29 noyabr 2026 13:14
78

Pakistan Səudiyyə Ərəbistanına hərbçi göndərib

Pakistan Yaxın Şərqdəki eskalasiya fonunda Səudiyyə Ərəbistanına hərbçilərini göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, hərbçilərin yolasalma mərasimində ölkənin müdafiə naziri Məhəmməd Asif, eləcə də Səudiyyə Ərəbistanının Pakistandakı səfiri Raceh Tami Əlbuqami, Pakistan ordusunun Baş qərargah rəisi general-leytenant Ömər Əhməd Buxari və Lahor korpusunun komandanı general-leytenant Məhəmməd Ömər Bəşir iştirak ediblər.

Pakistan hakimiyyəti bildirib ki, qoşunların yerləşdirilməsi ölkənin Səudiyyə Ərəbistanının təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsinə sadiqliyinin göstəricisidir. Hərbi qulluqçular krallığın ərazisində qarşıya qoyulan tapşırıqları razılaşdırılmış öhdəliklər və müdafiə sahəsində əməkdaşlıq haqqında qüvvədə olan saziş çərçivəsində yerinə yetirəcəklər.

Qeyd olunub ki, missiya yaranan təhlükəsizlik təhdidləri fonunda Səudiyyə Ərəbistanının müdafiə imkanlarının gücləndirilməsinə yönəlib.

Xatırladaq ki, avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, iştirakçılardan birinə hücum hər üç ölkəyə hücum kimi qiymətləndiriləcək. İstefada olan Pakistan ordusunun general-leytenantı Numan Mahmud üç il müddətinə təşkilatın ilk baş katibi təyin edilib.

Oktyabrın əvvəlində tərəflər Pakistan və Türkiyənin hərbi qüvvələrinin yalnız müdafiə məqsədilə Səudiyyə Ərəbistanında yerləşdirilməsi imkanı barədə razılığa gəliblər.