28 fevral 2017 16:36
2084

Komandirini döyüş meydanından çıxaranda şəhid olan əsgərin dəfni

Rövnəq Abdullayev şəhidimizin vida mərasimində iştirak edib

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbçimiz Cəfərov Zakir Nazim oğlu bu gün son mənzilə yola salınıb.

“İki sahil” xəbər verir ki, əslən Ağdam rayonundan olan şəhid Nizami rayonu, Keşlə kənd qəbiristanlığında yaylım atəşləri altında torpağa tapşırılıb.

Vida mərasimində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, SOCAR-ın prezidenti, Milli Məclsin deputatı Rövnəq Abdullayev, SOCAR-ın vitse prezidenti Bədəl Bədəlov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclsin deputatı Sədaqət vəliyeva, ictimaiyyət nümayəndələri, gənclər və şəhidin ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, Cəfərov Zakir Nazim oğlu 1996-cı il mayın 3-də Bakıda anadan olub. 2011-ci ildə Bakı şəhəri R.Orucova adına 109 N-li məktəbdə orta təhsilini başa vurub və həmin ildə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin “Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri” ixtisasına qəbul olub. Kolleci müvəffəqiyyətlə başa vuran Zakir Cəfərov hərbi xidmətə yollanıb. İgid əsgər yaralı komandirini çiyninə alıb döyüş meydanından çıxarmaq istərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. 

İntizarə Məmmədova