29 noyabr 2026 02:02
113

Danimarkanın Baş nazirinin miqrasiya ilə bağlı açıqlamaları Avropa Parlamentində fikir ayrılığına səbəb olub

Danimarkanın Baş naziri Mette Frederiksenin “əhalinin əvəzlənməsi” ilə bağlı açıqlamaları və miqrasiya siyasətinin sərtləşdirilməsinə yönələn səyləri Avropa sosial-demokratlarının kəskin tənqidinə səbəb olub.

“İki sahil” xəbər verir ki, Avropa Parlamentində “Sosialistlər və Demokratların Mütərəqqi Alyansı” fraksiyası (S&D) yaxın vaxtlarda danimarkalı sosial-demokratların mövqeyi ilə bağlı daxili məsləhətləşmələr keçirməyi planlaşdırır. Bəzi deputatlar, hətta onların fraksiyadan çıxarılması məsələsini də qaldırıblar.

Fikir ayrılığına səbəb Mette Frederiksenin Danimarkanın “B.T.” nəşrinə verdiyi müsahibə olub. O, müsahibəsində əhalinin kütləvi şəkildə dəyişdirilməsinə qarşı çıxıb və cəmiyyətdə üstünlük təşkil edən mədəniyyətin qorunmasının vacibliyini vurğulayıb. “Əhalinin əvəzlənməsi” ifadəsi çox vaxt ifrat sağçı hərəkatlarla və sui-qəsd nəzəriyyələrinin tərəfdarları ilə əlaqələndirilir.

Frederiksen özü isə ittihamları rədd edərək, onu ifrat sağçı ekstremistlərlə, sui-qəsd nəzəriyyələrinin tərəfdarları ilə və faşist hərəkatlarla eyni sıraya qoymaq cəhdlərini qətiyyən qəbul etmədiyini bildirib.

Danimarka, Almaniya, Avstriya, Yunanıstan və Niderlandın Avropa İttifaqından kənarda miqrantların yerləşdirilmə mərkəzlərinin yaradılması təşəbbüsü də fikir ayrılıqlarını daha da artırıb. Plana əsasən, sığınacaq verilməsinə imtina gələn şəxslər 2027-ci ildə açılması nəzərdə tutulan Ruandadakı xüsusi mərkəzə göndəriləcəklər.

S&D fraksiyasının sədri İraçe Qarsiya bildirib ki, fraksiya üzvlərinin əksəriyyəti bu cür mərkəzlərin yaradılmasının əleyhinədir. İsveç sosial-demokratları isə mövcud fikir ayrılıqlarına baxmayaraq, miqrasiya siyasəti sahəsində Avropa ölkələrinin birgə qərarlar qəbul etməsinin vacibliyini vurğulayıblar.