18 noyabr 2026 11:25
162

Ağdam - qayıdışın, yenidənqurmanın və ümidlərin ünvanıdır

20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycanın müasir tarixində tarixi ədalətin bərpasını, milli iradənin təntənəsini və Böyük Qayıdışın başlanğıcını təcəssüm etdirən əlamətdar gündür. Bu tarix 27 ildən artıq davam edən işğala son qoyulmasını, doğma yurd həsrəti ilə yaşayan insanların qayıdış ümidinin gerçəkləşməsini simvolizə edir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” bəyanatı bu gün həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin əsas siyasi istiqamətini müəyyənləşdirib. Qarabağın mərkəzində yerləşən Ağdam qədim tarixi, zəngin mədəni irsi və strateji mövqeyi ilə seçilir. “Ağdam” adının etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir versiyaya görə, qədim türk dilində “kiçik qala” mənasını verir. Digər izah isə Pənahəli xanın XVIII əsrdə burada ağ daşdan imarət tikdirməsi ilə əlaqələndirilir.

1930-cu ildə rayon statusu alan Ağdamda aparılan arxeoloji tədqiqatlar bu ərazinin minilliklərə söykənən yaşayış və mədəniyyət tarixini təsdiqləyir. Üzərriktəpədə aşkarlanan maddi-mədəniyyət nümunələri Ağdamın Qafqazın qədim şəhər tipli yaşayış məskənlərindən biri olduğunu göstərir. 1993-cü il iyulun 23-də Ermənistanın hərbi təcavüzü nəticəsində Ağdamın 882 kvadratkilometr ərazisi, rayon mərkəzi və 90 kəndi işğal edildi. 128 minə yaxın sakin doğma yurdunu tərk etməyə məcbur oldu. Ağdam uğrunda döyüşlərdə 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. İşğal nəticəsində şəhərin yaşayış və sosial infrastrukturu, tarixi-mədəni abidələri dağıdıldı, talan edildi. Bir vaxtlar inkişaf edən Ağdam xarabalığa çevrildi və “Qafqazın Xirosiması” adını aldı. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixli 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdam rayonu və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan beynəlxalq hüququn tələblərinə məhəl qoymadı. Azərbaycan isə ərazi bütövlüyünü bərpa etmək əzmini heç vaxt itirmədi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu və məqsədyönlü siyasət 2020-ci ildə tarixi Zəfərin qazanılmasını təmin etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, işğala son qoyuldu və bölgədə yeni inkişaf mərhələsinin əsası qoyuldu. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi, 5790 hərbi qulluqçu bu medalla təltif olundu. Cənab Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü elan edildi. Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. 2022-ci il avqustun 16-da şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib. Plana əsasən, müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulan Ağdamda gələcəkdə 100 min nəfərin yaşaması nəzərdə tutulur. Şəhərdə yaşayış məhəllələri, sosial obyektlər və müasir infrastruktur yaradılır, kəndlərin bərpası mərhələli şəkildə həyata keçirilir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin birinci mərhələlərinin istifadəyə verilməsi Böyük Qayıdışın real nəticələrindəndir. Ağdamın iqtisadi dirçəlişində 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı mühüm rol oynayır.

Prezident cənab  İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılan park Qarabağın sənaye potensialının reallaşdırılmasına, sahibkarlığın və məşğulluğun inkişafına xidmət edir. Burada 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Hazırda 9 müəssisə fəaliyyət göstərir, yeni istehsal sahələrinin tikintisi davam etdirilir. Nəqliyyat və sosial infrastrukturun yenilənməsi də diqqət mərkəzindədir. 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, eləcə də Ağdam Muğam Mərkəzi istifadəyə verilib. Ağdam Cümə məscidinin və İmarət Kompleksinin bərpası tarixi-mədəni irsin qorunmasına, yeni hotel komplekslərinin açılması isə turizm imkanlarının genişlənməsinə xidmət edir. Böyük Qayıdış çərçivəsində məskunlaşma prosesi də davam edir. 2026-cı ilin noyabr ayına olan məlumata görə, Ağdam şəhərində və Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə – 8300 nəfər məskunlaşıb. Bu göstərici doğma yurda qayıdışın artıq real həyat hadisəsinə çevrildiyini təsdiqləyir. Cənab Prezidentin Ağdama mütəmadi səfərləri, yeni layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı dövlətin bölgənin inkişafına verdiyi strateji əhəmiyyətin göstəricisidir. 2026-cı il noyabrın 7-də Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq və yeni istehsal müəssisələrinin açılışı quruculuq prosesinin davam etdiyini bir daha nümayiş etdirib. 

20 Noyabr-Ağdam Şəhəri Günü tarixi ədalətin, milli birliyin və dövlətimizin gücünün təntənəsidir. Bir zamanlar xarabalığa çevrilmiş Ağdam bu gün yenidən qurulur, sakinləri doğma evlərinə qayıdır, iqtisadi və mədəni həyat canlanır. Ağdamın dirçəlişi yalnız bir şəhərin bərpası deyil, həm də Azərbaycanın suverenliyinin, quruculuq qüdrətinin və Böyük Qayıdış strategiyasının parlaq təzahürüdür.

Tahir Mirkişili,

Milli Məclisin deputatı