27 noyabr 2026 09:42
210

Elçin Əmirbəyov Kanadada rəsmi görüşlər keçirib - FOTO

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kanadaya işgüzar səfəri çərçivəsində adıçəkilən ölkənin Senatının spikeri Reymond Qanye, baş nazirin diplomatik və beynəlxalq məsələlər üzrə baş müşaviri Devid Morrison, xarici işlər nazirinin müavini Arun Tanqarac, beynəlxalq ticarət nazirinin parlament katibi Yasir Naqvi, İcmalar Palatasının Xarici Əlaqələr və Beynəlxalq İnkişaf üzrə Daimi Komitəsinin sədri, eləcə də Kanada parlamentində Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun sədri Əhməd Hüseyn və qrupun digər üzvləri ilə görüşlər keçirib.

“İki sahil” xəbər verir ki, görüşlər zamanı Azərbaycan ilə Kanada arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun və iqtisadi əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanları, eləcə də regional və beynəlxalq gündəmin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu xüsusda, 2025-ci ildə iki ölkənin xarici işlər nazirlikləri arasında keçirilmiş ilk siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb və növbəti məsləhətləşmələrin yaxın vaxtlarda keçirilməsi istiqamətində müvafiq hazırlıq işlərinə başlanılması barədə razılıq əldə olunub. Həmçinin ikitərəfli siyasi dialoqun intensivləşdirilməsi və yüksəksəviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün zəruri zəminin yaradılması məqsədilə konkret müddətləri və müvafiq tədbirləri əhatə edən yol xəritəsinin hazırlanmasının vacibliyi qeyd edilib.

İqtisadi əməkdaşlıq məsələlərinə toxunularaq, Kanada şirkətlərinin Azərbaycanda enerji, o cümlədən bərpaolunan enerji, nəqliyyat və logistika, təhlükəsizlik, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrində fəaliyyətinin genişləndirilməsi, eləcə də qarşılıqlı investisiyaların təşviqi üçün mövcud imkanlar diqqətə çatdırılıb.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi müzakirələrin əsas mövzularından birini təşkil edib. Bu xüsusda, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş Zirvə görüşündə əldə olunmuş tarixi nəticələr, həmin görüşdən sonra sülh gündəliyinin irəli aparılması istiqamətində atılmış addımlar, eləcə də davamlı və dayanıqlı sülhün təmin olunması üçün hələ də həllini gözləyən məsələlər barədə Kanada tərəfinə ətraflı məlumat verilib.

Bununla yanaşı, Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional bağlantı layihələri, o cümlədən Zəngəzur dəhlizinin strateji əhəmiyyəti diqqət mərkəzində olub. Bu təşəbbüslərin regional iqtisadi əməkdaşlığın genişləndirilməsinə, sülh prosesinin möhkəmləndirilməsinə və beynəlxalq ticarətin inkişafına verə biləcəyi töhfələr vurğulanıb. Bu kontekstdə Kanada şirkətləri üçün regionda yaranan yeni iqtisadi və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Elçin Əmirbəyov Ottavada fəaliyyət göstərən nüfuzlu beyin mərkəzlərindən biri olan Makdonald-Lorye İnstitutunda təşkil edilmiş dəyirmi masada iştirak edib. Tədbir zamanı Azərbaycan-Kanada münasibətlərinin inkişaf perspektivləri, Cənubi Qafqaz regionunda mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, regional bağlantı layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Elçin Əmirbəyov, həmçinin Kanadada fəaliyyət göstərən "Allies for a Strong Canada" təşkilatının ev sahibliyi etdiyi şam yeməyində iştirak edib. Tədbirdə çıxış edən Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolu, ölkəmizin multikulturalizm və dini tolerantlıq ənənələri, müxtəlif etnik və dini icmaların əsrlər boyu sülh, qarşılıqlı hörmət və anlaşma şəraitində birgəyaşayışı barədə danışıb. O, Azərbaycanın regional sülh və əməkdaşlıq gündəliyini, eləcə də Azərbaycan-Kanada münasibətlərinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.