, rəsmi İrəvan beynəlxalq hüquqa məhəl qoymurdu. İşğal dövründə coğrafi adlar dəyişdirilmiş, mülkiyyət talan edilmiş, bütün dünyada yeganə olan Çörək Muzeyi daxil olmaqla, 74 məktəb, 271 mədəniyyət evi dağıdılmışdır. Məhz bu səbəbdən haqlı olaraq Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın gücü ilə noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi bir qətrən də qan tökülmədən Azərbaycana təhvil verildi. Prezidentin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi və 5790 hərbi qulluqçumuz bu medalla təltif olunuşdur.

Dövlət başçımızın işğaldan azad olunduqdan dərhal sonra – 2020-ci il noyabrın 23-də Ağdam Cümə məscidini ziyarət etməsi, orada Azərbaycan bayrağını ucaltması hər birimizin ürəyində dərin iz buraxdı.

Bu gün möhtərəm cənab Prezidentin qətiyyəti və sarsılmaz iradəsi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdamda misli görünməmiş tikinti-quruculuq işləri aparılır. Burada reallaşdırılan hər bir layihə, salınan hər bir küçə və ucaldılan hər bir ev Azərbaycan dövlətinin gücünün, xalqımızın dəmir iradəsinin bariz təcəssümüdür. Ağdamlılar artıq öz doğma ocaqlarına qayıdır, tarixi ədalət tam bərpa olunur.

2026-cı ilin noyabr ayına olan məlumata əsasən, Ağdam şəhərində, eləcə də Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə doğma yurduna qayıdaraq məskunlaşmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” işğaldan azad edilmiş ərazilər üzrə qəbul edilən ilk belə sənəddir. Gələcəkdə 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılan Ağdam, ölkəmizin dördüncü böyük şəhərinə çevriləcəkdir.

190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı Sumqayıtdan sonra ölkənin ikinci ən böyük sənaye parkıdır. Hazırda burada 28 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və 964-dən çox daimi iş yeri yaradılıb. Bərdə–Ağdam dəmir yolu xətti üzrə inşa edilən və Azərbaycanda ilk qapalı platformaya malik olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, həmçinin möhtəşəm Ağdam Muğam Mərkəzi regionun tarixi şöhrətini özünə qaytarır. Bununla yanaşı, “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” mehmanxana komplekslərinin, eləcə də müasir xəstəxana və məktəblərin istifadəyə verilməsi şəhər həyatına tamamilə yeni nəfəs bəxş edib.

Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”

Anar Məmmədov,

Milli Məclisin deputatı