29 noyabr 2026 01:44
144

Talas 2028-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilib

Qırğızıstanın Talas şəhəri 2028-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilib.

“İki sahil” “Kabar” agentliyinə istinadla xəbər verir ki, həmin ilin Türk dünyasında Çingiz Aytmatov ili elan edilməsi barədə də qərar qəbul olunub.

Türk Mədəniyyəti Beynəlxalq Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raevin bildirdiyinə görə, müvafiq qərarlar Özbəkistanın Əndican şəhərində keçirilən təşkilatın Daimi Şurasının 43-cü iclasında qəbul edilib.

2028-ci ildə görkəmli qırğız yazıçısı, əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmiş Çingiz Aytmatovun anadan olmasının 100 illiyi tamam olacaq.

Qeyd edək ki, TÜRKSOY-un Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan nümayəndələrinin iştirakı ilə keçirilən Yüksək Vəzifəli Şəxslər Komitəsinin 8-ci iclasında mədəni və humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.