NATO nümayəndələri Rusiya ilə mümkün hərbi münaqişə zamanı komanda məntəqələrinin, şəxsi heyətin və sursat anbarlarının yeraltına köçürülməsi imkanını nəzərdən keçirirlər.
“İki sahil” "Newsweek"ə istinadən xəbər verir ki, alyans pilotsuz uçuş aparatlarından geniş istifadə, peyk müşahidəsi və hipersəs silahlarının tətbiqi ehtimalı fonunda şəxsi heyətin, komanda məntəqələrinin, səhra hospitallarının və sursat anbarlarının yeraltında yerləşdirilməsi yollarını axtarır.
NATO-nun planlarına əsasən, bu məqsədlə tərk edilmiş mədənlərin yenidən qurulması, eləcə də yeraltı avtomobil dayanacaqlarının uyğunlaşdırılması nəzərdə tutula bilər.
Bununla yanaşı, NATO-nun Böyük Britaniyanın komandanlığı altında fəaliyyət göstərən Çevik Reaksiya Korpusunun mühəndis məsələləri və mülki-hərbi əməkdaşlıq üzrə qərargah rəisinin köməkçisi, polkovnik Dryu Kreyq tunellərin və qapalı məkanların termobarik silahlar qarşısında müdafiəsiz olduğunu bildirib.
O xəbərdarlıq edib ki, tikililərin layihələndirilməsinə lazımi diqqət yetirilmədiyi təqdirdə bu cür silahların tətbiqi yeraltı obyektləri ölümcül tələyə çevirə bilər.