Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsində, makroiqtisadi sabitliyin qorunmasında və qarşıya qoyulan strateji hədəflərin maliyyə təminatında dövlət büdcəsi əməli rol oynayır. Bu baxımdan, ölkənin növbəti il üçün əsas maliyyə sənədi olan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin layihəsi Maliyyə Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə və dövlət maliyyə idarəçiliyi prinsiplərinə uyğun şəkildə yüksək peşəkarlıqla hazırlanmışdır. Layihə ilkin mərhələdə Baş nazirin sədrliyi ilə İqtisadi Şurada dərindən müzakirə olunmuş, bütün makroiqtisadi risklər və prioritet istiqamətlər nəzərə alınmaqla təkmilləşdirilmiş və müvafiq qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir.
Daha sonra ölkə Konstitusiyasının tələblərinə və büdcə təqviminin prosedurlarına uyğun olaraq, hazırda həmin büdcə zərfi artıq üç gündür Milli Məclisdə geniş və hərtərəfli müzakirə olunmuşdur. Parlamentdə keçirilən müzakirələr zamanı hökumət nümayəndələrinin, müvafiq nazirliklərin rəhbərlərinin və millət vəkillərinin fəal iştirakı, səsləndirilən konstruktiv təkliflər, aparılan fikir mübadilələri qanun layihəsinin ictimai və siyasi əhəmiyyətini bir daha nümayiş etdirir.
Qanunvericilik təşəbbüsü ilə çıxış edən Maliyyə Nazirliyinin müəllifi olduğu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə dair İiqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Hesablama Palatası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və parlamentin aidiyyatı komitələrinin rəhbərliklərinin təqdimatlarında səsləndirdikləri real makroiqtisadi göstəricilər, iqtisadi artım proqnozları, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, eləcə də dəqiq maliyyə əsaslandırmaları qarşıdakı ildə dövlət büdcəsi vəsaitlərindən səmərəli, şəffaf və hədəf yönümlü istifadə olunacağını deməyə əsas verir.
Azərbaycan Respublikasının qlobal çağırışlara həssas yanaşması, beynəlxalq təşəbbüslərə fəal qoşulması və üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə icra etməsi 2027-ci ilin də büdcə siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu kontekstdə, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə həyata keçirilməsi istiqamətində görülən ardıcıl işlər ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. 2026-cı il üzrə Dayanıqlı İnkişaf Hesabatına əsasən, Azərbaycan 74,31 balla DİM İndeksi üzrə reytinqə daxil edilmiş 169 ölkə arasında 52-ci yerdə qərarlaşmışdır. Ümumiyyətlə, ölkəmiz DİM İndeksi üzrə reytinqdə öz mövqeyini davamlı olaraq yaxşılaşdırır və nəticələrin yüksələn dinamika nümayiş etdirdiyi açıq şəkildə müşahidə olunur. Belə ki, büdcə xərclərinin formalaşmasında da həmin hədəflər əsas meyər kimi götürülür.
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisi Hesablama Palatası ilə birgə fəaliyyəti çərçivəsində DİM məqsədlərinin icrasına diqqət yetirir. 2023-cü ildə DİM-lərin dövlət büdcəsi sənədində ilk dəfə Hesablama Palatasının rəyində nəzərə alınması mühüm mərhələ hesab olunur. 2024-cü ildən isə başlayaraq DİM-lər üzrə islahatların təmin edilməsi məqsədilə icra olunan tədbirlər kontekstində Orta Müddətli Xərclər Çərçivəsinin (OMXÇ) hazırlanması həyata keçirilir.
Cari il ərzində isə ilk dəfə büdcə xərclərinin DİM-lər üzrə işarələnməsinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm institusional islahatlar həyata keçirilmişdir. Hazırda təhsil, səhiyyə, sosial müdafiə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və digər zəruri sektorlar üzrə nəzərdə tutulan xərclərin 14 milyard manatdan çox hissəsi birbaşa müvafiq DİM hədəfləri ilə əlaqələndirilmişdir (DİM 1 “Yoxsulluğa son”, DİM 2 “Aclığa son”, DİM 3 “Yaxşı səhiyyə və rifah”, DİM 4 “Keyfiyyətli təhsil”, DİM 6 “Təmiz su və sanitariya”, DİM 8 “Layiqli əmək və iqtisadi artım”, DİM 10 “Bərabərsizliyin azaldılması”, DİM 11 “Dayanıqlı şəhərlər və icmalar”, DİM 12 “Məsuliyyətli istehlak və istehsal”, DİM 13 “İqlim dəyişikliyinə qarşı mübarizə”, DİM 14 “Dəniz ekosisteminin mühafizəsi”, DİM 15 “Torpaq ekosisteminin mühafizəsi”, DİM 16 “Sülh, ədalət və səmərəli institutlar”).
2027-ci ildən etibarən bu mexanizmin təkmilləşdirilərək həm birbaşa, həm də dolayı təsirlərin nəzərə alınması ilə tətbiq edilməsi büdcə resurslarının səmərəliliyini artırmağa, eləcə də vəsaitlərin dayanıqlı inkişaf prioritetlərinə nə dərəcədə töhfə verdiyini sistemli şəkildə izləməyə imkan verir. Xüsusilə "Kənd təsərrüfatı" və "Ətraf mühitin mühafizəsi" sektorları üzrə iqlim dəyişikliyi ilə mübarizəyə yönəldilən vəsaitlərin miqyası ölkəmizin yaşıl iqtisadiyyat və ekoloji təhlükəsizlik siyasətinə sadiqliyini bir daha təsdiq edir.
Bununla yanaşı, təqdim olunan büdcə zərfində işğaldan azad edilmiş torpaqlarımızda – Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və quruculuq işləri növbəti ildə də dövlət maliyyə siyasətinin mütləq prioritetlərindən biri olaraq qalır. Bölgənin iqtisadi dövriyyəyə daxil edilməsi, müasir infrastrukturun yaradılması və "Böyük Qayıdış" Dövlət Proqramının uğurla icrası üçün zəruri maliyyə vəsaitlərinin mərkəzləşdirilmiş qaydada ayrılması ölkəmizin iqtisadi suverenliyinin daha da möhkəmlənməsinə xidmət edir.
Beləliklə, 2027-ci ilin dövlət büdcəsi layihəsində Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinin dərinləşdirilməsi və iqtisadi prioritetlərlə uzlaşdırılması "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in və müvafiq Dövlət Proqramlarının icrasını əhəmiyyətli dərəcədə sürətləndirir. Aparılan bu məqsədyönlü islahatlar, şəffaf idarəetmə mexanizmləri və strateji layihələr gələcək illərdə BMT-nin müvafiq hesabatlarında Azərbaycanın DİM indeksinin daha da yüksələcəyini, ölkəmizin qlobal davamlı inkişaf xəritəsində mövqeyinin daha da möhkəmlənəcəyini əminliklə deməyə əsas verir.
Məzahir Əfəndiyev,
Milli Məclisin deputatı